Quba-Xaçmaz iqtisadi rayonunda güzəştli kreditlər hesabına logistik mərkəzlərin yaradılması davam etdirilir -

Quba-Xaçmaz iqtisadi rayonunda güzəştli kreditlər hesabına logistik mərkəzlərin yaradılması davam etdirilir

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsini davam etdirir.
Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum martın 12-də Quba rayonunun Qəçreş kəndində keçirilmişdir.
İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilmiş, Quba və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılmış, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilmişdir.
80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Quba rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, müasir meyvə-tərəvəz emalı zavodunun, kiçik və ya orta həcmli bağçılıq təsərrüfatlarının, kiçik meyvəqurutma və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1833 investisiya layihəsinin maliyyələşdirilməsinə 133,8 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, üzümçülük, intensiv bağçılıq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, quru meyvə, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 10 mindən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır. Qeyd edilmişdir ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonu üzrə ümumi tutumu 53,2 min ton olan 14 logistik mərkəzin maliyyələşdirilməsinə 31,8 milyon manat güzəştli kredit verilmişdir.
İşgüzar forum çərçivəsində Quba və ətraf rayonlardan olan 50 sahibkara 1,3 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, bağçılıq, tingçilik və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, 2015-ci ilin ötən dövrü ərzində respublika üzrə 995 sahibkara 29,6 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2180-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Forum çərçivəsində Qusar rayonunun Ləgərqışlaq kəndində yerləşən tutumu 3,6 min ton olan logistika mərkəzinin 7 min tona çatdırılması və Xaçmaz rayonunda ümumilikdə, 200 ha ərazidə intensiv alma bağının salınmasına Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kreditin verilməsi ilə bağlı da müzakirələr aparılmışdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !