Bəxtiyar SADIQOV: - Jurnalist məsuliyyəti və vətəndaş təəssübkeşliyi

Bəxtiyar SADIQOV: Jurnalist məsuliyyəti və vətəndaş təəssübkeşliyi

Azərbaycanda həqiqi mətbuat və söz azadlığı mövcuddur.
Əvvəla, istənilən adam istədiyi vaxt çox asanlıqla mətbuat vasitəsi təsis edə bilir.
İkincisi, mətbuatda kim nədən, necə, hansı formada istəsə yazır.
Üçüncüsü, ölkə əhalisinin 70%-dən çoxu internet istifadəçisidir.

Başqa bir məqam.
Dövlət başçısının qoyduğu moratoriuma əsasən yeddi ildən çoxdur ki, heç bir jurnalist yazdığı yazıya, dediyi sözə görə cinayət məsuliyyətinə cəlb olunmur!
Əslində bu, bir çox yazarların əl-qolunu açıb, xəbis niyyətlilərin və sifarişli yazı yazanların işinə yarayıb.
Ancaq vətəndaş da dözməyə alışır...
Ən nəhayət, mətbuatda senzuranı ləğv edən, onu dövlət nəzarətindən çıxaran və jurnalistlərlə dostluq etməyi bacaran indiki iqtidar heç zaman geriyə doğru addım atmayacağını, heç bir halda KİV-lərin azad və sərbəst şəkildə informasiya toplamaq və yaymaq fəaliyyətini məhdudlaşdırmayacağını bəyan edib!
Belə bir məqama diqqət yetirək:
Vətəndaş-media, jurnalist-məmur münasibətlərində qələm sahiblərinin mənafeyinə işləyən güzəştlər etmək mümkündür və edilir.
Mətbuat - milli mənafe, qələm əhli və xalqın maraqları müstəvisində isə güzəştə getmək, başqa sözlə, dövləti və milli maraqları mətbuat və söz azadlığına qurban vermək olarmı?!
Heç zaman!
Çünki Vətənin və xalqın maraqları, dövlətin mənafeyi hamıdan və hər şeydən ucada durur!
Üstəlik, dövlətin qanunları var və demokratiya həm də qanunun aliliyinin təmini demək olduğundan Azərbaycanın milli təhlükəsizliyinə xidmət edən qanunların müvafiq maddələrini heç zaman unutmaq olmaz!
vvv
Yenidən cari ilin avqust ayının əvvəllərində erməni kəşfiyyat-təxribat qruplarının Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə etdikləri basqınlar zamanı KİV-lərdə, habelə internet media resurslarında hadisələrin işıqlandırılmasında baş verən səriştəsizlik, qeyri-peşəkarlıq və qərəzli informasiyalar barədə söhbət açmaq istəyirik. Məsələ ilə bağlı Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərləri ilə görüşündə hadisəyə kəskin münasibətini bildirdi. Akademik Ramiz Mehdiyevin xatırlatdığımız müşavirədəki çıxışından iki məqama diqqət çəkirik:
“Açıq deməliyəm, bir sıra informasiya resursları bir tərəfdən Ermənistan kəşfiyyatı üçün məlumat ötürücüsünə çevrilir, digər tərəfdən də düşmənin Azərbaycan əleyhinə apardığı mənəvi-psixoloji müharibəyə “töhfə” verərək həm əsgərlər, həm də əhali arasında çaşqınlıq, ruh düşkünlüyü yaranmasına səbəb olurlar”.
“Təəssüf ki, yalnız Facebook, Tvitter, Youtube kimi beynəlxalq şəbəkələr, BBC, “Amerikanın səsi”, “Azadlıq” radiosu kimi bəzi beynəlxalq media brendlərinin yerli nümayəndəlikləri deyil, hətta bir sıra hallarda Azərbaycan KİV-ləri də xalqımıza qarşı necə amansız psixoloji müharibə aparıldığını unudaraq, düşmən mediasının təxribat xarakterli məlumatlarını olduğu kimi tirajlayırlar. Bəzi informasiya resurslarının belə məlumatları olduğu kimi yayması qəbuledilməzdir və düşmən erməni təbliğatının düşünülmüş qaydada Azərbaycan ictimai rəyinə yeridilməsindən başqa bir şey deyildir. Qəzəbləndirici hal ondan ibarətdir ki, bir sıra KİV-lər isə düşmən kəşfiyyatı üçün açıq informasiya mənbəyi rolu oynayırlar”.
Müşavirədəki məruzə və çıxışlarda səsləndirilən fikirlər, eyni zamanda, məsələnin ciddiliyi və dövləti əhəmiyyəti çox kəskin qərarlar qəbul ediləcəyini, hətta çap və elektron medianın cəbhə bölgəsində baş verənləri, ordu quruculuğu ilə bağlı prosesləri işıqlandırmaqda müəyyən məhdudiyyət yaradılacağı ehtimalına əsas verirdi.
Lakin belə olmadı!
Azərbaycan iqtidarı yenə də mətbuat və söz azadlığını yüksəkdə saxladı, jurnalistlərin informasiya toplamasına heç bir məhdudiyyət qoymadı!
Söhbət mövcud qanunvericiliyə edilə biləcək dəyişikliklərdən gedir.
Amma dövləti maraqları da arxa plana keçirmək mümkün deyil!
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” 24 sentyabr 2014-cü il tarixli sərəncamı çətin və mürəkkəb məsələnin həllinin ən optimal variantı sayıla bilər.
Bu mühüm sənəd heç kəsin hüquqlarını məhdudlaşdırmır!
Bu mühüm sənəd mətbuat və söz azadlığına xələl gətirmir!
Bu mühüm sənəd heç kəsi məsuliyyətdən də azad etmir!
Eyni zamanda, qanunun aliliyini təmin edir.
Dövləti maraqların qorunmasına yol açır.
Çox haqlı olaraq bütün ağırlıq mərkəzi jurnalist məsuliyyəti, vətəndaş təəssübkeşliyi və əlaqədar qurumların qanunun tələbləri əsasında fəaliyyətlərini daha da gücləndirmələri üzərinə keçirilir.
Bax bu məqamda qanunun aliliyi ilə Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarının vəhdəti də tələb olunur.
Sənəd qələm əhlinin üzərinə həm də “köhnə-yeni” vəzifələr qoyur.
“Köhnə” - ona görə ki, bu vəzifələr var idi, amma son hadisələr göstərdi ki, ona lazımi səviyyədə əməl olunmur!
“Yeni” - odur ki, artıq bu məsələdə son dərəcədə ciddi olmaq və qanunun tələblərinə dəqiqliklə əməl etmək vacibdir!
Həm də jurnalistlərin və “cəbhə informasiyalarına” aid olan bütün qurumların və insanların fəallığı şəraitində!
vvv
İyirmi beş ildən çoxdur ki, Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir.
İyirmi beş ildən çoxdur ki, Azərbaycan mətbuatı hərbi əməliyyatlardan, ordudan, düşmənlə təmas xəttində baş verən hadisələrdən yazır.
Bu, jurnalistlərin müharibə mövzusunda yazmağı öyrənməsi üçün kifayət qədər böyük müddətdir.
Amma hamısı öyrənə bilibmi?
Adıçəkilən müşavirədə akademik Ramiz Mehdiyevin dərin təhlilə əsaslanan məruzəsində səsləndirilən fikirlər, həm də KİV-lərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövzuların işıqlandırılması vəziyyəti açıq şəkildə göstərir ki, nöqsan və çatışmazlıqlar üç mühüm səbəbdən baş verir:
- naşılıq;
- qeyri-peşəkarlıq;
- məqsədyönlü şəkildə, qəsdən.
Məsələyə bu üç rakursdan nəzər salaq və əvvəlcə belə bir suala cavab verməyə çalışaq: hərbi mövzuda bütün jurnalistlər yaza bilərmi?
Cavab birmənalıdır: yox!
Çünki bu spesifik sahədir! Üstəlik, dövləti maraqlar və insanların həyati mənafeyi ilə sıx bağlıdır! Hər ehtiyatsız söz, ifadə, cümlə narahatlıq, təşviş doğura bilər, düşmənə yarayacaq informasiyaya çevrilər! Odur ki, əvvəla, jurnalist bu mövzuya müraciət etməzdən qabaq müvafiq biliyə yiyələnməli və səriştə toplamalıdır. Ikincisi, müvafiq qanunvericiliklə tanış olmalı, xüsusən “Dövlət sirri haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası qanunlarının müvafiq bəndlərini bilməli və tələblərinə əməl etməlidir!
Hərbi mövzuda yazan jurnalistin sahənin terminlərini bilməsi də çox vacibdir. Unutmaq olmaz ki, hər bir terminin ifadə etdiyi konkret məfhum və məna var, onlar heç zaman bir-birilə qarışdırılmamalıdır. Məsələn, “sərhəd xətti” bir məhfumdur, “cəbhə xətti”, “təmas xətti”, “cəbhəboyu zona” başqa anlayışları ehtiva edir. Yaxud “neytral ərazi” bir məna daşıyır, “yerli əhalinin yaşamadığı ərazi” bambaşqa mənadadır.
Bütün bunlarla bərabər, müharibədən yazan jurnalist əsl vətənpərvər olmalı, öz xalqını və millətini sevməyi, təəssübünü çəkməyi bacarmalıdır!
Qeyri-peşəkarlıqdan irəli gələn səhvlər də mövcuddur. Bu, daim şou-biznes mövzusunda yazanların “qaşınmayan yerdən qan çıxarmaq” vərdişindən irəli gəlir.
Atəşkəsin pozulmasından “sensasiyalı informasiya” düzəltmək olmaz! Çünki çox həssas məsələdir və cəbhə boyu ərazidə yaşayan, uzun illərdən bəri məcburi köçkün həyatı sürən minlərlə insan üçün ağrılı və həyati əhəmiyyətlidir! Jurnalist bu məqamı hökmən nəzərə almalıdır. O, cəbhə boyu zonada gözünə boş dəyən bir-iki evdən yox, gecə-gündüz orada yaşayan, düşmən gülləsi altında təsərrüfat işləri görən, atəşkəs ciddi şəkildə pozulanda belə, ordusuna və dövlətinə güvənərək ev-eşiyini tərk etməyən insanları yazısının qəhrəmanına çevirməlidir! Telejurnalist müsahibinə sual verməzdən öncə hansı cavabı alacağını təxmin etməli, bu cavabın təmas xəttinə yaxın ərazidə yaşayan digər insanlara necə təsir edəcəyini, inam və etibar, yaxud təşviş və ruh düşkünlüyü yarada biləcəyini hökmən nəzərə almalıdır. Yoxsa onun hərbi mövzuda yazmağa vətənpərvər insan kimi haqqı yoxdur! Akademik Ramiz Mehdiyev məhz belə məqamı nəzərdə tutaraq xüsusi vurğulamışdır: “Müasir dövrdə vahid informasiya məkanının mövcud olduğu şəraitdə medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. KİV-lər Azərbaycanın konstitusiya quruluşu, ərazi bütövlüyü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, milli təhlükəsizlik və digər bu kimi məsələlərdə kifayət qədər həssas davranmalı, cəmiyyətə milli təəssübkeşliyin nümunəsini təqdim etməli, onun obyektiv və operativ informasiya ehtiyacını ödəmək missiyasını milli maraqlarla uzlaşdırmalıdırlar. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca elementlərini təşkil etməlidir”.
Avqust hadisələri zamanı cəbhə bölgəsindən qəsdən yalan informasiyalar vermək, əhalidə ruh düşkünlüyü yaratmaq, hər hansı münaqişə zamanı təqsiri Azərbaycan tərəfinin üzərinə qoymaq cəhdlərinin də, bu işlə məşğul olmaq üçün qısa müddətdə yaradılan və fəaliyyət göstərən bəzi internet resurslarının canfəşanlığının da şahidi olduq. Antiazərbaycançı şəbəkə daim belə məqamlarda alçaq xislətini büruzə vermək imkanını heç zaman əldən buraxmır!
“Qrant uşaqları” adlanan, adları azərbaycanlı olsa da, vətənə xəyanətə daim hazır olanların mövcudluğu və fəaliyyətləri də kimsəyə sirr deyildir! Təəssüf ki, belələrinin ağzından vuranların və onlara yerlərini göstərənlərin sayı çox azdır! Əslində, ilk növbədə, ictimaiyyət milli maraqları hərraca qoyanları ifşa edib, onlara dözülməzlik şəraiti yaratmalıdır.
Cənab İlham Əliyevin 24 sentyabr 2014-cü il tarixli sərəncamında “dövlət sirri təşkil edən məlumatların yayılmasına görə məsuliyyətin gücləndirilməsi”, “hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən digər məlumatların yayılmasının yolverilməzliyi barədə izahat işlərinin təşkili”, “dövlət sirri təşkil edən məlumatları yayan şəxsləri müəyyən edib onların qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunmasının” vacibliyi də göstərilmişdir. Göründüyü kimi, bu məsələlərdə təkcə jurnalistlərin yox, digər sahələrdə çalışanların, ictimaiyyətin də fəallığı arzu olunandır.
Son hadisə - 12 noyabrda Ermənistanın hərbi vertolyotunun Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulması və həmin məqamın çəkilərək tez-tələsik, düşünülmədən internetdə yerləşdirilməsi də göstərir ki, bu sahədə bəzi nöqsanlar hələ də mövcuddur!
Ön mövqedə olan hərbçinin əlində niyə çəkilişə və süjetin internetə ötürülməsinə imkan verən cihaz olmalıdır? Çəkilən kadrlar niyə Müdafiə Nazirliyinin xəbəri və razılığı olmadan ictimaiyyətə açıqlanmalıdır?
Belə səhvlərin qarşısının alınması üçün ilkin, şifahi razılıq da əldə olunmuşdu ki, cəbhənin təmas xəttindəki hadisələrlə bağlı informasiyalar yalnız Müdafiə Nazirliyinin müvafiq qurumlarının açıqlamasından sonra, həm də həmin açıqlamalar çərçivəsində və ruhunda olmalıdır!
Amma yenə də tələskənlik, yenə də ölçü-biçisiz hərbi xarakterli informasiya dövriyyəyə buraxılır.
Unutmayaq, hamımızın Azərbaycan adlı müstəqil dövləti və Vətəni var!
Onun Qarabağ adlı yarası hələ də sağalmayıb!
Ürəyində vətən eşqi olan hər bir kəs milli maraqları şəxsi mənafeyindən uca tutmağı bacarmalı, daim ölkəsinin təəssübünü çəkərək haqq işini müdafiə etmək üçün qüvvə və bacarığını əsirgəməməlidir.
Bu həm də azərbaycanlı adını daşıyan hər bir vətən övladının müqəddəs borcudur!


Bəxtiyar SADIQOV
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !