Lənkəranda treninq keçirilmişdir -

Lənkəranda treninq keçirilmişdir

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi ölkədə gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi məqsədilə regionlarda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlər üçün maarifləndirmə tədbirlərini davam etdirir.
Növbəti treninq Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənclər üçün keçirilmişdir.
"Biznes ideyanı yarat", "Öz biznesinə başla", "Marketinq" mövzularında keçirilən treninqdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən, o cümlədən innovativ sahibkarlığın stimullaşdırılması üçün həyata keçirilən tədbirlər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, gənclərin məşğulluğunun təmin olunması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2013-cü ildən "Azərbaycan gənclərinin sahibkarlıq fəaliyyətində iştirakının dəstəklənməsi layihəsi"nin icrasına başlanılmış və layihə çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda biznes inkubator yaradılmışdır. Hazırda biznes-inkubatorda 20 gənc sahibkar kimi hazırlanır.
Treninqdə iştirakçılara biznes-ideyanın yaradılması və həyata keçirilməsi SWOT təhlilin aparılması, bu sahədə beynəlxalq təcrübə, yeni biznes subyektlərinin yaradılması qaydaları, marketinq, satışın təşkili, reklam fəaliyyəti və s. barədə məlumat verilmişdir.
Bundan başqa, treninqdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair təqdimat keçirilmiş, www.icazeler.gov.az, və www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılmışdır.
Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !