ADU-da 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi - FOTO

ADU-da 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi FOTO

Yanvarın 16-da Azərbaycan Dillər Universitetində universitetin tələbəsi olmuş, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin adını daşıyan açıq muzeyinin önündə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi.
İlk öncə 1990-cı il 20 Yanvar tarixində şəhid olmuş insanların ruhları bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov universitetdə hər il 20 Yanvar faciəsinin, faciədə canlarından keçmiş şəhidlərin ruhunun anıldığını bildirdi. Bu gün Azərbaycanın müstəqil dövlət kimi ölkələr arasında düzgün siyasət yürütməsinin, sabitliyin, inkişafın, gənclərin üzündəki təbəssümün, gələcək haqqında düşüncələrin şəhidlərin qanı hesabına olduğunu söyləyən rektor universitetin tələbəsi olmuş, 20 Yanvar şəhidi Ülvi Bünyadzadəni xatırladı. Bu illər ərzində Ülvinin atası Yusif Bünyadzadənin anım günü burada olduğunu deyən rektor Səməd Seyidov şəhidin atasının ruhuna rəhmət dilədi. Və artıq iki ildir ki, Ülvinin bacısı Könül Bünyadzadənin bu tədbirdə iştirak etdiyini qeyd etdi. 20 Yanvar faciəsində qanlar axıdıldığını, çoxlu sayda insanların həlak olduğunu deyən rektor bu tarixin müstəqillik, azadlıq, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq istiqamətində mübarizə günü olduğunu bildirdi. Bu hadisələrə biganə qalmayan Ümummilli lider Heydər Əliyevin hadisənin növbəti günü Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək açıq etiraz etdiyini Sovet imperiyası tərəfindən törədilmiş bu cinayəti dünya ictimaiyyətinin diqqətinə çatdırdığını dedi. Rektor Səməd Seyidov 20 Yanvar hadisələrinin dünyaya çatdırılmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini sözlərinə əlavə etdi. Azərbaycanın günü-gündən inkişaf etdiyini, gücləndiyini deyən rektor Səməd Seyidov bütün sahələrdə yüksəlişin Prezident İlham Əliyevin dünya ölkələri ilə yüksək tribunada uğurlu çıxışlarının nəticəsi olduğunu bildirdi. 20 Yanvar faciəsinin Azərbaycan xalqının mentalitetinin tərkib hissəsinə çevrilmiş hadisə kimi həkk olunduğunu deyən Səməd Seyidov bu səbəbdən də Azərbaycanın gələcəyə inamla baxdığını söylədi. Rektor 20 Yanvar şəhidlərinin Azərbaycan xalqının yaddaşında azadlıq mücahidləri kimi daim yaşayacağını, xatirələri dərin ehtiramla yad ediləcəklərini bildirdi.
Daha sonra 20 Yanvar hadisələri, şəhidlik zirvəsinə ucalmış insanlar haqqında videoçarx nümayiş olundu.
ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev 20 Yanvar faciəsində Azərbaycan xalqının öz dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirmələri, azadlıq uğrunda mübarizələri haqqında danışdı. Şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən söz açan Anar Nağıyev 20 Yanvar şəhidlərinin ölümləri ilə ölməzliyə qovuşduqlarını dedi.
Ülvi Bünyadzadənin bacısı şərqşünas alim, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə çıxışında dünyada baş verən hadisələrdən söz açaraq müstəqil Azərbaycanda yaşamaqdan sevinc hissi duyduğunu dilə gətirdi. 20 Yanvar hadisələrindən danışan K. Bünyzadzadə Ümummilli lider Heydər Əliyevin şəhidlərə sahib çıxdığını qeyd etdi. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildiyini dedi. K. Bünyadzadə universitetin rektoru, professor Səməd Seyidova göstərdiyi qayğıya görə təşəkkürlərini bildirdi.
ADU YAP Gənclər Birliyinin sədri Nərgiz Məmmədova Bəxtiyar Vahabzadənin “Şəhidlər” adlı şeirini səsləndirdi.
Qeyd edək ki, tədbirdən öncə universitetin müəllim-tələbə heyəti Şəhidlər Xiyabanının ziyarət etdi, 20 Yanvar şəhidlərinin məzarları önünə tər-çiçək dəstələri qoydular.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !