Son finalçı Uran oldu - FOTO

Son finalçı “Uran” oldu FOTO

“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Qubada icra edilən “İntellektlə yüksələk, pis vərdişə yox deyək!” adlı layihəsi çərçivəsində təşkil olunan “Zəka oyunları” festivalının son seçim turu Quba rayonunun Ağbil kəndində baş tutub. Ağbil, Vladimirovka, Çartəpə, Güləzi, Aşağı Xuc, Əlibəyqışlaq, Aşağı Atuc kəndlərində yaşayan və təhsil alan 54 nəfər yeniyetmə və gəncin iştirakı ilə keçirilən Nə? Harada? Nə zaman? intellektual oyununda Əlibəyqışlaq kəndini təmsil edən “Uran” komandası finala vəsiqə qazanıb. Aşağı Atucun “Atuc” komandası ikinci, Ağbil kəndini təmsil edən “Alfa” biliciləri isə üçüncü olub.
Seçim turunun yekununda qalib və mükafatçılar təşkilatçılar tərəfindən təltif edilib.
Rəsmi açılış mərasimində təşkilatın sədri Ramin Mahmudov gənclərin bu tipli layihələrdə iştirakının onların dünyagörüşünün artırılmasında, Azərbaycanımızın mədəniyyəti, adət-ənənələri barədə yeni biliklərin əldə edilməsindəki əhəmiyyətini vurğulayıb, Gənclər Fondu tərəfindən bu layihələrin dəstəklənməsi nəticəsində Qubada intellekt hərəkatının yüksəldiyini bildirib.
Qeyd edək ki, Azərbaycan Respubikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşən, National Geography Azerbaijan jurnalının, Quba rayon Gənclər və İdman İdarəsinin və Quba rayon Təhsil Şöbəsinin də tərəfdaşlıq etdiyi layihənin əsas məqsədi Quba rayonunun müxtəlif kənd və şəhər ərazilərində yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində maarifləndirilməsi, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.
Festivalın final mərhələsi may ayının 16-da Quba şəhərində baş tutacaq. Finalda “Sülhün elçiləri” (Küpçal), “Zaman” (Zərdabi), “Üçüncü qrup” (Səbətlər), “MAG” (I Nügədi), “İntellekt” (Əliməmmədoba), “Qələbə” (Qəçrəş), “Şahdağ” (Xucbala), “Zirvə” (Dağlı), “Uran” (Əlibəyqışlaq), “Gənclər” (Alekseyevka), “Favorit” (Alpan) və Quba şəhərini təmsil edən “Zirvə” komandaları mübarizə aparacaq.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !