Qubada İntellektlə yüksələk, pis vərdişə yox deyək! layihəsinə yekun vurulub - FOTO

Qubada “İntellektlə yüksələk, pis vərdişə yox deyək!” layihəsinə yekun vurulub FOTO

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Quba rayonunda gənclər arasında gerçəkləşdirilən “İntellektlə yüksələk, pis vərdişə yox deyək” adlı layihə çərçivəsində təşkil olunan “Zəka oyunları” festivalının final mərhələsi baş tutub.
Quba şəhərində baş tutan yarışın final mərhələsində rayonun 12 zonasında baş tutan seçim turlarının qalibləri olan Quba şəhəri ilə yanaşı, Qəçrəş, Küpçal, Dağlı, Xucbala, Əlibəyqışlaq, Əliməmmədoba, Birinci Nügədi, Səbətlər, Alpan, Zərdabi və Alekseyevka kəndlərində yaşayan və təhsil alan yeniyetmə və gənclərdən ibarət komandalar iştirak edib.
Tədbirin rəsmi hissəsində çıxış edən təşkilatın sədri Ramin Mahmudov və Quba rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev bu tipli layihələrin əhəmiyyətindən danışıb, 19 dekabr 2011-ci ildə cənab Prezidentin sərəncamı ilə yaradılmış Gənclər Fondunun fəaliyyətindən sonra respublikamızda olduğu kimi rayonumuzda da gənclərin ictimai aktivliyi sahəsində müsbət dəyişikliklərin baş verdiyini nəzərə çatdırıblar. Tədbirdə iştirak edən Azərbaycan Gənclər Fondunun əməkdaşı Afaq Nadirli də öz növbəsində gəncləri Gənclər Fondu ilə əməkdaşlıq etməyə dəvət edib bildirib ki, Gənclər Fondu daim gənclərə dəstək verməkdə maraqlıdır. Bu səbəbdən də gənclər fərdi qaydada da fonda müraciət edə və öz ideyalarını gerçəkləşdirmək üçün dəstək alaraq həm liderlik keyfiyyətlərini yüksəltmiş olarlar, həm də icmalarında uğurlu və əhəmiyyətli layihələrə imza atarlar.
Bildirilib ki, reallaşdırılan layihənin əsas məqsədi yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində maarifləndirilməsi, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə gənclərin bilgilənmələrinə dəstək olmaqdır. Eyni zamanda layihə çərçivəsində gənclərə zərərli vərdişlərin fəsadlarından bəhs edən xüsusi bukletlər də paylanılıb.
Nə? Harada? Nə zaman? oyun formatında baş tutan yarışda gərgin mübarizə son ana qədər davam edib. 60 sualın sonunda sevinən tərəf bu tipli yarışlarda 5 qat qalıb olan Əlibəyqışlaq kəndini təmsil edən “Uran” komandasını taxtdan salaraq ilk çempionluğuna imza atan Birinci Nügədi kəndinin “Müasir Azərbaycan Gəncləri” komandasının biliciləri olub. Yarışın bürünc mükafatını isə Zərdabi qəsəbəsinin “Zaman” kollektivi qazanıb.
Turnirin yekununda qalib və mükafatçılara layihə çərçivəsində hazırlanmış, kubok, diplom və xüsusi medallarla yanaşı, müxtəlif bədii ədəbiyyat nümunələri də təqdim edilib. Mükafatlandırma mərasimində təşkilatın sədri ilə yanaşı Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev də iştirak edib.
Qeyd edək ki, layihə fevral-may aylarını əhatə edib və Quba rayonunun 12 yaşayış zonasında yaşayan və təqribən 50 məktəbdə təhsil alan 500-ə yaxın yeniyetmə və gəncin maariflənməsinə səbəb olub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !