Qanlı Yanvar bədii filminin qapalı təqdimatı keçirilib -

“Qanlı Yanvar” bədii filminin qapalı təqdimatı keçirilib

Xəbər verdiyimiz kimi, Azərbaycanın ən yeni tarixinin şərəfli bir dövründən bəhs edən, rejissor Vahid Mustafayevin ssenarisi və quruluşunda ANS Şirkətlər Qrupunun nəzdində fəaliyyət göstərən “Bakı Film” Kinostudiyasında çəkilmiş “Qanlı Yanvar” bədii filminə ictimai baxış olmuşdu.

AzərTAc xəbər verir ki, fevralın 9-da “28 Cinema” kinoteatrında “20 Yanvar Fondu”nun qonaqlarının, Azərbaycan kino xadimlərinin, rejissorların, ziyalıların iştirakı ilə filmin qapalı təqdimat mərasimi keçirilib.

“Qanlı yanvar” filminin əsas süjet xəttini real hadisələr təşkil edir. Ekran əsəri bir neçə baş rol qəhrəmanının timsalında xalqın müstəqillik idealları uğrunda mübarizəsini canlandırır. 1990-cı ilin yanvarında baş verən hadisələrin təsvir olunduğu filmdə təcavüzkar ordunun Bakıya soxulması və qanlı qırğın törətməsini əks etdirən dramatik səhnələr yer alıb.

Qanlı yanvar hadisələrinin iştirakçısı olan rejissor Vahid Mustafayev filmdə real hadisələri canlandırmağa və insanları bu gün də düşündürən bir sıra suallara cavab tapmağa çalışıb.

Müəllif toxunduğu mövzunun bəşəri mahiyyətini realistcəsinə vermək məqsədilə çəkilişlərə beynəlmiləl heyət cəlb edib. Onların sırasında dünya şöhrətli amerikalı aktyor Lane Devies, türk kinosunun canlı əfsanəsi Nəbahət Çehrə, habelə İrandan dəvət olunmuş tanınmış kinooperator Afşin Əlizadənin başçılığı ilə çəkiliş qrupu yer alıb. Həmin əcnəbi sənətkarlar yerli komanda ilə mükəmməl bir iş ortaya qoya bilib.

Filmdə belə bir beynəlmiləl kollektivin iştirakı sözsüz ki, ekran əsərini Azərbaycan çərçivəsindən çıxarıb, beynəlxalq səviyyəyə qaldırır.

Film “Bakı film”, ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev Fondunun vəsaiti hesabına çəkilib. Ekran əsərinin çəkilişlərinə dövlət tərəfindən də böyük dəstək verilib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !