Şahin Sərdarlı: - Şəhid Aslan Şirinovun 24 il sonra üzə çıxan məqaləsi

Şahin Sərdarlı: “Şəhid Aslan Şirinovun 24 il sonra üzə çıxan məqaləsi”

O gündən bir il keçsə də, bu günə qədər yaralarımız hələ də göynədir bizi. Dözülməzdir, qəbul edilməzdir bu göynərtilər. Tarımız, kamanımız, qaboyumuz sızıldayır. Nə təmkin köməyə gəlir, nə də ki təsəlli. “Segah”ımız, “Şur”umuz, “Bayatı-şiraz”ımız dərin-dərin düşündürür bizi. Düşündürə-düşündürə illərin ağır yuxusundan oyadır bizi. Oyada-oyada yandırır bizi, yaxır bizi. Yaxın günlərin “Müdrikanə” danlaqlarını, hiyləgər “öyüdlərini”, təmkinli olmağımızla öyünmələrimizi, axşam-səhər dinlədiyimiz “təmkin”, “səbr” yastıqlarımızı yadımıza salır. Batmış, itmiş yadımıza... Şəhərimiz bu günləri görməmişdi.İndi də bu bizə yuxu kimi gəlir. Bizim bu sülhsevər, bu körpə gülüşləri dodaqlarından, baxışlarından əskilməyən, bu gen ürəkli, bu gen süfrəli, bolluğu, bərəkəti ilə günəşi, yaşıllığı, aynabəndlərin əlvanlığı, muğamatı, “Koroğlu”su, “Leyli-Məcnun”u, “Arşın mal alan”ı, Nizamisi, Fizulisi, Nəsimisi, Sabiri, Səməd Vurğunu, Üzeyiri, Tarası, Müslümü, Fikrəti ilə öyünən Bakımızın ağlına hardan gələ bilərdi ki, onun bəyaz küçələrini,işıqlı, əlvan prospektlərini qəfildən tanklar şumlayacaq, qəfildən qanlar töküləcək onun ulu qoynuna. Nə bilərdi ki, neçə-neçə oğul və qızları şəhidlik zirvəsinə yüksələcək.
Şəhidlərin cənazələrini qollar üstündə aparırdılar. Alqırmızı yaylıqlar çəkilmişdi igid oğulların, qızların üzünə. Yollar qızılgüllərlə bəzənmişdi. Şəhidlər məzarına aparan yollar...
Hələ istidi yaralarımız. Hələ qəlbimizin göynərtisinə cavab tapa bilmirik. Cavab axtaranda göylərə tərəf boylanırıq. Göylərdə cavab vermir. Hönkürür hərdən, kövrəlir hərdən. Qəlbimiz kimi...
Ana vətən, doğma, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verən igidlərə əbədi eşq olsun!


“Şəhidlər”


Bir qəfil gülləyə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər!

 

Heç kəs öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi şəhidlər!

 

İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri-şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq toxumu əkdi şəhidlər.


Şəhid Aslan Şirinov 1974-cü il sentyabrın 14-də Şamaxı rayon Meysəri kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra İqtisad Universitetinə qəbul olub. Universitetdə oxumağına baxmayaraq, könüllü cəbəhəyə yola düşüb. Ağdərə, Tərtər və digər raynolar uğrunda gedən döyüşlərdə iştirak edib və yaralanaraq geri qayıdıb. Sağaldıqdan sonra yenidən cəbhə xəttinə yola düşüb. O, 1993-cü il fevralın 16-da Ağdərə döyüşlərində şəhid olub. Hal-hazırda Şamaxı rayon Meysəri kənd Aslan Şirinov adına tam orta məktəbi şəhid Aslan Şirinovun adını daşıyır. Qarabağ uğrunda gedən döyüşlərdə Meysəri kəndindən dörd nəfər qəhrəmanlıqla şəhid olub.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !