Quba tarix-diyarşünaslıq muzeyinin yeni binasının açılış mərasimi keçirilmişdir - FOTO

Quba tarix-diyarşünaslıq muzeyinin yeni binasının açılış mərasimi keçirilmişdir FOTO

2 may 2015-ci il tarixində Quba şəhərində Nizami parkında yerləşən Quba Tarix-Diyarşünaslıq Muzeyinin yeni inşa olunan binasının açılış mərasimi keçirilmişdir. Muzeyin yeni binası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən inşa edilmişdir.
Açılış mərasimində iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında Qubanın tarix və mədəniyyətini özündə əks etdirən bu muzeyin, həm də regiona turistlərin cəlb olunması baxımından əhəmiyyətini yüksək qiymətləndirmişdir. Nazir çıxışı zamanı qeyd olunan işlərin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan milli irsinin qorunması və təbliğ olunması istiqamətində verdiyi tapşırıqların tərkib hissəsi olduğunu bildirmişdir. Muzeyin yerləşdiyi ərazinin Xınalıq yolunun üzərində olmasının üstünlüyü vurğulayan Nazir, turizm nümayiş obyekti kimi gələcəkdə yerli və xarici turistlərin muzeyə daha çox səfər edəcəyindən ümidvar olduğunu qeyd etmişdir.
Açılışda Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov çıxış edərək, Qubada belə bir muzeyin inşa edildiyi üçün rayon ictimaiyyəti adından öz təşəkkürünü bildirmişdir.
Bundan əlavə Qubanın tarixi haqqında tarix elmləri doktoru Şahin Fərzəliyev geniş məlumat vermişdir.
Daha sonra muzeyin açılışını bildirən rəmzi lent kəsilərək, qonaqlar tərəfindən muzeyə baxış keçirilmiş və muzeyin eksponatları ilə tanış olunmuşdur.
Muzeyin ümumi sahəsi 1620 kv.m olub, 1 zirzəmi 3 mərtəbədən ibarətdir. Muzeydə ibtidai icma quruluşundan müasir dövrə qədər olan xalq sənətkarlıq nümunələri, rəsm əsərləri və ekspozisiyalar nümayiş olunur.
Muzeydə müxtəlif xalça növləri, nümuzmatika, qadın bəzək əşyaları, ilk Qubalı sahibkar qadınlar haqqında güşə, Qubalıların yaşam tərzi, dulusçuluq, misgərlik, bəzək əşyaları və qadın geyimlərindən ibarət müxtəlif bölmələr yaradılmışdır. Muzeyin 2 və 3-cü mərtəbələrində Quba rayonunun tarixini əks etdirən eksponatlar nümayiş olunur.
Məlumat üçün bildiririk ki, Quba tarix muzeyi XX əsrin I yarısında Azərbaycanda təşkil olunan muzeylərdən biridir. İlk muzey 1924-cü ildə "Cami" məscidinin mədrəsəsində Quba ziyalılarının təşəbbüsü ilə yaradılmışdır. Xalq Maarif Komissarlığının 14 may 1935-ci il əmri ilə Çələbizadə Əhməd Əbdürrəhman oğlu Quba tarix muzeyinə müdir təyin olunur. 1937-ci ildə Əhməd əfəndi represiya qurbanı olur, muzey bağlanır.
1943-cü ildə Quba ictimaiyyəti tarix muzeyinin açılması ilə bağlı Mərkəzi Komitəyə məktubla müraciət edir. Azərbvaycan SSRİ Xalq Komissarları Sovetinin 04.21.1943-cü il tarixli əmri ilə Qubada muzeyin yaranması haqqında qərar qəbul edilir. Muzey 1944-cü ilin avqust ayında görkəmli alim və mütəfəkkir, şair A.A.Bakıxanovun yaşadığı indiki Ərdəbil küçəsi 93 saylı binada fəaliyyətə başlayır.
XIX əsrin əvvəllərində tikilən bu bina Azərbaycan SSRİ Nazirlər Sovetinin 14 may 1981-ci il nömrə 225 saylı qərarı ilə tarixi abidə kimi qeydə alınmışdır.
1943-1958-ci illər Azərbaycan Elmlər Akademiyasının baza muzeyi kimi, 1958-1965-ci illər ictimai əsaslarla, 1965-ci ildən Azərbaycan Mədəniyyət Nazirliyinin tabeçiliyində fəaliyyət göstərir.
Muzeyin əsas və köməkçi fondunda on mindən (10 000) çox eksponat qorunub saxlanılır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !