Beynəlxalq poeziya festivalının iştirakçıları Quba Soyqrımı Memorial Kompleksini ziyarət ediblər - FOTO

Beynəlxalq poeziya festivalının iştirakçıları Quba Soyqrımı Memorial Kompleksini ziyarət ediblər FOTO

“Sözün də su kimi lətafəti var” devizi altında keçirilən birinci Bakı beynəlxalq poeziya festivalının iştirakçıları martın 21-də Azərbaycanın şimal rayonlarında olublar.
AZƏRTAC xəbər verir ki, Xaçmazdan yayımlanan RTV telekanalının dəvəti ilə reallaşan səfər çərçivəsində Azərbaycanla yanaşı, Finlandiya, Serbiya, Rusiya, Belarus, Özbəkistan, İran və Türkiyədən olan qonaqlar əvvəlcə Quba Soyqrımı Memorial Kompleksini, eləcə də həmin ərazidəki kütləvi məzarlğıı ziyarət ediblər.
Beynəlxalq poeziya festivalı iştirakçılarının diqqətinə çatdırıldı ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelində ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyənləşdirilib.
Ziyarətçilərə məlumat verildi ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb. 2013-cü il sentyabrın 18-də açılışı olan kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, əhalinin həyat tərzi haqqında fotolar yer alır. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Qonaqlar Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazdılar.
Qubadan sonra Xaçmaza gələn qonaqlar hər il martın 22-də qeyd edilən “Ümumdünya Su Resursları Günü” ilə əlaqədar Xudat şəhəri yaxınlığındakı Şollar kəndində yerləşən su mənbəyinə baxdılar. Festifal iştirakçılarının diqqətinə çatdırıldı ki, ingilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında çəkilən Şollar–Bakı su kəmərinin tikintisi XX əsrin əvvəllərinə həyata keçirilib. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə çəkilən su kəməri 100 ilə yaxındır ki, Bakı əhalisininin içməli su ilə təminatında mühüm rol oynayır.
Səfər çərçivəsində qonaqlar Xaçmaz şəhərindəki bir sıra muzeylərdə oldular, park və xiyabanları gəzdilər.
Günün sonunda Novruz tonqalı ətrafında toplaşan festival iştirakçılarına bu bayramla əlaqədar adət-ənənələr, folklor nümunələri nümayiş etdirildi.
Bakı beynəlxalq poeziya festivalı martın 23-də yekunlaşacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !