Həyatın və ölümün dərsləri adlı tədbir-sərgi təşkil olunacaq -

“Həyatın və ölümün dərsləri” adlı tədbir-sərgi təşkil olunacaq

2015-ci il yanvarın 16-da saat 12:00-da Prezident Administrasiyası  rəhbərinin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Həyatın və ölümün dərsləri” adlı tədbir-sərgi təşkil olunacaq.
Sərgidə muzeyin fonduna daxil olunmuş yeni eksponatlar - 20 Yanvar faciəsinin şəhidlərinin şəxsi əşyaları, nümayiş olunacaq.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, 20 Yanvar faciəsinin şəhidləri Ülvi Bünyadzadənin bibisi Almaz Binnətova, Ələsgər Qaibovun qohumu Salman Novruzlu və digər qonaqlar çıxış edəcəklər.
Tədbirdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar artist Yaqubova Mahirənin rejissorluğu ilə hazırlanan həmin universitetin tələbələrinin iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunan kompozisiya nümayiş olunacaq, əməkdar artistlər Ağalar Bayramov və Teyyub Aslanın ifalarında şeir və muğam səslənəcək.
Tədbirdə 20 Yanvar faciəsinin şəhidlərinin ailə üzvləri, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunlarının şəxsi heyəti, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının tələbələri və digər qonaqlar iştirak edəcəklər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !