20 Yanvar – Azadlıq mübarizəmizin qəhrəmanlıq səhifəsi adlı tədbir keçirilmişdir -

“20 Yanvar – Azadlıq mübarizəmizin qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilmişdir

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi beş il keçir. 20 Yanvar faciəsi respublikada milli-azadlıq hərəkatına və demokratik proseslərə ağır zərbə vursa da, xalqımızın iradəsini sındıra bilmədi. Bu terror istiqlaliyyət, milli-azadlıq və müstəqillik uğrunda aparılan hərəkata güclü təkan verdi və respublikada siyasi mübarizə yeni tarixi dövrə daxil oldu. Azərbaycanın istiqlalı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi heykəli hər bir azərbaycanlının ürəyində ucalır. Şəhidlərimizin əziz ruhu xalqımız və dövlətimiz tərəfindən hər zaman dərin ehtiramla anılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il olduğu kimi, bu il də faciə qurbanlarını yad etmək, xalqımızın qəhrəmanlıq tarixində xüsusi iz qoymuş 20 yanvar faciəsi həqiqətlərindən ibrət götürmək və lazımi səviyyədə gənc nəslə çatdırmaq məqsədilə “20 Yanvar – Azadlıq mübarizəmizin qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirmişdir.

Tədbirdə millət vəkilləri, dövlət orqanlarının nümayəndələri, tarixçi alimlər, yazıçı və vətəndaş cəmiyyətinin üzvləri iştirak etmişdir.

Azərbaycan Respublikası Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi təşkilatlarla iş sektorunun müdiri Elman Paşayev, Milli Məclisin deputatı Nizami Cəfərov, AMEA, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, xalq şairi Nəriman Həsənzadə, BDU-nun professoru Nuru Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov və başqaları 20 Yanvar faciəsinin başvermə səbəblərindən və acı nəticələrindən söz açıblar. Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətəndaşların Sosial Rifahının Gücləndiririlməsinə Dəstək” İctimai Birliyi tərəfindən çəkilmiş “Ölümə qənşər” bədii-sənədli filminin təqdimatı keçirilmişdir. Filmin çəkilişi Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış Milli Qəhrəmanlarımızın ailə üzvləri və döyüş yoldaşlarının xatirələri əsasında qurulmuşdur.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !