Azərbaycan Müəllimlər İnstitutunda 20 yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib -

Azərbaycan Müəllimlər İnstitutunda 20 yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib

25 il əvvəl – 1990-cı ilin 20 yanvar tarixində Azərbaycan xalqına qarşı həyata keçirilmiş terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Həmin gün küçə və meydanlara toplaşmış insanların haqq səsini, etiraz səsini susdurmaq məqsədilə Bakıda misli-bərabəri olmayan vəhşilik və vandalizm tədbirlərinə əl atılıb. Azərbaycan Müəllimlər İnstitutu (AMİ) və onun filiallarında Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün qeyd edilməsi barədə” 06 yanvar 2015-ci il tarixli əmrinə müvafiq olaraq təsdiq edilmiş tədbirlər planına əsasən yanvarın 14-dən etibarən silsilə tədbirlər həyata keçirilib.
Tədbirlər planına əsasən 20 Yanvar hadisələrinin mahiyyəti və nəticələri ilə bağlı xüsusi stend və kitabxanada guşə təşkil edilib, faciənin iyirmi beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib, əlavə təhsil və qiyabi şöbə üzrə bütün tədris qruplarında birinci akademik saat 20 yanvar hadisələrinin mahiyyətinə həsr olunub. Yanvarın 20-də institutun professor-müəllim heyətinin və tələbələrin Şəhidlər xiyabanına ziyarətinin təşkil olunması nəzərdə tutulub. İnstitutun rəsmi internet saytında AMİ və onun filiallarında həyata keçirilmiş tədbirlər haqqında xəbərlər yerləşdirilib.
Yanvarın 15-də 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə institut rəhbərliyi, professor-müəllim heyəti institutda ixtisasartırma təhsilində olan dinləyicilər də iştirak ediblər. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı tədbiri giriş sözü ilə açaraq faciənin ildönümü ilə əlaqədar Azərbaycan xalqı və dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. Rektor A.H.Naxçıvanlı qeyd edib ki, iyirmi beş il əvvəl törədilmiş yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Vurğulanıb ki, 20 yanvar hadisəsinə ilk olaraq ulu öndər Heydər Əliyev münasibət bildirib, özünün və yaxınlarının həyatını təhlükə qarşısında qoyaraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək azərbaycanlılar və xarici jurnalistlər qarşısında bəyanat verib, düşmən siyasətini ifşa edib. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.
Sonra ümummilli lider Heydər Əliyevin faciənin səhəri gün Moskvadakı tarixi çıxışının videolenti və şəhidlərin xatirəsinə həsr olunmuş, faciə günlərini əks etdirən video-slayd nümayiş olunub. İxtisasartırma və yenidənhazırlanma fakültəsinin dekanı dosent Əsabəli Quliyev, ixtisasartırma təhsili üzrə dinləyicilərdən Şabran şəhər 2 saylı məktəb-liseyin təşkilatçısı Gülşən Rzayeva, Sumqayıt şəhər 31 saylı tam orta məktəbin coğrafiya müəllimi Ülviyyə Cavadova, Bərdə rayonu Mirzalıbəyli kənd tam orta məktəbinin direktoru Nizami Quliyev, Zaqatala rayonu Kəpənəkçi kənd tam orta məktəbin tarix müəllimi Məqsəd Mirzəyev, Yevlax rayonu Əkşəm kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəlalə Haqverdiyeva, Salyan rayonu Xalac kənd tam orta məktəbinin GÇQH rəhbəri Nurlan Fərzəliyev 20 Yanvar faciəsi haqqında məruzə ilə çıxış ediblər.
Bununla yanaşı, payız imtahan sessiyasının gedişi ilə əlaqədar olaraq 16-17 yanvar tarixlərində qruplarda imtahan başla¬mazdan əvvəl professor-müəllim heyəti tərəfindən tələbələrlə 20 yanvar faciəsinin səbəb və nəticələri barədə maarif¬ləndirici söhbət aparılıb, şəhidlə¬rin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər bildiriblər ki, 1990-cı ilin yanvar ayında Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi görünməmiş qəddarlıq və vəhşiliklə müşayiət edilib. Hadisələr zamanı 137 nəfər öldürülüb, 700-dək insan yaralanıb, 800 nəfərdən çox isə qanunsuz olaraq həbs edilib.
O qanlı gecədə övladlarının uğrunda canlarını fəda etdikləri Müstəqil Azərbaycan dövləti günü-gündən inkişaf edir, qüdrəti artır, daha da çiçəklənir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !