İqtisadiyyat və Sənaye Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir -

İqtisadiyyat və Sənaye Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir

Yanvarın 16-da İqtisadiyyat və Sənaye Nazirliyində Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən nazir müavini Sahil Babayev Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən danışaraq, Sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşilikləri, günahsız insanların qətlə yetirildiyini xatırlatmışdır. Qeyd edilmişdir ki, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayət, insanların qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmiş, əksinə, xalqı daha da birləşdirmiş, mübarizliyini artırmışdır. Sahil Babayev Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gəldiyini, həyatını təhlükə qarşısında qoyaraq, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə ittiham etdiyini, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdiyini bildirmişdir. Məhz Ümummilli Liderimizin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir.
Ulu Öndərimizin siyasi kursunu inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə mühüm qərarlar qəbul edilir, hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir.
Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələri barədə geniş məlumat vermiş, həmin gecənin Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu vurğulamışlar. Xalqımızın yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsi heç bir zaman unudulmayacaq, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi Azərbaycansevərlərin qəlbində daim yaşayacaqdır.
20 yanvar əlili Sona Atayeva 20 yanvar hadisələri ilə bağlı təəssüratlarını bölüşmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin ailə üzvlərinə və sağlamlığını itirmiş şəxslərə göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkür etmişdir.
Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş "Müqəddəs məkan" filmi nümayiş olunmuşdur.
Əlillərin əl işlərindən ibarət sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !