Sülhün elçiləri finalda - FOTO

“Sülhün elçiləri” finalda FOTO

 Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Qubada icra etdiyi “İntellektlə yüksələk, pis vərdişə yox deyək!” adlı layihəsinə start verilib.
Təşkilatdan verilən məlumata görə layihənin əsas məqsədi Quba rayonunun müxtəlif kənd və şəhər ərazilərində yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşmaları istiqamətində maarifləndirilməsi, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.
National Geography Azerbaijan jurnalının, Quba rayon Gənclər və İdman İdarəsinin və Quba rayon Təhsil Şöbəsinin də tərəfdaşlıq etdiyi layihə çərçivəsində ilk tədbir Quba rayonunun Küpçal kəndində baş tutub.
Tədbirdə çıxış edənlər, təşkilatın sədri Ramin Mahmudov, Quba rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev, Küpçal kənd ümumi orta məktəbinin direktoru Mömin Əliyev ölkəmizdə gənclər üçün yaradılan imkan və şəraitdən danışıb, cənab Prezident İlham Əliyevin strateji uzaqgörənliyinin məhsulu olaraq 3 il öncə imzaladığı fərmanla yaradılmış Gənclər Fondunun fəaliyyəti sahəsində ölkədə gənclər sektorunda yeni bir inkişaf dalğasnın əmələ gəldiyini bildiriblər. İcra olunan bu layihələrin yetişməkdə olan gənc nəslin bilik və bacarıqlarının artırılmasında, vətənpəvərlik və dövlətçilik ruhunda tərbiyənlənməsində əhəmiyyətini vurğulayıblar.
R. Mahmudov bildirib ki, təşkilat bir neçə il öncə bu kimi tədbirləri yalnız şəhər gəncləri ilə keçirə bilirdi. Lakin Gənclər Fondunun dəstəyi nəticəsində artıq kənd ərazilərində də bu tipli tədbirlər təşkil etməklə kənd gənclərinin də cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır. Gənclər və idman idarəsinin rəis müavini M.Ağayev bildirib ki, Quba rayonunu bir sıra intellektual oyunlarda təmsil edən yığma komandaların tərkibində kənd gənclərinin də yer alması məhz bu tipli layihələrin kənd ərazilərində reallaşdırılmasının nəticəsidir.
Rəsmi hissədən sonra layihəyə uyğun olaraq “Zəka oyunları” festivalının seçim turuna start verilib. Yarışda Quba rayonunun Küpçal və Üçgün kəndində təhsil alan məktəblilərindən ibarət 6 komanda mübarizə aparıb. Nə? Harada? Nə zaman? formatında keçirilən seçim turunda Küpçal kənd ümumi orta məktəbini təmsil edən “Sülhün elçiləri” komandası 1-ci, Üçgün kənd təmsilçisi “Şəfəq” intellektləri 2-ci, Küpçal kəndinin daha bir təmsilçisi “Zirvə” biliciləri isə 3-cü olublar. Əsasnaməyə uyğun olaraq “Sülhün elçiləri” komandası Quba şəhərində baş tutacaq finala vəsiqə qazanıb.
Qeyd edək ki, fevral-may aylarını əhatə edəcək layihə Quba rayonunun daha 11 yaşayış məntəqəsində icra ediləcək.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !