Rəfail Becanov: - Korrupsiya ilə mübarizə üçün dövlətin gücü və iradəsi vardır

Rəfail Becanov: “Korrupsiya ilə mübarizə üçün dövlətin gücü və iradəsi vardır”

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə korrupsiya əleyhinə “Korrupsiyasız gələcək:Vətəndaş fəallığının artırılması və antikorrupsiya tədbirlərinin təşkili” layihəsinin növbəti tədbiri Qubada keçirilib. “Korrupsiyasız gələcək: Şəffaf cəmiyyətin formalaşmasında vətəndaş fəallığı” mövzusunda keçirilən Forumda idarə və müəssisələrdən nümayəndələr, müəllimlər, həkimlər, media və QHT təmsilçiləri, bələdiyyə üzvləri, sosial şəbəkə aktivləri iştirak edib.
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov tədbir iştirakçılarına layihə haqqında geniş məlumat verib: “Korrupsiya ilə mübarizədə ictimai fəalliğın artırılmasını əsas vasitə hesab edirik. Dövlətin korrupsiya ilə mübarizəyə dair qanunvericilik bazası və konkret iradəsi vardır. Vətəndaş cəmiyyəti sektorunun, vətəndaşlarımızın, dövlət qurumlarının qarşısında duran əsas vəzifə dövlətin anti-korrupsiya siyasətinin həyata keçirilməsində iştirak etməkdir. Bir neçə gün öncə Bakı şəhərində baş verən faciəli hadisə bağlı yaradılan Dövlət Komissiyasının iclasında Prezident İlham Əliyev qanunsuz əməllərə qarşı mübarizədə konkret addımlar atılacağını, əməllərində qanunsuzluq olanların sərt şəkildə cəzalandırılacağını bildirdi. Dövlət başçısı eyni zamanda məmurların məsuliyyətli olması, iş adamlarının qanunlara riayət etməsinin vacibliyi, onların dövlət əmlakını talan etməsinin qarşısının qətiyyətlə alınacağı, bu adamların arxasında duran dövlət məmurlarının isə nəinki vəzifələrini itirəcəyi, həm də cəzalanacığı ilə ciddi mesajlar verdi. Bu mövqe korrupsiya və rüşvətlə bağlı mübarizədə çox təsirli addım olacaq” .
Layihə rəhbəri daha sonra “Facebook” sosial şəbəkəsində yaradılan “Açıq Hökumət” qrupunda vətəndaş fəallığının artırılması üçün görülən işlərdən danışıb. O, bildirib ki, bu vaxt ərzində korrupsiya əleyhinə 6 status, informasiya və müxtəlif karikaturalar qrupda yerləşdirilib. Paylaşılan məlumatlara yüzlərlə şərh verilib. Bu da göstərir ki, ictimai müqavimət var və dövlətin antikorrupsiya siyasətinə ictimai fəallığın daha da artırılması ilə dəstək vermək mümkündür.
Sonra layihənin ekspertlər şurasının üzvü, hüquqşünas Mehman Muradlı məruzə ilə çıxış edib. O, tədbir iştirakçılarına korrupsiya faktları ilə bağlı başlanan cinayət işlərinin statistikası ilə bağlı məlumat verdi. Daha sonra isə dövlətin korrupsiya ilə bağlı mübarizə üçün qəbul etdiyi qanunvericilik toplusunu müzakirə iştirakçılarının diqqətinə çatdırdı: “Azərbaycan dövlətinin Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər), "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" (Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 9 avqust Fərmanı), "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair" (2000-ci il 8 iyun tarixli fərman), “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” (Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli Sərəncamı), Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı (Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı) qanunvericilik bazası mövcuddur. Müvafiq komissiya və idarə yaradılıb. Amma hələ də korrupsiya faktları mövcuddur. Dövlətin qanunvericilik bazası, mexanizmi, strukturları vardır. İndi bu istiqamətdə biz vətəndaşlar da aktivlik etməli və dövlətə yardım etməliyik ki, korrupsiya hallarının qarşısı alınsın”.
Sonra layihənin ekspertlər şurasının üzvü, Əlil Qadınlar Təşkilatı Sumqayıt şöbəsinin sədri, layihənin sosial şəbəkə qrupunun rəhbəri Səbinə Kərimova çıxış edərək, korrupsiya ilə mübarizədə sosial şəbəkələrin və yeni medianın rolundan danışdı: “Korrupsiya ilə mübarizə aparmaq üçün internetin geniş imkanları vardır. Sosial şəbəkələr vətəndaşlarımıza bu mübarizə üçün geniş imkanlar açır. Hər bir vətəndaş, vətəndaş cəmiyyəti təmsilçisi rast gəldiyi korrupsiya və rüşvət faktını sosial şəbəkələrdə ictimailəşdirməlidir. İctimailəşmiş faktlarla bağlı hüquq-mühafizə orqanları araşdırma aparacaq, təsdiqini tapan fakta görə cinayət işi başlanacaq və korrupsiya, rüşvət əməli törədənlər məsuliyyətə cəlb ediləcək, cəzalanacaq. Ona görə də vətəndaş fəallığı bu mübarizədə çox önəmlidir”
“Nurlu Sabah” Uşaq-Gənclər Təşkilatının sədir Ramin Xudayev çıxışında layihənin əhəmiyyətindən danışaraq qeyd etdi ki, bu layyihə olduqca vacib layihələrdəndir. Çünki gənclərimizin hüquqlarını bilməsi, öz haqqını müdafiə etməsi, fəaliyyətlərinin qanunlara söykənərək korrupsiya ilə mübarizə üçün çox ciddi təsir edən faktordur. Maarifləndirici tədbirlərlə biz bunu daha geniş auditoriyaya çatdıra bilərik.
Daha sonra digər tədbir iştirakçıları çıxış ediblər. Çıxışçılar tədbirin əhəmiyyətindən, korrupsiyaya qarşı aparılan mübarizə haqqında öz fikirlərini bildiriblər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !