Bakı 2015-in sonuncu Alov Festivalı Qubada keçirildi -

Bakı 2015-in sonuncu Alov Festivalı Qubada keçirildi

Bakı 2015-in alovu bu gün, iyunun 1-də yenidən Qafqazın valehedici dağlar qoynuna, bu dəfə Azərbaycanın şimal bölgəsinə səyahətə başladı.

Məşəl karvanı əvvəlcə Azərbaycanın "Şimal qapısı" adlandırılan Qusarda oldu. Ərazisi 1542 km2, əhalisinin sayı 90 mindən artıq olan Qusar relyefinə görə ovalıq, dağətəyi və dağlıq hissələrə bölünür və buna görə də dağ turizmi üçün münbit şəraiti var. Ölkənin ən hündür nöqtələri olan Bazardüzü (4466 m) və Şahdağ (4242 m) zirvələri bu rayonun ərazisində yerləşir.

Qusarda 2,68 km-lik məşəl estafetini kikboksinq üzrə Avropa və Asiya çempionu Elşən Şükürov Səfixanov və Mirzə Vəliyev küçələrinin kəsişməsində yerləşən meydanda Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə önündə başlandı. Mirzə Vəliyev küçəsi ilə davam edən estafet Babaxan Ağasıoğlu, Nurəddin Şərifov, General Mahmud Əbilov, Fəxrəddin Musayev küçələrindən keçdi. Estafetdə İlqar İsrafilov, Sədaqət Ağabəyova, Elvira Cəbrayılova, Əzimə İsrafilova, Beyrək Bağırov, Fərid Qurbanov, Zaur Bədəlov, Zeynal Əsgərov iştirak etdilər. Yürüşün son iştirakçısı taekvondo üzrə Azərbaycan çempionu, ikinci dan qara kəmər sahibi Vasif Qurbanov General Əbilov meydanında qurulmuş səhnə qarşısına gəldi və səhnəyə qalxaraq çırağı alovlandırdı. 11-ci sinif şagirdi Lalə Ağadadaşova Bakı 2015-in şəhərə hədiyyəsi olan çırağı şəhər ictimaiyyətinə təqdim etdi.

Məşəl estafetinin iştirakçısı, taekvondo üzrə məşqçi-müəllim Vasif Qurbanov Avropa Oyunları və Alovun səyahəti ilə bağlı fikirlərin paylaşdı: “Avropa Oyunları və bu kimi mötəbər tədbirlər, ilk növbədə, ölkəmizi dünyada tanıtmağa xidmət edir. Biz də fəxrlə üzərimizə düşən vəzifənin öhdəsindən gəlməyə çalışırıq. Bu estafetdə iştirak etmək mənim üçün, sadəcə, bir qürur hissi deyil, həm də böyük məsuliyyətdir. Oyunlar zamanı taekvondoçularımıza azarkeşlik edəcəyəm. Milli komandada həmyerlim Fəridə Əzizova da çıxış edəcək. Ümumiyyətlə, bütün idmançılarımıza uğurlar arzulayıram. Qoy bayrağımız, himnimiz daim ucalsın”.

Sonra Bakı 2015 alovu dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşən və təbiəti ilə valeh edən Qubaya gətirildi. Qəçrəş, Vəlvələçayın gur suları, “Azərbaycan təbiətinin abidələri” siyahısına daxil edilmiş Afurca şəlaləsinin olduğu Təngəaltı dərəsi ilə məşhur olan Qubada dəniz səviyyəsindən 2500 metr yüksəklikdə unikal dağ kəndi Xınalıq yerləşir. Quba dünya yəhudilərinin ən böyük icmalarından birinin yaşadığı Qırmızı Qəsəbə ilə də məşhurdur.

Quba təkcə idman nailiyyətləri olan bölgəmiz deyil, həm də mötəbər beynəlxalq yarışların ev sahibidir. Dünya Boks Seriyasının yarışları, voleybol üzrə qitə miqyaslı və başqa turnirlərə artıq qolf yarışları da əlavə olunub. Qubada ölkənin beynəlxalq standartlara uyğun ilk qolf meydanı var. Həm ənənələrin göstəricisi kimi xalçaçılığı və həm də idmanın, eləcə də Qubanın bugünkü və sabahkı simasının yeni cizgisi kimi qolf meydançası Bakı 2015-in məşəl komandasının foto-video obyektivlərinin hədəfi oldu. Bu yerlərdə keçirilən mənalı vaxt daha sonra estafetlə davam etdi.

3,47 km məsafədə davam edən yürüş Heydər Əliyev prospektində keçirildi. Ümummilli liderin adını daşıyan parkın mərkəzi girişində güləş üzrə dünya çempionu, Əməkdar idman ustası Musa Mirzəyevin yürüşü ilə start götürən estafetdə dağ velosipedçisi Murad Sultanov, UNICEF-in namizədliyini irəli sürdüyü, 19 və 21 yaşadək qızlardan ibarət milli komandaların futbolçusu, 17 yaşlı Aysun Əliyeva, Bakı 2015-in ulduz elçisi Miri Yusif, atçılığın konkur proqramı üzrə çapar Camal Rəhimov, həmçinin Səbuhi Vahidi, Tural Vəlibəyov, Səfa Ruzmanov, Nəzərşah Fətullayev, Rövşən Cavadov, Ülkər Yusifova, Turan Qafarov, Famil Mikayilov və Telman Məhərrəmov iştirak etdilər. Son iştirakçı kikboksinq üzrə Avropa çempionu və Əməkdar məşqçi Telman Məhərrəmov digər həmkarlarının müşayiəti ilə şəhər parkı yaxınlığındakı meydanda qurulmuş səhnə önünə gəldi. Burada təşkil olunmuş Alov festivalına toplaşmış rayon sakinlərinin gurultulu alqışları ilə kürsüyə qalxaraq çırağı alovlandırdı. 9-cu sinif sagirdi Tavatxanım Seyidova Bakı 2015-in şəhərə hədiyyəsi olan çırağı rayon ictimaiyyətinə təqdim etdi.

Məşəl estafetin iştirakçısı olmuş çaparımız, Pekin-2008 və London-2012 yay olimpiya oyunlarının iştirakçısı Camal Rəhimov təəssüratlarını bölüşdü: “Çox şadam ki, məşəlçi olmaq etimadı mənə də göstərildi. Avropa Oyunları ölkəmiz üçün əhəmiyyətli, çox vacib bir tarixi tədbirdir. Çünki Avropa qitəsində ilk Oyunlar bizim ölkəmizdə təşkil ediləcək və bu hadisənin özü qürur hissi oyadır. Bir azərbaycanlı kimi bununla, bu tarixi yazmağımızla fəxr edirəm. İnanıram ki, istər ölkəmizi sevən olsun, istər sevməyən, artıq bizim nəyə qadir olduğumuzu çox yaxşı bilir, anlayırlar. Təbii ki, bu uğurlar prezidentimiz İlham Əliyevin idmana dəstəyi və qayğısının daha bir nümunəsidir. Mən Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Bakı 2015 təşkilat komitəsinin bu yarışları ən yüksək səviyyədə keçirərək, həm də gələcək Oyunlar üçün bir standart müəyyən edəcəyinə inanıram”.

Bütün məşəlçilər səhnədə bir daha alqışlandı. Atəşgah məbədində Azərbaycan Prezidenti İlham Əliyevin ilk məşəli alovlandırması mərasimini və Bakı 2015-ə hazırlıq prosesini əks etdirən videoçarxlar göstərildi. Səmaya şarlar və göyərçinlər buraxıldıqdan sonra, mərasim məşhur “Alov rəqsi” ilə davam etdi. Musiqinin həyəcanverici major notları ilə eyni anda səmaya açılan fişənglər, festivalın kulminasiya məqamı kimi, səhnə qarşısına toplaşmış yerli sakinlərin və qonaqların alqışları ilə müşayiət olundu.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Beləliklə, Bakı 2015-in sonuncu Alov festivalı keçirilən məşəl estafati sabah, iyunun 2-də Xəzər dənizi sahilləri boyunca yerləşən Xaçmaz və Şabranda qarşılanma mərasimləri ilə yoluna davam edəcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !