Bölgələrdən paytaxta - Qubanın Bakıda təqdimatı - FOTO

“Bölgələrdən paytaxta” - Qubanın Bakıda təqdimatı FOTO

Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" layihəsi uğurla davam edir. Layihə çərçivəsində regionların sosial-iqtisadi inkişafı, mədəniyyəti, el sənətkarlığı, adət-ənənələri, mətbəx nümunələri, turizm imkanları Bakıda nümayiş olunur.
Aprelin 6-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında keçirilən növbəti tədbir Quba rayonuna həsr olunmuşdu. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Quba Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birgə təşkil etdiyi tədbirdən öncə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, digər qonaqlar rayonun sosial-iqtisadi inkişafını, mədəni irsini, kulinariyasını, dekorativ tətbiqi sənət ustalarının əl işlərini, bölgənin turizmini əks etdirən sərgi ilə tanış oldular.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Qubanın tarixi keçmişindən, müasir inkişafından danışdı. Bildirdi ki, Azərbaycanın dilbər guşələrindən olan Qubada hər zaman milli-mənəvi dəyərlərin qorunmasına, gələcək nəsillərə çatdırılmasına, mədəni irisin təbliğinə xüsusi önəm verilib: "Son illər Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da müsbət təsirini göstərir. "Bölgələrdən paytaxta" layihəsi ölkəmizin zəngin mədəniyyətinin geniş təbliğinə, regionlararası mübadilənin gücləndirilməsinə, bölgələrin mədəni və turizm potensialının, ənənələrinin, incəsənət nümunələrinin daha geniş formada nümayiş etdirilməsinə imkan verir".
Nazir milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsi sahəsində ümummilli lider Heydər Əliyevin və ölkə başçısı İlham Əliyevin müstəsna xidmətlərinin olduğunu vurğuladı. Qeyd etdi ki, bu gün Quba Azərbaycanda multikulturalizmi, tolerantlığı yaşadan, inkişaf etdirən bir bölgədir.
Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov da çıxışında layihənin növbəti mərhələsi kimi Quba rayonuna da şərait yaradıldığı üçün nazirliyə öz təşəkkürünü bildirdi.
Sonra rayonun sosial-iqtisadi inkişafından, müasir tərəqqisindən, turizm potensialından, mədəniyyətindən bəhs edən videoçarx nümayiş olundu.
Tədbir Quba rayonunda fəaliyyət göstərən musiqi kollektivlərinin və incəsənət ustalarının çıxışları ilə davam etdi.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !