Bəxtiyar SADIQOV: - Yolunu azmış peşə

Bəxtiyar SADIQOV: Yolunu azmış peşə

Yaxud ekranın qabarı, kağızın xəcaləti



Tez xəbər tutmaq istəyi



İnsanlar həmişə öz ətraflarında, yaşadıqları ərazidə və ölkədə, bütövlükdə isə dünyada baş verən hadisələrdən xəbər tutmaq istəyiblər. Belə xəbərlər həm də onlarda sonrakı addımlarını müəyyənləşdirməkdə, işlərini uğurlu qurmaqda, özlərini və mülkiyyətlərini qorumaqda və s. kömək edib, ən nəhayət, maraqlarını təmin edib.

Adətən xəbərlər ağızdan-ağıza, çaparlar vasitəsilə, poçt, teleqraf, telefon rabitəsi ilə yayılıb, qəzet səhifələrində oxuculara çatdırılıb.
Texnika inkişaf edib zaman dəyişdikcə xəbəri toplamaq və yaymaq üsulları da dəyişib, yeniləşib, təkmilləşib, sürətini daha da yüksəldib.
Təsviri əldə etmək və məsafəyə ötürmək kəşf edildikdən sonra xəbərlərin inandırıcılığı, yayım arealı və çatdırılma müddəti son dərəcə artıb.
Peyk rabitəsinin və internetin (təkcə televiziyanın yox) meydana gəlməsi ilə sanki dünya “kiçilib”. Yer kürəsinin hansı nöqtəsində yerləşməsindən asılı olmayaraq, hadisə baş verən andan sonra dəqiqələr ərzində planetimizdə yaşayan insanların hamısına çatdırıla bilir.
Bu, məsələnin texniki tərəfidir.
Amma digər cəhətləri də var. Onlar isə peşənin əsas tələb və prinsipləri ilə bağlıdır.



İnkişafın çətin yolu



Dünyada saysız-hesabsız peşə mövcuddur.
Onların sırasında yeniləri də var, əsrlər boyu yol gələnləri də!
Köhnə peşələrin yeni nəfəs almasını da, dəfələrlə büdrəyənini, yıxılıb-duranını da görmüşük!
Bütün bunlar müxtəlif dövrlərdə və müxtəlif səbəblərdən baş verib.
İnsan ayaqqabı və paltar tikməyi də, ən mürəkkəb mexanizmi sazlayıb təmir etməyi də özünə peşə seçə bilir.
Peşəni insanlar yaradır.
Peşəni insanlar daşıyır.
Peşəni insanlar yaşadır.
Hətta peşəni ucaltmaq, yaxud hörmətini azaltmaq da mümkündür!
Ən geniş yayılmış intellektual peşələrdən biri də jurnalistlikdir.
Jurnalist “gündəlikçi”, gündəlik xəbərləri yazan deməkdir.
İnsanların fərdi marağını təmin etməkdən yaranan bu peşə tezliklə ictimai mahiyyət daşımağa başlayıb. Hətta gücü və təsir qüvvəsi o qədər artıb çoxalıb ki, hakimiyyət bu peşənin məhsullarını (vərəq, qəzet və kitabları) nəzarətdə saxlamağa, idarə etməyə, özünə xidmət etdirməyə çalışıb. Beləliklə, dövlətin ictimai sözə nəzarət mexanizmi sayılan senzura meydana gəlib.
Keçdiyi uzun inkişaf dövründə jurnalistika dövrün, zamanın və hakimiyyətin tələblərinə uyğun olaraq bir sıra dəyişikliklərə uğrayıb.
Bu dəyişikliklər hansı məqamları əhatə edib:
Dəfələrlə hədəfi dəyişib!
Bir sıra prinsipləri dəyişib!
Məsələyə yanaşma və baxış nöqtəsi dəyişib!
Bu gün isə az qala yolunu azmış peşəyə çevrilib.
Niyə, səbəb nədir?!


Həqiqi azadlıq alan (verilən) söz



Söz insanın fikir və düşüncəsinin başqasına çatdırılması (şifahi, yaxud yazılı) vasitəsidir.
Söz üslub və ifadə formasından asılı olaraq insanlara güclü təsir göstərir, hətta onların əqidə və inamlarını dəyişdirə bilir!
Sözün bu gücünü və qüdrətini (maddi olmasa belə) lap qədimlərdən biliblər, daim onunla ehtiyatlı davranmağa, yaxud imkanlarından öz məqsədlərini gerçəkləşdirmək üçün səmərəli istifadə etməyə çalışıblar.
Sözün tirajlanması (kitab, ya da qəzet şəklində) kəşf olunduğu ilk günlərdən hakim zümrə onu “idarə etməyə”, yaxud nəzarətdə saxlamağa can atıb.
Uzun əsrlər boyu insanlar sözün azadlığı uğrunda mübarizə aparsalar da, buna nail ola bilməyiblər.
Yalnız demokratik cəmiyyətlər yarandıqdan sonra həqiqi söz və mətbuat azadlığı təmin edilib.
Azərbaycan çar Rusiyasının tərkibində olduğu illərdə xalqımıza ana dilində qəzet açmağa belə icazə vermirdilər. Həsən bəy Zərdabinin böyük fədakarlığı və inadkarlığı, ağır zəhmətə qatlaşması və ağıllı addımları olmasaydı, yəqin ki, mətbuat tariximiz belə qədim olmazdı.
Çox çətinlikləri dəf etdikdən sonra ana dilində qəzet buraxmağa icazə alan Həsən bəy Zərdabi fəaliyyəti dövründə senzura nəzarətindən də çox əziyyət çəkmişdir. Əslində “Əkinçi”nin özündən qabaq Bakının ozamankı general-qubernatorı Staroselskinin timsalında senzoru müəyyənləşmiş, bundan sonra nəşrinə icazə verilmişdir.
Dövr, zaman, ictimai-iqtisadi informasiyalar dəyişsə də, vəziyyət dəyişməyib! Söz daim hakimiyyətin nəzarətində olub, ona xidmət edib. Azərbaycan ötən əsrin əvvəllərində müstəqilliyini elan edərək bazar iqtisadiyyatı münasibətlərinə keçdiyini bildirsə də, həmin dövrün iqtidarlarından heç biri mətbuatı senzura nəzarətindən qurtarmadı. Yalnız xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev dövrünə görə çox cəsarətli addım atmaqla 6 avqust 1998-ci ildə imzaladığı fərmanla Azərbaycan mətbuatını düz 123 ildən sonra senzuranın buxovlarından azad etdi!
Bundan sonra Mətbuat və İnformasiya Nazirliyi də ləğv edilərək KİV-lər dövlət nəzarətindən tamamilə çıxarıldı.
O vaxtdan bugünədək dövlətin əlində mətbuata nəzarət etmək, öz iradəsini KİV-lərə qəbul etdirmək üçün heç bir vasitə, təzyiq mexanizmi yoxdur! Çap və elektron media tam sərbəst və azad şəkildə fəaliyyət göstərir, nədən necə istəyirsə, eləcə də yazır!

Mətbuata verilən bu azadlıq dövlət tərəfindən onun qarşısına hər hansı bir vəzifənin qoyulmasını da istisna edir. Dövlət, iqtidar nəyisə arzulaya bilər, amma mətbuata göstəriş vermək daha mümkün deyil!
Lakin bu o demək deyil ki, KİV-lər xaotik fəaliyyət göstərir, hansısa bir vəzifənin icrasından azaddırlar. Əvvəla, KİV haqqında (o cümlədən televiziya haqqında) qanun və Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları bu sahədəki fəaliyyəti tənzimləyən əsas hüquqi sənədlərdir. İkincisi, hər bir jurnalist və mətbu orqan milli mətbuatın ənənələrini, xalqın və dövlətin maraqlarını qorumağa, nəzərə almağa borcludur! Söhbət konkret mətbu orqan qarşısına qoyulan vəzifələrdən getmir! Demokratik cəmiyyətdə bu vəzifəni və istiqaməti qəzetin öz rəhbərliyi müəyyən edir. Ümumiliyə gəldikdə isə, hər bir qəzet informasiya toplayıb yaymağa, maarifləndirmə və əyləndirmə funksiyasını yerinə yetirməyə, bütövlükdə oxucu marağını təmin etməklə tirajını artırmağa (daha çox pul qazanmağa) çalışır. Unutmayaq ki, qəzetçilik həm də biznes fəaliyyəti sayılır.
Amma o da unudulmamalıdır ki, mənəvi dəyərlər və milli maraqlar heç zaman biznes maraqlarına qurban verilməli deyil!



“Həlimaşı” qazanı



Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının birinci maddəsi (həm də mühüm prinsiplərindən biri) belədir: “Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır”.
Elə buradaca Üzeyir bəy Hacıbəylinin məşhur bir fikrini də xatırlatmaq istərdik: “Qəzet həlimaşı qazanı deyil ki, əlinə gələni içinə doldurasan”.
Diqqət yetirsək, burada bir neçə vacib məqamı görərik:
* Jurnalist həqiqəti deməli və yaymalıdır;
* Obyektiv və qərəzsiz olmalıdır;
* Peşəkarlığa yiyələnməlidir;
* Eyni zamanda, hər xəbər, hər mövzu, hər məsələ qəzet səhifəsinə (televiziya ekranına) çıxarıla bilməz!

Bunlara əməl edilməyəndə isə...



Qaz yerişi yerimək istəyənlər



Bu gün Azərbaycan tamaşaçısı özəl televiziya kanallarının əkizlər və üçəmlər kimi bir-birinə bənzər, şit və bayağı əyləndirici, heç bir maarifləndirməsi və mənəvi dəyəri olmayan, tamaşaçının səviyyəsini yüksəldib yaxşı zövq tərbiyə etmək əvəzinə özü “vağzal çayxanası” və “mətbəx arvadları” səviyyəsinə enən mənasız verilişlərindən bezib.
Nə qədər “şou” (şor) proqramı olar?
Nə qədər eyni simalar bütün kanallarda ortalıqdan çıxmaz?
Nə qədər savadı və səviyyəsi olmayan “sənətkarlar” mənasız məsələlərin müzakirəsinə münsiflik edər?
Nə qədər eyni söz, fikir, ifadə səslənər?
Nə qədər yalançı qalmaqal və süni sensasiya yaradılar?
Eyni sifət görüb, eyni söz eşidib, eyni fonoqram dinləyib, eyni “yaradıcılıq nümunəsi” göstərməkdən televiziyalarımızın ekranları qabar olub!
İnsanlara şər və böhtan atılanda, sifarişli yazılar yazaraq haqq nahaqa veriləndə, mənəvi dəyərlər aşağılananda, milli maraqların nəzərə alınmadığı yazılar dərc ediləndə jurnalist özü olmasa da, yəqin ki, qəzetin kağızı xəcalət çəkir!

“Əkinçi” qəzeti ölkə daxilində və xaricində baş verən maraqlı (ictimai əhəmiyyət kəsb edən) xəbərləri oxucularına çatdırmağa, savadsızlığın ləğvinə və insanları elmi biliklərə yönəltməyə, maarifləndirmə yolu ilə kəndlinin daha yüksək məhsuldarlığa nail olmasına, ayrı-ayrı insanların millət, xalq yolunda gördüyü xeyirxah əməlləri təbliğ etməyə, mədəniyyətimizin, şeir və musiqimizin yaxşı nümunələrini göstərməklə yanaşı, əyintilərə qarşı mübarizə aparmağa çalışırdı.
Əslində bütün bunlar mətbuatımızın tarixdən keçib gedən ənənə və prinsipləri sayılır. Onların əsası əvvəlcə “Əkinçi”də qoyulub, sonra onun ətrafında formalaşan, habelə ardıcıllıqla yaranan demokratik mətbuatda inkişaf etdirilib, hətta sovet dönəmində belə qorunub saxlanmışdır.
Bu gün həmin prinsipləri unutmaq, yaxud əhəmiyyət verməmək olarmı?! Əlbəttə yox! Çünki keçmişinə və tarixi ənənəsinə söykənməyən, hər şeyi inkar yolunu tutan hər hansı bir sahə uğur qazana bilməz!
Hazırda Azərbaycan jurnalistlərinin böyük bir qismi (və onların rəhbərlik etdiyi qəzetlər) kompasını və istiqamətini itirərək dəryada qalan, hansı səmtə gedəcəyini kəsdirə bilməyən gəmi vəziyyətindədir. Milli və tarixi ənənəyə söykənməyən, “Avropa və ya demokratik prinsiplərə” yiyələndiklərini güman edərək qaz yerişi yerimək istəyənlər axsamağa başlayıblar!
Ən ağrılı məsələ jurnalist peşəkarlığının aşağı düşməsi, hətta tam itirilməsi təhlükəsi ilə üzbəüz qalmasıdır.
Səbəblər barədə bir qədər ətraflı danışaq.



İtirilən nüfuzun ağrı-acısı



Artıq sovet dövründə olduğu kimi, jurnalist peşəsi hörmətli və imtiyazlı sayılmır. Araşdırmalar göstərir ki, hazırda universitetlərin mövcud jurnalistika fakültələrində təhsil alanlar başqa ixtisasları hədəf seçərək bal çatışmazlığı üzündən bura təsadüfən düşənlərdir. Onlar təhsillərini başa vurduqdan sonra redaksiyalara getmir, başqa sahələrə üz tuturlar. Magistratura pilləsində oxumaq istəyənlərin kifayət qədər olmaması da dediklərimizə sübutdur.
İxtisaslı, istedadlı və jurnalist olmaq arzusu ilə yaşayanların (bu, xüsusilə vacibdir) redaksiyalarda qıtlığı və çatışmazlığı açıq-aydın hiss olunmaqdadır.
Müstəqillik illərində qəzet və sayt açmağın asanlığı, əyri yollarla dolanmağın mümkünlüyü digərlərinin bu sahəyə güclü axınını yaratmışdır.
Lakin gələnlərin əksəriyyətinin dərin savadı, ixtisas biliyi, ümumi mənafeyi fərdi maraqdan üstün tutmaq niyyəti olmadığından ölkədə yaradılan söz azadlığı mühiti faktiki olaraq jurnalist özbaşınalığına fərəc vermişdir!
Bu peşəni özləri üçün “çörək ağacı” seçənlər jurnalistikaya dair ən adi bilgilərə və peşə vərdişlərinə belə yiyələnməyə can atmırlar!

İrad tutulanda “jurnalistin istedadının olması kifayətdir” deyirlər. Hələ ki “istedadölçən” cihaz çıxmadığından ondan kimdə nə qədər olduğunu da müəyyən etmək mümkün deyil! İkincisi, seçdiyin sahənin heç olmasa əlifbasını, prinsip və qaydalarını bilməlisən. Üzeyir bəy Hacıbəylinin musiqi dühası heç kimdə zərrə qədər də şübhə doğurmur. Amma Üzeyir bəyin özü sonradan Sankt-Peterburq Konservatoriyasına gedərək ali musiqi təhsili almağa ehtiyac duydusa, söylənən arqumentin mənasızlığı görünür!



Qəsdən törədilən, hərdən isə naşılıqdan doğan səhvlər



Son dövrlərdə jurnalistikada yaranan ən xoşagəlməz məqam peşənin əsas hədəfindən yayınması, diqqəti ikinci dərəcəli, əhəmiyyətsiz məsələlərə yönəltməklə hər bir yazıda “sensasiya doğurmaq” cəhdinə üstünlük verməsidir. Jurnalistikanın qarşısında duran əsas vəzifə obyektiv, tərəfsiz, qərəzsiz, operativ informasiya toplamaq və onu peşəkarcasına oxucuya (tamaşaçıya) çatdırmaqdır. Amma böyük əksəriyyət “adi informasiya”nı olduğu kimi yaymaq istəmir. Ona “qeyri-adi”, “görünməmiş” don geydirməyə, “qışqıra-qışqıra” insanlara çatdırmağa çalışır. Əslində bunun özü ən böyük qeyri-peşəkarlıqdır. Çünki informasiya olduğu kimi verilməlidir. Ona şərh qoşmaq, böyür-başını bəzəmək olmaz! Oxucu obyektiv və dəqiq xəbəri eşitdikdən sonra onu necə qiymətləndirər, özü üçün necə “şərh” edər, - bu onun öz işidir.
* İctimai əhəmiyyət kəsb etməyən informasiyanı cəmiyyətə “vacib”, “əhəmiyyətli” xəbər kimi çatdırmaq cəhdi də həddindən artıq çoxdur. “Filankəs bəhmənkəs haqqında belə dedi” kimi qeybət xarakterli, süni qalmaqal yaratmağa xidmət edən “xəbərlər”in gündəmə gətirilməsi kiməsə şəxsi fayda versə də, özlüyündə qeyri-peşəkarlıq, qəzetlərin və efir məkanının çirkləndirilməsidir.
* Başqa bir təmənnalı cəhd də tez-tez müşahidə olunmaqdadır. Bu, hansısa hadisə, yaxud cinayət törətmiş insan barədə xəbər yayarkən onun tanınmış (başqa sözlə, “şəxsiyyəti ictimai əhəmiyyət kəsb edən”) insanla qohumluğunun dönə-dönə qabardılmasıdır. Hər kəs özünə cavabdehdir və heç kim yaxın qohumu (doğması) cinayət törətdiyi üçün (burada dövlət məmurlarının harın övladları nəzərdə tutulmur) cəzalandırılmalı, onunla bərabər cinayət məsuliyyəti daşımalı deyil! Jurnalistika da belə məqamda “təhrikedici” mövqedə dayanmamalıdır!
* Kriminal xəbərlərə meyillik, qəzetləri və efiri onlarla doldurmaq, insanlarda mənfi emosiya doğuracaq informasiyalara aludəlik göstərmək də son dövrün ən çox yayılmış “jurnalist xəstəlikləri”ndəndir. Belə xəbərlərdən “şok anonslar” vermək, “vay xəbərləri”ni həvəslə, həm də tez (başqasından qabaq) oxucu və tamaşaçıya çatdırmaq niyyəti, ekran vasitəsilə hər gün evlərə zorla “meyit soxmaq” həvəsi anlaşılmazdır. Hər gün ölümlə nəticələnən cinayətlər də olur, avtomobil qəzaları da baş verir... Dünyanın hər yerində, bütün dövrlərdə, hər bir cəmiyyətdə bu, nə qədər qəribə görünsə də, normal hal sayılır. Burada tez-tələsik, hay-küylü formada xəbər çatdırmağa ehtiyac yoxdur! Atalar demişkən: oldu ilə öldüyə əlac yoxdur! Əsl şərh, “profilaktik tədbir” naminə çəkindirmə “təbliğatı” məhz bu hadisələrlə bağlı aparılmalıdır. Kiminsə öldürülməsi ən əvvəl iki ailənin (qətlə yetirilənin və qatilin) faciəsidir. Yol hərəkəti qaydalarına əməl etməmək, maşını yüksək sürətlə sürmək bəzən doğma və dost insanların ölümü ilə nəticələnə bilir. Belə informasiyalar birləşdirilməli, ümumiləşdirilməli və törətdiyi ağır nəticələri qabardılmaqla “çəkindirmə informasiyası”, şərhi kimi verilməlidir.
* Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin II bəndində deyilir: “Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır”. Xatırladırıq ki, Konstitusiyanın bu maddəsi sonradan, referendum yolu ilə qəbul olunmuşdur. Deməli, bu məsələdə həm də cəmiyyətin sifarişi, həyatdan gələn tələb də öz rolunu oynayıb. Ancaq müasir jurnalistikada insanların iradəsinə zidd olaraq onların şəxsi həyatlarının müəyyən məsələlərinin “ictimai təhlil və müzakirəyə” çıxarılması adi hala çevrilib. Hər dəfə həmin insanın şəxsiyyətinin “ictimai əhəmiyyət” kəsb etməsini “sübuta yetirmək üçün” dəridən-qabıqdan çıxanlar belə “fakt”lardan da sensasiya düzəltməyə çalışırlar.
“Şou əhli”nin şəxsi həyatlarını özəl televiziya kanallarında “könüllü müzakirə mövzusuna” çevirmələri, bu tip “hadisələrdən” “verilişlər” düzəldilərək ekranın doldurulması, belə primitiv və mənəviyyatsız üsullarla gündəmə gələrək özlərinə yeni toy tutmaları həmin insanlara qarşı ikrah hissi doğurmaqla bərabər, telekanalı da hörmətdən (bəzən olmayan) salır.
* Jurnalistin peşənin tələb və prinsiplərindən uzaqlaşmasının ən bariz “nümunə”lərindən biri onun və işlədiyi mətbu orqanın (çap və ya elektron) sifarişli yazılar yazması, aldıqları muzdun müqabilində hətta uzunmüddətli kampaniya təşkil edərək (bu hal həm də “reket jurnalistika”nın ən mühüm əlamətlərindəndir) hər nömrədə bir neçə “yazı” verməklə mövzunu süni şəkildə gündəmdə saxlamağa can atmalarıdır. Aldıqları haqqın müqabilində süni “gündəm” yaradan, kimlərisə qərəzli şəkildə hədəfə çevirən, yalan və ya təhrif olunmuş informasiyaları cəmiyyətə sırımağa çalışan belə jurnalistlər (Qəzetçi Rzanın nəvələri) təkcə öz mənəviyyatsızlıqlarını göstərmirlər, həm də böyük ənənə və tarixi olan jurnalistikamıza da ləkə gətirirlər.
* Azərbaycan mətbuatını yaradanlar və bugünədək yaşadanlar bəzən özləri kasıb olub çətin yaşasalar da, təkcə qələmləri ilə yox, həm də mənəviyyatları, düzlükləri və təmizlikləri ilə tarixin yaddaşında qalıblar.
* İstiqamət dəyişikliyinin ən bariz nümunələrindən biri qəzet və saytların cinayətkar aləmə “ənənəvi” münasibəti dəyişmələridir. Bəzi jurnalistlər və mətbu orqanlar “oğru dünyası”ndan, məhbəs həyatından, habelə “kriminal avtoritetlər”dən elə ilhamla, həvəslə danışıb yazırlar ki, adam mat-məəttəl qalır! Bu ideallaşdırmanın, “romantik təsvirlərin” hədəfi kimlərdir - gənclər?! Elə isə biz onları hara, hansı həyata, necə əməllərə təşviq edirik? Jurnalist əlinə qələm almazdan əvvəl bu barədə də düşünməli deyilmi?!
* Hədəfdən yayınmanın ən ağrılı və məsuliyyətsiz məqamı jurnalist və KİV tərəfindən xalqın və dövlətin maraqlarına əhəmiyyət verilməməsidir! Hər bir jurnalist bu məsuliyyətli peşənin daşıyıcısından öncə vətəndaşdır, konkret xalqın və dövlətin nümayəndəsidir! Heç ola bilməz ki, sənin xalqına və dövlətinə pis olanda, özünə yaxşı olsun (satqınları və qrant xəyanətkarlarını nəzərdə tutmuruq). Milli maraqlar əleyhinə hansısa xarici saytda (arayıb-axtaranda belə sayt və “mənbə”lərin dünya erməniliyinə xidmət etdiyi bəlli olur) gedən informasiyanı mahiyyətinə varmadan “yenilik”, “tapıntı” kimi tez-tələsik Azərbaycan oxucusuna çatdırmağın mənası nədir? Ölkəmiz ilk Avropa Oyunlarını keçirməyə hazırlaşır. Antiazərbaycançı şəbəkə isə buna mane olmağa, Azərbaycanın beynəlxalq imicinə kölgə salmağa can atır. Artıq iki cəbhənin mövcudluğu aydındır. Jurnalist, mətbu orqan öz fəaliyyəti ilə düşmən tərəfdə durub onun çaldıqlarına züy tutursa, belələrini necə adlandırmaq olar?! Üzeyir bəy Hacıbəylinin “Bu dövlət də bizimdir, bu vətən də bizimdir, bu millət də bizimdir” kəlamını heç vaxt unutmaq olmaz!
Mətbuat və söz azadlığı nə qədər qiymətli olsa da, vətən və vətəndaşlıq prinsipləri ilə heç zaman ziddiyyət təşkil etməməlidir!
* Ağrılı məsələlərdən biri də jurnalist peşəkarlığı haqqında baxışlar sisteminin deformasiyaya uğramasıdır. Təbii ki, demokratik cəmiyyətdə, mətbuat və söz azadlığının mövcud olduğu şəraitdə müstəqil mətbuatla totalitar, senzuranın hakim olduğu zamanda çıxan qəzetlərin, mətbuatın və jurnalistikanın prinsiplərini eyniləşdirmək mümkün deyil! Amma bu kəskin və ciddi fərqin jurnalist peşəkarlığına elə də böyük təsiri yoxdur! Çünki peşəkarlıq sənətə xidmət edir, məhdudiyyətlər isə sözün azadlığına qoyulur.
* Hərdən düşünürsən: niyə “yaxşılar” unudulub, qəzetlər və telekanallar öz “əsərlərini” pislərin üzərində ərsəyə gətirirlər?
* Ekrandakı şou proqramlarında “çayxana dili” ilə “qeybət dili”nin ədəbi dilin yerini tutması, maarifləndirici veriliş və yazıların az qala yoxa çıxması, vətənpərvərlik və hərbi-vətənpərvərlik mövzusuna çox az yer ayrılması izahı çətin olan məsələdir!
* Bəzi jurnalistlərin hazırlıqsızlığı və səriştəsizliyi özləri və qəzetləri üçün xoşagəlməz vəziyyət yaradır. Müxbir müsahibədən öncə yazacağı mövzunu öyrənmir, zəruri məlumatları bilmir. Odur ki, naşı suallar verir, müsahibini danışdırmaqda çətinlik çəkir. Yaxud çox vacib bir tədbirdə iştirak edən jurnalist müzakirə olunan məsələnin məqsəd və mahiyyətdən kənara çıxaraq (bəlkə də anlamayaraq) hansısa çıxışçının söylədiyi “maraqlı” söz, ifadə üzərində diqqəti cəm etməklə məsələni başqa səmtə yönəldir. Beləliklə, tədbirin məna və mahiyyəti təhrif olunmur, sensasiya, əllaməçilik etmək şakəri baş verən hadisənin oxucuya və ya tamaşaçıya doğru-düzgün, dəqiq çatdırılmasına əngəl törədir.
* Biz daha jurnalist etikasını gözləməyən, həmsöhbətinə ədəbsiz, hətta tərbiyəsiz suallar verən televiziya aparıcılarını görəndə təəccüblənmirik! Qır-saqqız olaraq müsahibindən kiminsə haqqında ehtiyatsız söz, yaxud xoşagəlməz ifadə qopararaq sonradan onu qərəzli və məqsədyönlü şəkildə dövriyyəyə buraxanların sayı isə getdikcə artmaqdadır.
* Qeyri-peşəkarların hamıya “peşəkarlıq dərsi” keçməsi də günün dəbdə olan məsələlərindəndir. Tutaq ki, danışanın özündən xəbəri yoxdur, dediklərini doğru bilərək özünə valeh olub! Bəs qəzetin redaktoru, telekanalın rəhbəri bunu görmür? Görüb dinmirsə, deməli, razıdır və ya əməkdaşı ilə eyni səviyyəni bölüşür.
* Bəzi qəzetlər və saytlar Rəhim Qazıyev, Ələkrəm Hümbətov, Əkrəm Naibov kimilərinə, onların söylədiklərinə yer ayırmaqla həm olmayan hörmətlərini (özünə hörmət edənlər xəyanətkarlara və xalqa düşmən mövqe tutanlara öz səhifə və saytlarında yer ayırmazlar) itirir, həm də belələrinə olan nifrətin özlərinə yönəlməsinə səbəb olurlar.
Belə hesab edirik ki, indiki zamanda vətənin ən böyük vətənpərvəri və təəssübkeşi məhz jurnalistlər, əli qələmli ziyalılar olmalıdır!
Təbii ki, jurnalistikanın özünəməxsus problem və çətinlikləri var. İnternetin meydana gəlməsi qəzetləri çətin duruma salıb. Dünya miqyasında gedən proses - qəzetlərin tirajının aşağı düşməsi Azərbaycandan da yan keçməyib. Reklam bazarının yaranmaması və reklam qıtlığı da mətbuatın qazanmaq imkanlarını tükəndirib.
Azərbaycan iqtidarının KİV-ə Dövlət Dəstəyi Fondu vasitəsilə jurnalistlərə etdiyi yardımlar, onların təmirli mənzillərlə təmin edilməsi əsaslı kömək sayılsa da, bunlar qəzeti və kollektivi saxlamağa dayaq durur. İnkişafa nail olmaq üçün isə özün öz fəaliyyətinlə qazanmalısan!
Axı demokratik cəmiyyətdə qəzetçilik biznes fəaliyyəti sayılır! Buna görə də oxucu zövqünü oxşayan, müasir tələblərə cavab verən “məhsul” istehsal olunmalıdır.
Onu isə yalnız peşəkarlar, daim yaradıcılıq axtarışı aparanlar bacarar. İndi oxucunun gözünə kül üfürməklə hörmət qazanmaq mümkün deyil!


Bəxtiyar SADIQOV 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !