Türkiyənin media nümayəndələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər - FOTO

Türkiyənin media nümayəndələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər FOTO

Bakıda Türkiyə-Azərbaycan Media Əməkdaşlıq Proqramı çərçivəsində keçirilən konfransın iştirakçılarının bir qrupu dekabrın 13-də Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib.

AzərTAc xəbər verir ki, Qubaya gələn Türkiyənin ölkəmizdəki səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin, eləcə də qardaş ölkə mediasının başqa nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.

Daha sonra Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edən konfrans iştirakçıları ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərin bariz sübutları ilə yaxından tanış olublar.

Ziyarətçilərə 2007-ci ilin aprelində aşkarlanan Quba kütləvi məzarlığı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kütləvi məzarlıqdan əksəriyyəti uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir.

Məzarlıqda gördüklərindən təsirlənən qonaqlar bu faktların dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Türkiyə və Azərbaycan mediasının birgə fəaliyyətinin vacibliyini vurğulayıblar.

Ankara Qazi Universitetinin jurnalistika fakültəsinin dekanı Zakir Avşar bildirib ki, bu kimi real faktlardan istifadə edərək ermənilərin tarixdə olmayan, reallığı əks etdirməyən soyqırımı yalanının qarşısını almaq mümkündür. Alim sözünə davam edərək deyib: “Ermənilər soyqırımına məruz qaldıqlarını iddia etdikləri ilk dövrlərdə guya 117 min nəfərin öldürüldüyünü bildirirdilər. Amma indi bu rəqəmi iki milyona kimi şişirdiblər. Ağ yalandır. Onların əlində bunu sübut edəcək heç bir fakt yoxdur. Ermənilər günəşin qarşısını palçıqla suvamaq istəyirlər. Amma bu mümkün deyil. Əksinə, ermənilərin türklərə, müsəlmanlara qarşı törətdikləri soyqırımılarının real sübutlarına Azərbaycanda, eləcə də Türkiyədə rast gəlmək mümkündür. İndi səylərimizi birləşdirib bizim bildiyimiz bu faktları dünyaya da tanıtmalıyıq. Bu işdə yeni medianın imkanlarından daha geniş istifadə olunmalıdır”.

Ziyarətçilər Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ilə də yaxından tanış olub, xatirə kitabına ürək sözlərini yazıblar.

Daha sonra konfrans iştirakçılarının Azərbaycanın şimal bölgəsində fəaliyyət göstərən media nümayəndələri ilə görüşü keçirilib.

Quba şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək Bakıda “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusunda keçirilən konfransın məqsədi haqqında ətraflı danışıb.

Görüşdə Türkiyə və Azərbaycan media nümayəndələrinin qarşılıqlı əməkdaşlıq yolları müzakirə olunub, maraqlı təkliflər səsləndirilib.

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !