Bəxtiyar SADIQOV: - SÖZDƏ və QƏLƏMDƏ PEŞƏKARLIQ

Bəxtiyar SADIQOV: SÖZDƏ və QƏLƏMDƏ PEŞƏKARLIQ

Yaxud qeyri-peşəkarlarla peşəkarlıq barədə söhbət

2. ÇOXLUQ KEYFİYYƏT GÖSTƏRİCİSİ DEYİL

Müasir dövrdə vahid informasiya məkanının mövcud olduğu şəraitdə medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. KİV-lər Azərbaycanın konstitusiya quruluşu, ərazi bütövlüyü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, milli təhlükəsizlik və digər bu kimi məsələlərdə kifayət qədər həssas davranmalı, cəmiyyətə milli təəssübkeşliyin nümunəsini təqdim etməli, onun obyektiv və operativ informasiya ehtiyacını ödəmək missiyasını milli maraqlarla uzlaşdırmalıdırlar. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca elementlərini təşkil etməlidir.


Akademik Ramiz MEHDİYEV



Ölkəmizdə 40-dək gündəlik, təqribən 200-dən artıq həftəlik və aylıq qəzet çıxır. 300-ə yaxın isə aktiv internet informasiya resursu fəaliyyətdədir. Beş mindən artıq KİV fəaliyyətə başlamaq üçün qeydiyyatdan keçmişdir. Bu qədər KİV-nin işləməsi və qeydə düşməsi Azərbaycanda mətbuat və söz azadlığının əlamətidir. Amma peşəkar jurnalist "bolluğuna" dəlalət etmir!
Əslində çoxluq özü keyfiyyət göstəricisi deyil!
Jurnalist diplomu olan hər insan peşəkar jurnalist sayılmır!
Qəzet-jurnal redaksiyasında çalışan hər müxbir də peşəkar jurnalist deyil!
Jurnalist peşəkarlığına çatmaq 3 mühüm mərhələdən keçir:
Bunlardan birincisi "savadlı yazmaq"dır - yəni, gördüyünü, müsahibinin dediyini olduğu kimi qələmə almaqdır.
İkinci mərhələ "obrazlı düşünmək"dir. Bu halda müxbir gördüyünü və öyrəndiyini beyninin süzgəcindən keçirərək daha maraqlı formada yazmağa, müxtəlif təşbih və bənzətmələrdən istifadə etməyə, öz düşüncə və fikirlərini hazırlayacağı məqaləyə əlavə etməyə çalışır.
Üçüncü mərhələ isə "öz üslubu olmaq" adlanır. Artiq bu, peşəkarlıq sayılır və hər jurnalist fərdi üsluba yiyələnə bilmir. Çünki bu mərhələyə yüksəlmək üçün fərd jurnalistikadan adlayaraq publisistikaya çatmalıdır. Öz üslubu formalaşan jurnalist artıq başqalarından o dərəcədə fərqlənir ki, yazısına imza qoymadıqda, yaxud imzanı gizlətmək üçün qondarma ad yazdıqda belə oxucu dərhal əsl müəllifin kimliyini təyin edə bilir.
Buna qədər deyilənləri ümumiləşdirsək qəti nəticəyə gəlmək mümkündür: zəruri elmi biliyi, analitik təfəkkür qabiliyyəti, mürəkkəb hadisələrdən baş çıxarmaq üçün müasir və geniş dünyagörüşü olmayanlar, Azərbaycan dilinin qayda-qanunlarını və dilin incəliklərini, ondan istifadə imkanlarını bilməyənlər, habelə jurnalistikanın nəzəriyyə və təcrübəsindən xəbərsizlər heç zaman peşəkarlıq səviyyəsinə yüksələ bilməzlər!
Tarixi təcrübə və "nümunələr" göstərir ki, "münbit şəraitə" düşmüş hər bir istedadlı və bilikli jurnalistin peşəkarlıq səviyyəsinə çatmasından ötrü ən azı 15 il vaxt gərək olur! O da öz üzərində daim işləsə!
Müstəqillik qazanıldıqdan sonra ölkəmizdə mətbuatla bağlı çox ciddi və müsbət tendensiyalı proseslər baş verib. Azərbaycan milli mətbuatı yarandıqdan düz 123-il sonra - ulu öndər Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli fərmanı ilə mətbuata senzura nəzarəti ləğv edilib, daha sonra atılan addımlarla birlikdə dövlətin mətbuata təsir imkanları sıfıra endirilib. İndi Azərbaycanda sözün həqiqi mənasında mətbuat və söz azadlığı mövcuddur. KİV haqqında ikinci dəfə qəbul edilən qanun öz demokratikliyi və loyallığı ilə seçilir. Hazırda qəzet təsis etmək və jurnalistlik fəaliyyəti ilə məşğul olmaq son dərəcədə sadələşdirilib və asanlaşdırılıb. Bircə ərizə ilə Ədliyyə Nazirliyinə müraciət etmək kifayətdir.
Mətbuatda özünütənzimləmə prinsipi ilə işləyən və sahənin problemləri ilə müntəzəm, peşəkarcasına məşğul olan Mətbuat Şurasının yaradılması və fəaliyyətə başlaması bütövlükdə azad mətbuatın inkişafına mühüm töhfə oldu. Məhz bu qurum vasitəsilə jurnalistlər bir araya gəlib həlli vacib problemləri birgə səylə aradan qaldırır, dövlətin dəstəyinə ehtiyac duyanda Mətbuat Şurası vasitəsilə ölkə Prezidentinə müraciət edir, müasir mətbuatın problem və qayğılarının çözümündə səylərini birləşdirirlər. Dövlət başçısı cənab İlham Əliyevlə Mətbuat Şurası İdarə Heyətinin görüşü zamanı jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, jurnalistika fakültələrinə qəbul zamanı qabiliyyət imtahanlarının verilməsilə bağlı müraciətlər qısa zamanda müsbət həllini tapmışdır. KİV-lərin maddi durumunun yaxşılaşdırılması və jurnalistlərin rifahının yüksəldilməsinə kömək niyyətilə yaradılan KİV-nin inkişafına Dövlət Dəstəyi Fondu da mətbu sözün inkişafına və jurnalistlərin fəaliyyətlərinin səmərəsinin yüksəldilməsinə yönələn uğurlu addımlardandır. Bütövlükdə Azərbaycanın indiki iqtidarı mətbuat və jurnalistikanın inkişafına dünyanın heç yerində təsadüf edilməyən və dünyaya nümunə olacaq töhfələr vermişdir!
Müstəqillik dövründə mətbuat və söz azadlığının genişləndirilməsinə, yeni, müstəqil çap və elektron medianın, jurnalist təşkilatlarının yaranmasına, sahəyə dövlət qayğısının əhəmiyyətli dərəcədə yüksəlməsinə baxmayaraq, ümumilikdə, mətbuatda peşəkarlıq səviyyəsi nəzərəçarpacaq dərəcədə aşağı düşmüşdür! Halbuki dövlət jurnalistika sahəsində çalışanların da peşəkarlıqlarının yüksəlməsində maraqlıdır və bununla bağlı xeyli tədbirlər görülmüşdür. Prezident İlham Əliyev "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" sərəncamında Azərbaycan jurnalistikasının qarşısına qoyduğu vəzifələr sırasında peşəkarlığa öndə yer vermişdir: "Azərbaycan jurnalistikası peşəkarlıq, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və mətbuat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır".
Bəs peşəkarlığın enmə səbəbləri hansılardır?
Sovet dövrünün ciddi "çərçivə" və məhdudiyyətlərinə, mətbuata partiya və senzura nəzarətinə baxmayaraq peşəkar jurnalist və redaktor kadrlarının yetişdirilməsində ciddi uğurlar qazanılmışdı. Artıq müstəqil dövlət olmağımızdan iyirmi ildən də çox vaxt keçir. Təbii itkilərin (dünyasını dəyişmə, təqaüdə çıxma) təsiri daha çox peşəkar jurnalistlər sırasında hiss olunur. Jurnalistikadan məmurlar cərgəsinə keçənlər də ən çox peşəkarlar arasındadır.
İkinci səbəb qeyri-peşəkarların kütləvi şəkildə sahəyə kütləvi axınından doğmuşdur. Sovet dövründə jurnalist diplomu olmayanların qəzet-jurnal redaksiyalarında işə götürülmələri müşkül məsələ sayılırdı. Zəif qələm sahiblərini, mənfi imicə malik insanları isə heç redaksiyanın qapısından içəriyə buraxmazdılar. Jurnalistlər hörmətli peşə sahibləri, partiyanın "qızıl fondu" hesab olunurdular.
Indi isə öz sahəsində uğur qazanmayanlar, hıqqına-hıqqına bir-iki cümlə quranlar, bağlı qapıları jurnalist vəsiqəsinin köməyi ilə açaraq pul dilənmək istəyənlər mətbuata gələrək "reket jurnalist"lər dəstəsini yaradıblar! Belələri arabir televiziyaya, sayt və qəzetlərə çıxaraq insanları inandırmağa çalışırlar ki, (əslində özlərinin bu sahədə qalmasını əsaslandırmaq istəyirlər) ixtisas təhsilinin, öyrənməyin faydası yoxdur! Odur ki, özləri üçün "çörəyə" çevirdikləri peşə barədə elementar bilgilərə yiyələnməyə belə can atmırlar.
Kitab nəşri imkanla bağlı asan məsələ olduğundan ordan-burdan 5-10 manat vəsait tapıb primitiv məqalələrindən "toplum" yaradır, sonra yeni "əsər"lərinin təbliği ilə məşğul olaraq redaksiyaları əldən-ayaqdan salır, boş-bekar adamları yığıb "təqdimat mərasimi" keçirirlər.
Şəxsin kitab buraxması onun peşəkar jurnalistliyinə dəlalət etmir! Peşəkarlıq yazıların dəyəri və sanbalı ilə ölçülür!
Peşəkarlığın prinsipləri və yazılmamış qanunlar var. Qeyd etdiyimiz kimi, onların əksəriyyəti Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarında əksini tapıb. Ən maraqlı məqam budur ki, uzun müddətli yaradıcılıq nəticəsində peşəkar jurnalistlərdə "jurnalist vicdanı" adlı bir anlayış formalaşır. Bu "vicdan" yaradıcı insanın daxilində yerləşərək ciddi "senzor" vəzifəsini yerinə yetirir! Ancaq bu "senzura" sovet dövründən tanıdığımız "senzura" deyil! İnsanı "könüllü icraya" sövq edən "vicdan senzurası"dır. Bu "senzura" əli qələmlini qoymur ki, özünə rəva bilmədiyini başqasına rəva görsün! İnsanların aşağılanmasını, ləyaqətlərinə toxunulmasını demirik, heç qəlblərinə dəyəcək ifadələr işlədilməsinə, doğruluğuna əmin olmadığı faktların yazıya salınmasına belə "yol vermir"!
"Peşəkar jurnalist vicdanı" dövlət və dövlətçilik, milli maraqlar anlayışını da "könüllü" qəbul edir, jurnalistikada vətənpərvərliyi daim uca tutaraq qoruyur. Peşəkar jurnalist vətənin təəssübünü çəkməyi, ümumi maraqları güdməyi, xırda, cılız hisslərdən uzaq olmağı, qərəzli, sifarişli yazılardan kənar durmağı, şəxsi ləyaqət hissini, jurnalistikanın prinsip və yazılmamış qanunlarını yüksəkdə tutmağı bacarır.
O heç vaxt düşmən dövlətin təxribat məqsədilə yaydığı yalan məlumatları Azərbaycan informasiya məkanına gətirərək yaymaz! Hardansa eşidib bildiyi hərbi sirr xarakterli xəbərləri sensasiya yaratmaq xatirinə qəzet səhifəsinə və internet saytına qoymaz! Lazım gələndə heç bir təklif gözləmədən dövləti maraqlarının müdafiəsinə qalxaraq Azərbaycanın haqq işini təmənnasız şəkildə müdafiə edər!
Jurnalist peşəkarlığı həm də mənəviyyatdır, vətən sevgisidir. Mən heç zaman mənəviyyatlı insanların "reket jurnalistikası" ilə məşğul olduğunu görməmişəm! Eyni zamanda, "reket qəzetlər"də dövlətə və xalqa dəstək olan, millətin mənafeyinə xidmət edən normal yazılarla rastlaşmamışam! Kimin mənəviyyatı necədirsə, vicdanı nəyə köklənibsə, bütün bunları yazılarında, jurnalistlik fəaliyyətində asanlıqla görmək mümkündür.
Xalqın gözü mizan-tərəzidir. Jurnalistika isə göz qabağında olan, hamının asanlıqla tanış olduğu fəaliyyət sahəsidir. Heç kim oxucunu aldatmaq fikrinə düşməsin! Çünki onun yazısını oxuyanlar təkcə faktları və hadisələri yox, müəllifin özünü də görürlər. Ayıq, səriştəli oxucunun gözünə kül üfürmək isə qeyri-mümkündür.
Səmimi və düz olmaq lazımdır!



Bəxtiyar SADIQOV
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !