Bəxtiyar SADIQOV: - DÜNYADAN XƏBƏRSİZLƏR

Bəxtiyar SADIQOV: DÜNYADAN XƏBƏRSİZLƏR

İnsanın qəribə xasiyyəti var. Hər gün, bəlkə də hər saat, hər dəqiqə təzə bir şey eşitmək istəyir. Özü də hamıdan qabaq, birinci. Keçmiş zamanlarda çatdırılma vasitələri “simli” və ya “simsiz teleqraf” olduğundan, xəbərləri gec alırdıq. İndi isə, maşallah, internet uzağı yaxın, çətini isə asan edib.
Müasir dövrdə baş verən bütün hadisələrdən anındaca xəbər tuta bilirsən!
Bəzən dünyada baş verənlərdən xəbərsiz olanlara da rast gəlirsən. Adətən, belələrinə “Fil qulağında yatıb!” - deyirlər. Ucqarlarda yaşayan insanın hadisələrdən bixəbər qalması bəlkə də anlaşılandır. Vay o gündən ki, hansısa özündən deyən (bərkgedən) qəzetlər, özlərini “peşəkar” sayan jurnalistlər qulaqlarının dibində baş verənlərdən hali olmayalar...
Azərbaycandakı söz və mətbuat azadlığından geninə-boluna bəhrələnən iki qəzet də var: “Azadlıq” və “Yeni Müsavat”. Zahirən özlərini bir-birindən zəhlələri gedirmiş kimi göstərirlər. Amma biri tənqidi yazı verəndə sabah o birisi xəbər tutan kimi öz səhifəsinə qoyur. Buna üzdə küsülü, daldada əməkdaşlıq da deyilir, öz işləridir...
Bizə təəccüblü gələn tamam başqa şeydir. Azərbaycan I Avropa Oyunları keçirmək hüququ qazanıb. Yeddi illik hazırlıq işlərini iki il yarıma başa çatdırıb. Aprelin 26-da “Atəşgah” məbədində möhtəşəm bir tədbir keçirilərək Avropa Oyunlarının məşəli yandırılıb. On gündən çoxdur ki, həmin məşəl Azərbaycanın rayonlarını gəzərək yerlərdəki rəmzi məşəllərə öz alovundan pay verir. İnsanlar küçə və meydanlara çıxaraq bayram əhval-ruhiyyəli bu mərasimləri sevinc və qürurla izləyirlər. Deyəsən, “iki qardaş” qəzetin heç birinin bunlardan xəbəri yoxdur! Bəlkə həmin tədbirlərin birində kiminsə ayağı ilişib yıxıldı, üstü toza batdı! Belə bir manşet yazısını əldən verərlər? Yaxud hansısa rayonda idmançılardan biri həyəcanlanaraq məşəlin kranını çox burdu, qaz israfçılığına yol verdi! Dövlət büdcəsinə dəyən ziyan barədə necə də gözəl bir təhlili yazı çıxar!
Hardasa “Azadlıq” qəzetini başa düşmək olar. “Baş redaktoru” illərdir ki, Fransada mühacirətdədir, qəzetə və kollektivə “qiyabi rəhbərlik” (qəzetçilikdə ən müasir iş metodudur) edir və qapı-qapı düşərək “Azərbaycan saatı” üçün ianə toplayır. Bəs “Yeni Müsavat”a nə olub? Onun ki, baş redaktoru yerindədir, “əyani” çalışır!
Elə ki, xaricdən bir gizli paket gəldi, açıb əvvəlcə içindəki qrantı, sonra orada Azərbaycan əleyhinə antiazərbaycançı şəbəkə, yaxud dünya erməniliyinə xidmət edən bəzi beynəlxalq qurum və təşkilatların qərəzli və qeyri-obyektiv bəyanatlarını, Azərbaycana düşmən münasibəti bəsləyən KİV-də gedən şər-böhtan dolu yazıları götürərək sevincək öz səhifələrində yerləşdirirlər. Hətta günlərlə davam edən müzakirələr də aparırlar...
Milli maraqları dərk etməyənlər, vətənpərvərlik hisslərindən məhrum olanlar üçün qrant çox şirindir!
Amma Azərbaycan əleyhinə məkrli planlar hazırlanıb tələlər qurulanda, üzdəniraq gözdənsalma kampaniyaları keçiriləndə sevinmək lazım deyil!
Hər iki qəzetdə kifayət qədər künc yazarı (özləri özlərinə “köşə yazarı” deyirlər) var. Amma onların biri də bütün dünyaya səs salan I Avropa Oyunlarına hazırlıq işləri barədə indiyədək bir kəlmə müsbət söz söyləməyib. Məgər jurnalistikanın obyektivlik, qərəzsizlik, tərəfsizlik, balanslaşdırılmış mövqe nümayişi tələbləri ləğv edilib?!
Yoxsa hamının görüb qiymətləndirdiyi yaxşı işlərdən bircə kəlmə yazmağa belə qorxurlar?!
Elə isə kimdən və niyə?
Azərbaycanın nailiyyətlərindən iftixar hissi keçirmək, Azərbaycan idmançılarının qələbələrinə sevinmək, Azərbaycan himni səslənərək bayrağı qaldırılanda fərəhlənmək lazımdır!
Axı, hamımız Azərbaycan vətəndaşı sayılırıq...


PS: Az qala yadımdan çıxmışdı. Hər bir qəzetin nədən, nə vaxt, necə yazması öz işidir.
Biz heç kəsin daxili işlərinə qarışmırıq!

 



Bəxtiyar SADIQOV 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !