Bəxtiyar QARACA: - 20 Yanvara gətirən yol

Bəxtiyar QARACA: 20 Yanvara gətirən yol

XIX əsrin 20-30-cu illərindən başlayaraq mütəşəkkil formada Cənubi Qafqaza köçürülən, bunun ardınca silahlı dəstələr yaradaraq köklü əhalini - azərbaycanlıları təhdid edən, onlara qarşı kütləvi qırğınlar törədən ermənilər üçün öz məqsədlərinə çatmaq yolunda bütün vasitələr məqbul idi. Onlar qorxmadan, çəkinmədən bəyan edirdilər ki, “Ədalətin bizim tərəfimizdə olub-olmaması önəmli deyildir, biz qalib gəlməliyik. Bu, yeganə yoldur. Biz qalib gələndə hansı üsullardan istifadə etdiyimizi bizdən soruşan olmayacaq...” Həqiqətən, “soruşan” olmadı və indi də soruşan yoxdur ki, ermənilər 1918-ci ildə əvvəllər heç vaxt yaşamadıqları bu ərazilərdə özlərinə necə dövlət yaratdılar və yerli əhaliyə-azərbaycanlılara qarşı terror və soyqırımı necə dövlət siyasətinə çevirə bildilər?
1920-ci ildə Azərbaycan və Ermənistan sovetləşdirildikdən sonra azərbaycanlıların sıxışdırılması, onlara məxsus torpaqların Ermənistana verilməsi prosesi daha da sürətləndi. Faktlara müraciət edək: 1920-ci il avqustun 5-də hazırlanmış bir sənəddə Azərbaycanın Ermənistan ilə mübahisəsiz ərazisi belə göstərilirdi: sərhəd Qazax və Borçalı qəzalarının köhnə inzibati sərhədlərindən başlayır, sonra Qazaxdan, Aleksandropoldan (Gümrü) və Yeni Bəyazitdən Maralıca dağlarına qədər, oradan birbaşa Göyçə gölünə enir, təxminən 11/2 verst şimala Çubuqlu kəndindən sonra Göyçə gölünü ikiyə bölür, onun cənub sahili ilə qərb istiqamətinə gedir, Göycə gölünün cənub sərhədində sərhəd Zağalı və Gödək Bulaq kəndləri arasından başlayır, sonra Yarnızlı, Qızıl Vəng və Yuxarı Alçalı kəndlərinin yuxarısından Göyçə gölünün cənub sahillərinin dağlıq rayonlarından - Qızıl Harava (təxminən 1859) və Ağmahan yüksəkliklərindən keçir, qərbdə İrəvan və Yeni Bəyazit qəzalarının sərhədlərindən Kiçik Ağdağa doğru gedir, müsəlmanların (azərbaycanlıların) yaşadığı dağlıq rayonları ermənilərin məskunlaşdığı kəndlərdən ayırır. Sonra sərhəd Kiçik Ağdağ dağlarından şimal-qərbə Toğmahan gölü istiqamətində Təzəkənd kəndinə doğru gedir, oradan Gərni çayı ilə Yuxarı Ağbaş kəndinə çatır və onun qarşısından şimala doğru yük-səkliyə qalxır, oradan cənub-qərbə Uluxanlıya gedir, Uluxanlı kəndi və Uluxanlı dəmir yolu stansiyasının arasından keçərək Araz çayına qədər uzanır və şimalda Rəncbər kəndinə çatır, Rəncbər kəndindən Araz çayınadək sərhəd birbaşa qərbə, Sürməli qəzası ilə Eçmiadzin və Kars vilayətlərinin keçmiş inzibati sərhədləri ilə qovuşur və Təndürək dağlarına, keçmiş rus-türk sərhədinə doğru gedir.
Amma az sonra bu bölgüdən, demək olar ki, əsər-əlamət qalmadı. Sovetlər dönəminin başlanğıcında Azərbaycanın Naxçıvanla, Türkiyənin isə türk dünyası ilə quru əlaqəsinin kəsilməsinə gətirib çıxaran torpaqların, xüsusən Qarabağın dağlıq hissəsinin - Zəngəzurun itirilməsi sonrakı illərdə daha böyük faciələrə yol açdı. Azərbaycanın tarixi əraziləri - Yeni Bəyazid qəzasının Basarkeçər bölgəsi və Şərur-Dərələyəz qəzasının üçdə iki hissəsi, Qazax qəzasının bir hissəsi, Cəbrayıl qəzasının və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının bəzi kəndləri heç bir əsas gətirilmədən Ermənistana peşkəş edildi. Beləliklə, 1918-1920-ci illərdə Azərbaycanın 114 min kvadratkilometr ərazisindən sovet dövründə yalnız 86,6 min kvadratkilometr qaldı. Bütün bu haqsızlıqlara etiraz edənlər isə amansızlıqla susdurulurdu. Sovet Azərbaycanının xalq ədliyyə komissarı Behbud ağa Şahtaxtinski Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinə yazırdı ki, Zəngəzurda 123 min 95 nəfər azərbaycanlının, 99 min 257 nəfər erməninin yaşamasına baxmayaraq, 1920-ci il noyabrın 30-da Zəngəzur qəzasının qərb hissəsinin Ermənistana verilməsi bolşevik “ideyaları”na ziddir. Mərkəzin ona cavabı isə özünü çox gözlətmədi. Qısa bir vaxtda N.Nərimanov Moskvada, Behbud ağa Tiflisdə müəmmalı şəkildə qətlə yetirildilər.
Sonrakı illərdə də vahid bir dövlətin tərkibində - Sovetlər birliyində yaşamalarına baxmayaraq azərbaycanlılar yenə tarixi torpaqlarında sıxışdırılır, əvvəlki illərdə doğma yurdlarından qovulanların daimi yaşayış yerlərinə qayıtmalarına ermənilər torpaq çatışmazlığı bəhanəsi ilə qəti şəkildə etiraz edir, azərbaycanlı qaçqınları yerləşdirmək üçün Ermənistanda boş torpaq olmadığını, onların Zəngəzur qəzasına qaytarılmasının böhranlı vəziyyət yaradacağını, buna görə də məsələni Azərbaycanın sərbəst torpaq fondu hesabına həll etməyi təklif edirdilər və həmişə də öz istəklərinə “nail” olurdular..
Ermənilərin Cənubi Qafqaza gətirilərək məskunlaşdırılmasında növbəti mərhələ Lozanna konfransı oldu. 1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında bağlanan, Türkiyənin indiki sərhədlərini, regiondakı statusunu müəyyən edən bu müqavilə tarixin sonrakı mərhələlərində baş verəcək bir çox hadisə üçün də platforma rolunu oynadı. 1920-ci ildə Yunanıstanın təkidi ilə imzalanmış “Sevr müqaviləsi”nə əsasən, Osmanlı dövlətinin qəti sərhədləri, orduya malik olmaq hüququ və Aralıq dənizindəki adalara olan iddiası ləğv edilmişdi. Amma Yunanıstandan başqa, heç bir dövlətin müqavilənin şərtlərini tanımaması “Lozanna” konfransının çağırılmasına səbəb oldu. Bununla, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapdı və iki dövlət arasındakı sərhəd dəqiqləşdirildi. Egey dənizindəki xırda adalar bölüşdürüldü. Bir milyona yaxın yunan Türkiyədən Yunanıstana, 500 min türk isə Yunanıtsandan Anadoluya köç etdi. “Lozanna” müqaviləsi həm də Osmanlı sərhədləri daxilində yaşayan erməni və yəhudilərin statusunu müəyyən etdi. Bu milli azlıqlar tamhüquqlu Türkiyə vətəndaşı elan edildi. Amma Lozannada həllini tapmayan nüanslar da oldu. İraqla Türkiyə sərhəddindəki Mosul vilayətinin statusunun qeyri-müəyyən qalması, Kipr məsələsində razılığın əldə edilməməsi, sonradan regionda ciddi münaqişələrin formalaşmasına gətirib çıxardı. Konfransda iştirak edən RSFSR xalq xarici işlər komissarı Georgi Çiçerin 1923-cı ilin yanvarında Beynəlxalq Erməni Cəmiyyətinə göndərdiyi məktubda sovet hökumətinin erməniləri qəbul etməyə hazır olduğunu bildirdi. Ermənilərin mühacirəti üzrə komissiyanın 1923-cü il martın 23-də keçirilən iclasında 200 min erməninin SSRİ ərazisinə köçürülməsi qərarı azərbaycanlıların bütün istiqamətlərdə sıxışdırılmasında mühüm rol oynadı. Həmin il Naxçıvanın azərbaycanlılar yaşayan 9 kəndi Ermənistana verildi. İki il sonra, 1925-ci il mayın 19-da Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə ermənilər Naxçıvana da yerləşdirildi. Bunlar azmış kimi, 1923-cü il iyulun 7-də Qarabağın dağlıq hissəsində mərkəzi Xankəndi olmaqla Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) təşkil edildi. Həmin ilin sentyabr ayında şəhərin adı dəyişdirilərək azərbaycanlılara qarşı soyqırımının təşkilatçılarından olan Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı.
Ermənilərin Cənubi Qafqaza gətirilərək azərbaycanlılara məxsus ərazilərdə yerləşdirilməsi 30-cu illərdə də davam etdirildi. 1936-cı ilin may ayında təkcə Parisdən Ermənistana 2 min erməni gətirildi. Nəticədə, ermənilərin özlərinin də etiraf etdikləri kimi, əgər 1920-ci ildə Ermənistanda 774 min nəfər əhali vardısa, 1936-cı ildə onların sayı 1 milyon 200 min, yəni, 55 faiz oldu. Ermənilərin bu artmı isə azərbaycanlıların boşalan yurd-yuvası, sönən ocaqları hesabına baş verirdi.
İkinci Dünya müharibəsindən sonrakı illərdə erməni hakim dairələri bir neçə istiqamətdə fəaliyyət göstərməyə başladı. Onlar əvvəlcə sovet rəhbərliyinin göstərişi ilə Türkiyəyə qarşı ərazi iddiaları irəli sürdülər. Lakin Türkiyə hökuməti bu əsassız iddiaları qətiyyətlə rədd etdi. Bunun ardınca Ermənistan K(b)P MK katibi Q.Arutunov 1945-ci ilin noyabrında Stalinə məktubla müraciət edərək Dağlıq Qarabağ Muxtar Vilayətinə iddia irəli sürdü. Onun müraciəti əks olunan məktuba Azərbaycan K (b)P MK katibi Mircəfər Bağırov 1945-ci il dekabrın 10-da əsaslı bir məktubla cavab verdi. 5 səhifədən ibarət olan bu məktubda Q.Arutunovun əsassız iddiaları rədd edildi. Türkiyədən ərazilər və Azərbaycandan Dağlıq Qarabağı ala bilməyən Ermənistan rəhbərliyi xarici ölkələrdən ermənilərin köçürülüb məskunlaşdırılması məsələsini gündəmə gətirdi. Nəticədə SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də və 1948-ci il martın 10-da azərbaycanlı əhalinin Ermənistandan Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında qərar qəbul etdi. Beləliklə, 1948-ci və 1953-cü illərdə 100 mindən artıq azərbaycanlı zorla tarixi torpaqlarından köçürüldü və xaricdən gətirilən ermənilər onların hər cür şəraiti olan dədə-baba evlərinə yerləşdirildilər.
Sonrakı illərdə də ermənilərin Cənubi Qafqaza gətirilməsi işi davam etdirildi. 1961-ci ilin ortaları üçün 200 min, 1962-1973-cü illərdə isə 26 mindən çox erməni Cənubi Qafqazda yerləşərək qatı millətçilik və düşmənçilik hisslərini qızışdırmağa başladılar. Bu qızışdırılan hisslər uydurulan “tarixlər” isə illər boyu öz işini görürdü. Artıq o illərdə 20 Yanvar, Xocalı və digər faciələrimizin konturları görünürdü. Erməni başbilənlərinin fantaziyaları, uydurmaları isə əvvəllər olduğu kimi indi də heç bir hüdud tanımır: “Dünyada ilk xristianlar ermənilərdir”, “Ən qədim dövlət ermənilərdə olub” və s. və ilaxır... Bəzən elə əcaib bir vəziyyət yaranır ki, hətta özləri özlərinə etiraz etməyə başlayırlar. Bu yaxınlarda Ermənistanın sabiq baş naziri, Erməni Milli Konqresi parlament fraksiyasının deputatı Qrant Baqratyan “erməni alimləri”nin əksinə xristianlığı birinci qəbul edən ölkənin Ermənistan deyil, Osrayena (Edessa) olduğunu etiraf etməsi də bu qəbildəndir. O, özünün Facebook sosial şəbəkəsində belə yazıb: “...bəzən biz din ilə dövləti qarışıq salırıq, şövqə gəlib dərsliklərimizi və tariximizi uydurma faktlarla doldururuq. Tarixi saxtalaşdırmaq olmaz. Məsələn, dünyada birinci xristian dövləti Osreyana olub. Heç olmasa bir dəfə ensiklopediyaları vərəqləyin. Biz özümüz- özümüzü tərifləyə-tərifləyə hiss etmirik ki, dünyada ən geridə qalmış dövlətlərdən biriyik. Bəs, həqiqətən qürrələnmək üçün nə etmişik? Bu cür yanlış müraciətnamələr ilk növbədə özümüzə qarşı yönəlib. Biz hamını öyrətməyə başlayırıq, amma özümüzü unuduruq”.


Bəxtiyar QARACA,
“Azərbaycan”
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !