MAG intellektləri ənənəni pozmadı - FOTO

“MAG” intellektləri ənənəni pozmadı FOTO

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Qubada icra etdiyi “İntellektlə yüksələk, pis vərdişə yox deyək!” adlı layihəsi çərçivəsində təşkil olunan “Zəka oyunları” festivalının növbəti seçim turu Quba rayonunun II Nügədi kəndində baş tutub.
Seçim turunda Birinci və İkinci Nügədi kəndlərində fəaliyyət göstərən 4 məktəbin 8 komandası mübarizə aparıb. Nə? Harada? Nə zaman? formatında keçirilən seçim turunda Birinci Nügədi kənd 1 saylı tam orta məktəbini təmsil edən “MAG” komandası ənənəsinə sadıq qalaraq yenə də birinci olaraq finala vəsiqə qazanıb. Komanda buna qədər Qubada keçirilən bütün intellektual oyunların final mərhələsində iştirak edib. “MAG” intellektləri 18 suala doğru cavab verərək birinciliyi qazanmaqla seçim turlarında ən çox suala düzgün cavab verən komanda ünvanı da əldə edib. İkinci Nügədi 2 saylı tam orta məktəbinin “Odlar Yurdu” komandası 7 doğru cavabla 2-ci, II Nügədi kənd 1 saylı tam orta məktəbinin “Uğur” biliciləri isə 6 doğru cavabla üçüncü olublar.
Qeyd edək ki, National Geography Azerbaijan jurnalının, Quba rayon Gənclər və İdman İdarəsinin və Quba rayon Təhsil Şöbəsinin də tərəfdaşlıq etdiyi layihənin əsas məqsədi Quba rayonunun müxtəlif kənd və şəhər ərazilərində yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində maarifləndirilməsi, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.
Tədbirdə çıxış edənlər – təşkilatın sədri Ramin Mahmudov, Quba rayon Gənclər və İdman İdarəsinin rəsi müavini Mənsur Ağayev, İkinci Nügədi kənd 3 saylı tam orta məktəbinin direktoru Səadət İsazadə layihənin əhəmiyyətini vurğulayıb, gənclərin təhsilə olan marağını artırmaqda bu tipli tədbirlərin vaxtaşırı keçirilməsinin önəmli olduğunu bildiriblər.
Qeyd edək ki, fevral-may aylarını əhatə edəcək layihə Quba rayonunun 12 yaşayış məntəqəsində icra ediləcək. Artıq üç zonada seçim turları başa çatıb. “Sülhün elçiləri”, “Zaman” və “MAG” biliciləri may ayının 16-da Quba şəhərində baş tutacaq finalda iştirak haqqı qazanıb. Mart-aprel aylarında isə Quba rayonunun daha 9 zonasında seçim turları təşkil ediləcək.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !