Qubada "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)" mövzusunda II Beynəlxalq elmi konfrans keçiriləcək -

Qubada "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)" mövzusunda II Beynəlxalq elmi konfrans keçiriləcək

9-10 aprel tarixində Quba şəhərindəki Heydər Əliyev mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Cumhuriyyəti Başbakanlık Atatürk Kültür, Dil ve Tarih Yüksək Kurumu Atatürk Araşdırma Mərkəzi və Quba Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)" mövzusunda II Beynəlxalq elmi konfrans keçiriləcək. 100-dən artıq tanınmış alim və mütəxəssisin, qonağın iştirak edəcəyi tədbirdə Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən – Türkiyə, Kipr, Almaniya, Albaniya, Bolqarıstan, Fransa, İran, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Polşa və Rusiyadan 58 alim maraqlı məruzələrlə çıxış edəcək. Konfransın işi “Şimali Azərbaycan torpaqlarında türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” və “Şərqi Anadolu, Urmiya, Salmas və digər bölgələrdə türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” bölmələri üzrə aparılacaq. Konfransın açılışından əvvəl tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcəklər.
Konfransı giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti akademik Akif Əlizadə açacaq. Plenar iclasda AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və Türkiyə Cumhuriyyəti Atatürk Araştırma Mərkəzinin Başkanı Prof. Dr. Mehmet Ali Beyhan, AMEA-nın Vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA HİEB-nin akademik katibi, akademik Teymur Kərimli, AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev və digər görkəmli alimlər çıxış edəcəklər. Konfransda iki bölmədə: “Şimali Azərbaycan torpaqlarında türk-müsəlman əhaliyə qarşı soyqırımlar” (1914-1920-ci illər) və “Şərqi Anadolu, Urmiya, Salmas, və digər bölgələrdə türk-müsəlman əhaliyə qarşı soyqırımlar” (1914-1920-ci illər) fəaliyyət göstərəcəkdir. Təqdim olunan məqalələr “AMEA Tarix İnstitutunun elmi əsərlərinin xüsusi buraxılışı” adı ilə çap edilib və konfrans iştirakçılarına paylanacaqdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !