Qubada Alma bayramı - FOTO

Qubada “Alma bayramı” FOTO

Oktyabrın 22-də Qubada üçüncü dəfə “Alma bayramı” qeyd edilib.
AzərTAc xəbər verir ki, 2012-ci ildən etibarən ənənəvi olaraq hər il təşkil edilən “Alma bayramı” şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunub. Bayram tədbirinə Milli Məclisin deputatları, qonşu rayonların icra strukturlarının rəhbərləri, 100-dən artıq xarici ölkə nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, görkəmli elm və mədəniyyət xadimləri qatılıb.
Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilib. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunub.
Mərasimdə çıxış edənlər festivalın keçirilməsini milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin tanıdılmasında, almanın və ondan hazırlanan məhsulların təbliğində böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.
Bayram tədbirinə qatılan xarici ölkə nümayəndələri mərasimdə təqdim olunan kompozisiya və stendləri maraqla izləyib, almadan hazırlanan müxtəlif təamları dadıblar.
“Alma bayramı”nda qubalı bağbanlar arasında ən böyük alma nominasiyası üzrə qalib də müəyyənləşib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !