ADU-da 20 yanvar hadisələrində qadınların qəhrəmanlıq mübarizəsi adlı dəyirmi masa keçirildi -

ADU-da “20 yanvar hadisələrində qadınların qəhrəmanlıq mübarizəsi” adlı dəyirmi masa keçirildi

Azərbaycan Dillər Universitetində “20 yanvar hadisələrində qadınların qəhrəmanlıq mübarizəsi” adlı dəyirmi masa keçirildi. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun 20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün təhsil müəssisələrində qeyd edilməsi məqsədi ilə imzaladığı 6 yanvar 2015-ci il tarixli 8 nömrəli əmrinə əsasən keçirilən tədbir ADU-nun Qadınlar Şurası və Kitabxana İnformasiya Mərkəzinin (KİM) birgə təşkilatçılığı ilə baş tutdu. Dəyirmi masada universitetin Qadınlar Şurasının sədri, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, Kitabxana İnformasiya Mərkəzinin müdiri Nuranə Tağıyeva, kafedranın və kitabxanın əməkdaşları iştirak edirdi.
Giriş nitqi ilə çıxış edən KİM-nin bölmə müdiri Gülxar Məmmədova 20 yanvar hadisələrindən 25 il keçməsinə baxmayaraq o günlərin dərin kədərlə anıldığını bildirdi. Azərbaycan Dillər Universitetinin tələbəsi olmuş, 20 yanvar şəhidi Ülvi Bünyadzadəni yad edən G. Məmmədova şəhidimizin vətənpərvərlik hissləri ilə zəngin gənc olduğunu qeyd etdi. Şəhidlik adının ən yüksək zirvə olduğunu bildirən Gülxar Məmmədova vətəni vətən etmək üçün canından keçmək lazım olduğunu qeyd etdi. O, Azərbaycan torpaqlarının yenidən bütöv ad altında birləşəcəyindən əminliyini ifadə etdi.
ADU-nun Qadınlar Şurasının sədri, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva çıxışında 20 yanvar hadisələrindən söz açdı, acı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. O, həmin dönəmlərdə Azərbaycan xalqının haqsızlığa məruz qaldığını vurğulayaraq o illərdə özünün də iştirakçısı olduğu hadisələri göz önündən keçirdi. Ümummilli lider Heydər Əliyevin ölkədən uzaqda olmasına baxmayaraq 20 yanvar hadisələrinə biganə qalmadığını deyən M. Qazıyeva ulu öndərin 20 yanvar faciəsini dünyaya çatdıraraq hadisələrin inkişafına müdaxilə etdiyini bildirdi. Ümummilli liderin siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini deyən M. Qazıyeva torpaqlarımızın qaytarılacağı anın uzaqda olmadığını vurğuladı.
Daha sonra çıxış edən universitetin Tələbə Həmkarlar Təşkilatının sədri Aytəkin Mehdiyeva və Pedaqoji (ingilis dili-fransız dili) fakültənin tələbəsi Çoşğun Dadaşov 20 yanvar faciəsi haqqında fikirlərini bildirdilər və müstəqilliyin gənc nəsil üçün miras olduğundan, bu mirasın qorunub saxlanılmasının vacibliyindən söz açdılar. Bildirdilər ki, gənclik öz müqəddəratını düzgün müəyyənləşdirməlidir ki, bir daha belə hadisələr yaşanmasın.
Dəyirmi masa müzakirələrlə sona çatdı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !