Qırmızı Qəsəbənin dağ yəhudiləri icmasına yeni sədr təyin olunub -

Qırmızı Qəsəbənin dağ yəhudiləri icmasına yeni sədr təyin olunub

Quba rayonu ərazisindəki Qırmızı Qəsəbənin sinaqoqunda Cənubi Qafqazda yəhudilərin sıx yaşadığı bu unikal qəsəbənin dağ yəhudiləri dini icmasının yığıncağı olub.
AZƏRTAC Yəhudi Xəbərlər Agentliyinə (YXA) istinadla xəbər verir ki, yığıncaqda məxsusi olaraq Bakıdan Qırmızı Qəsəbəyə gələn Milli Məclisin deputatı Yevda Abramov, habelə Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi iştirak ediblər.
Yığıncaqda 44 yaşlı Yuri Niftəliyevin dini icmanın idarə heyətinin yeni sədri seçilməsi barədə qərar qəbul olunub.
Boris Simanduyev YXA-ya müsahibəsində deyib: “5775-ci ilin Pesaxına qədər davam edəcək keçid dövründə idarə heyətinin sədri vəzifəsində topladığım təcrübəni Yuri Niftəliyev ilə bölüşəcəyəm”
2013-cü ildə 80 yaşını qeyd edən Boris Simanduyev 21 il Qırmızı Qəsəbənin dağ yəhudiləri dini icmasına rəhbərlik edib.
Vaxtilə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqları arasında dostluq münasibətlərinin inkişafında səmərəli fəaliyyətinə görə Boris Simanduyevi “Şöhrət” ordeni ilə təltif edib.
Gözlənildiyinə görə, “Şöhrət” ordenli Boris Simanduyev Qırmızı Qəsəbənin dağ yəhudiləri dini icmasının fəxri sədri seçiləcək, Azərbaycan xalqları arasında dostluq münasibətlərinin inkişafı istiqamətində fəaliyyətində təcrübə, məsləhət və nüfuzundan istifadə edəcək. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !