Bəxtiyar Sadıqov -

Bəxtiyar Sadıqov

Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov "Media forum" saytına müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən danışıb.
- Ermənistan və Azərbaycan prezidentlərinin Rusiyanın dövlət başçısının vasitəçiliyi ilə keçirilən Kazan görüşü uğursuz başa çatandan sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında diplomatik fəallıq artıb. İyulun 8-də Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycan və Ermənistanın dövlət başçılarına yeni təkliflərin yer aldığı məktubla müraciət edib. İyulun 11-də ABŞ və Rusiya prezidentləri telefonla danışaraq Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Həmin gün Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-a səfər edib. O, Vaşinqtonda Qarabağ müzakirələri aparacaq. Sizcə, bu diplomatik fəallıq nə vəd edir?
- Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün qeyd etdiyiniz diplomatik fəallıq bu gün var və özünü artıq aydın göstərir. Lakin 17 illik danışıqlar təcrübəsinə nəzər yetirdikdə onu da görmək olar ki, münaqişənin diplomatik müstəvidə həllini nəzərdə tutan analoji fəallıqlar əvvəllər də olub, azalan və ya artan xətt üzrə inkişaf edib. Fəallıq dərəcəsinin özünün zirvə nöqtəsinə çatdığı dönəmlərdə belə, təəssüf ki, arzuedilən nəticə əldə olunmayıb, ərazilərimizin işğalına son qoyulmayıb.
Bunun kökündə isə iki əsas önəmli səbəb dayanır. Əvvəla, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkib təcavüz siyasətinə, münaqişə ilə bağlı status-kvonun dəyişməsinə son qoymaq istəmir. Bu da problemin sülh yolu ilə çözümünə böyük təhlükə olaraq qalır. Ermənistanın belə mövqedən çıxış etməsi birbaşa münaqişənin həllinə danışıqlar vasitəsilə imkan verməyən digər önəmli ikinci səbəblə şərtlənir. Söhbət ATƏT-in Minsk qrupuna həmsədrlik edən və özlərini fövqəldövlət statusunda görən ölkələrin prinsipsizliyindən, qətiyyətsizliyindən, ikili standartlardan çıxış etməsindən gedir. Əgər belə olmasaydı, öz dövlətçiliyinin qürub çağını yaşayan Ermənistana həmsədrlər tərəfindən kiçik bir təzyiq belə kifayət edərdi ki, o, təcavüzkar siyasətinə son qoysun, işğal edilmiş Azərbaycan ərazilərindən silahlı qüvvələrini çıxarsın, ölkəmizin ərazi bütövlüyünü tanısın.
Belə təzyiq əvəzinə həmsədrlər təcavüzkara müxtəlif formada dəstək verir, onu işğal siyasətini davam etdirməyə az qala şirnikləndirir. Bununla həm də ərsəyə gəlməsində bilavasitə özlərinin iştirak etdikləri beynəlxalq hüquq normalarının onlar üçün adi kağız parçası, havaya sovrulmuş quru söz yığını olduğunu da göstərmiş olurlar. Onlar öz maraq və mövqelərinin həmin hüquq normalarından yuxarıda dayandığını da əməldə göstərirlər. Yoxsa münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi çoxdan icra edilərdi. Lakin həmin qətnamələrin icrası Liviyada, İraqda olduğu kimi böyük dövlətlərin maraqlarına birbaşa cavab vermir. Ona görə də bu dövlətlər təcavüzkarla təcvüzə uğrayan tərəf arasında heç bir fərq qomaq istəmirlər. Əksinə, işğal faktı üzərində maraqlarının təmininə yönəlmiş müxtəlif oyunlar qurmağa daha çox vaxt və güc sərf edirlər. Bütün bunlar nəticə etibarı ilə Dağlıq Qarabağ münaqişəsinin dinc şəkildə həllinə ciddi təhdidlər yaradır.
Konkret olaraq Rusiyanın timsalında münaqişənin həlli istiqamətində növbəti diplomatik fəallığa gəlincə, onun hansı nəticələrlə yekunlaşacağını, konkret nələr vəd etdiyini indidən qəti formada söylmək olmaz. Hər halda çox arzu edərdik ki, budəfəki diplomatik fəallıq səmimiliyə söykənsin və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli prosesinin başlanmasına gətirib çıxarsın. Əgər bu ədalətli həll olmayacaqsa, onda həmsədrlərə münasibətdə sarsılmış inamın çatları daha da böyüyəcək.
- Bəzi təhlilçilərin fikrincə, masa üzərində olan baza prinsipləri Azərbaycana sərf etmir. Analitik Elxan Şahinoğlu "Media forum"a müsahibəsində Azərbaycan hakimiyyətinə Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutan Madrid prinsiplərini tam açıqlamağı təklif edib. Onun fikrincə, dövlət rəhbərliyi ictimaiyyəti məlumatlandırıb səfərbər etməklə Azərbaycana diplomatik təzyiqləri neytrallaşdıra bilər. Saytın bu təklif əsasında açdığı müzakirələrdə danışan jurnalist Bahəddin Həziyev, politoloqlar Sülhəddin Əkbər, Niyaz Yaqublunun, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının da mövqeləri eyni olub. Siz nə düşünürsünüz?
- Mən digərlərinin bu məsələ ilə bağlı fikirlərini şərh etmək istəməzdim. Şəxsi qənaətim isə belədir ki, danışıqlar prosesində hansısa məqamın Azərbaycanın marağına uyğun olmadığını heç kim iddia edə bilməz. Çünki rəsmi dairələrdən savayı, kimsə danışıqlar prosesində iştirak etmir. Danışıqlar prosesi ilə bağlı müəyyən spekulyativ fikirlər söyləyənlərə isə xatırlatmaq istəyirəm. Dövlət başçısı, möhtərəm İlham Əliyev müxtəlif illərdə ölkə ictimaiyyəti ilə keçirdiyi görüşlərdə bu spekulyativ fikirlərə prinsipial, aydın, şəffaf münasibətini bildirib. Və qətiyyətlə bəyan edib ki, danışıqlar prosesi yalnız beynəlxalq hüquq norma və prinsipləri əsasında aparılır! Azərbaycanın ərazi bütövlüyü, suverenliyi hansısa müzakirə və mübahisə predmeti olma bilməz!
2009-cu ilin payızında Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada imzaladıqları birgə sənəddə də göstərilirdi ki, danışıqlar prosesi yalnız beynəlxalq hüquq norma və prinsipləri əsasında həllini tapmalıdır. Möhtərəm prezidentimiz bunu ən müxtəlif səviyyəli çıxışlarında, nitqlərində hər zaman diqqətə çatdırır. Bunun özü danışıqların gedişi barədə cəmiyyətə verilən obyektiv informasiya və hesabat deyilmi? Cənab İlham Əliyev onu da bəyan edib ki, danışıqlar prosesində Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir variant qəbul edilməyəcək! Yəni bu məsələdə hansısa qaranlıq, narahatlığa rəvac verən heç bir məqam yoxdur. İctimaiyyətə danışıqların konseptual mahiyyəti barədə bütün məlumatlar mütəmadi verilir.
Sualınızdakı əsas məqama gəlincə isə qeyd edim ki, ictimaiyyətin məlumatlandırılması nəticəsində mümkün təzyiqlərin neytrallaşdırılmasına imkan yaradılması mümkündür. Bu, variantlardan biridir, amma istinad olunacaq əsas variant deyil, indiki məqamda bu qətiyyən optimal gediş sayılmır. Unutmaq lazım deyil ki, hər iki tərəf danışıqların məxfi saxlanması ilə bağlı üzərinə öhdəlik götürüb. Tarixən digər münaqişələrin həlli ilə bağlı danışıqlar prosesi də konfidensial xarakter daşıyır və yalnız yekun razılaşma ictimaiyyətin müzakirəsinə təqdim edilib. Əslində belə də olmalıdır, çünki danışıqlar prosesi daim yeniləşir, təkmilləşir. Bu mənada onsuz da riyakar və nihilist mövqe tutan erməni tərəfinə hansısa bəhanə verməyə lüzum yoxdur. Hesab edirəm ki, danışıqlar prosesini bütün detallarına qədər ictimaiyyətə çatdırmaq o qədər də prinsipial əhəmiyyətli məsələ deyil Çünki son variantda istənilən razılaşma və yaxud sənəd onsuz da xalqın müzakirəsinə çıxarılacaq.
Madrid prinsiplərinin tam açıqlanmasına gəlincə, rəsmi Bakı bu təkliflərin heç də hamısının məqbul olmadığını dəfələrlə bəyan edib. Lakin bununla belə həmin prinsiplərin Azərbaycan üçün tam qəbuledilməz olmadığı da vurğulanıb. Ancaq rəsmi Bakıdan fərqli olaraq Ermənistan rəhbərliyi uzun müddət bu prinsiplərlə bağlı mövqe bildirməkdən imtina etdi. Bu bir daha göstərir ki, əslində bu gün Ermənistanın bütün addımları mövcud "status-kvo"nun qorunub saxlanılmasına, vaxtın uzadılmasına yönəlib. Bunu artıq Minsk qrupu həmsədrləri də başa düşürlər. Təəssüf ki, onlar təcavüzkar tərəfə prinsipial şəkildə təzyiq göstərmək istəmirlər.
Hesab edirəm ki, biz danışıqlar prosesində ilk növbədə Azərbaycan prezidenti cənab İlham Əliyevin lider kimi qətiyyətinə, siyasətçi kimi xarizmasına, diplomat kimi taktiki gedişlərinə, azərbaycanlı kimi milli təəssübkeşlik hissinə tam güvənməli və inanmalıyıq. Möhtərəm prezidentimiz milli maraqlarımızı hər zaman olduğu kimi bu gün də qətiyyətlə müdafiə edir.
- İndi təzyiq daha çox Azərbaycana, yoxsa Ermənistana edilir? Əgər Azərbaycana təzyiq edilirsə, bununla nəsə əldə edə biləcəklərmi və təzyiqləri neytrallaşdırmaq üçün rəsmi Bakı hansı addımlar atmalıdır?
- Açıq danışmaq istərdim. Ermənistana indi konkret hansısa formada və tərzdə təzyiq edilib-edilməməsi barədə məlumatım yoxdur. Amma bu işğalçı dövlətə dəstəyin yüksək səviyyədə olması heç kimə sirr deyil. Özü də münaqişənin sülh yolu ilə çözümündə vasitəçilik missiyasını yerinə yetirən dövlətlər tərəfindən təcavüzkara daha çox dəstək verilir, ən müxtəlif formalarda yardımlar edilir. Məsələn, Rusiya vaxtaşırı işğalçı tərəfə silah yardımları edir. Özü də bəzən bu yardımın dəyəri milyard dollarla ölçülür. Bundan başqa Rusiya öz daxili qiymətlərinə uyğun, yəni ən aşağı qiymətlərlə Ermənistana silah satır. Ermənistan ərazisində birgə silah zavodları yaratmağı planlaşdırır. Gümridəki 102-ci hərbi bazasında şəxsi heyətin tərkibinə erməniləri cəlb edir. Yenə həmin bazada "artıq" hesab edilən silah-sursat əvəzsiz olaraq Ermənistana verilir. Bundan başqa Ermənistana maliyyə, iqtsadi və digər zəmində böyük yardımlar göstərir.
Özünü "ədalət mücəssəməsi" sayan ABŞ işğal edilmiş Azərbaycan ərazilərində yaradılan separatçı rejimə, eləcə də işğalçı Ermənistana hər il on milyonlarla dollar məbləğində yardım ayırır. Erməni lobbisinin diktəsi ilə oturub-duran senatorlar, konqresmenlər digər formada təcavüzkara yardımlar üçün dəridən-qabıqdan çıxırlar. Ermənilər Fransanı özlərinin ən böyük siyasi və mənəvi hamilərindən biri kimi gördüklərini gizlətmirlər. Başqa sözlə, indi Ermənistanın bir dövlət olaraq mövcudiyyətini davam etdirməsi, buna paralel şəkildə Azərbaycan ərazilərini işğalda saxlaması həm də həmsədr-vasitəçi ölkələrin təcavüzkara verdiyi dəstək sayəsində mümkün olub. Nə yazıq ki, bu dəstək indi də verilir və müasir beynəlxalq hüquqda ikiüzlülüyün, riyakarlığın ən bariz nümunələrindən biri kimi çıxış edir.
Azərbaycana gəldikdə isə ölkəmizə təzyiqlər edilir. Amma bu təzyiqlərin əsl səbəbi odur ki, Azərbaycan güclü, qüdrətli dövlətə çevrilir, mövcud olduğu regionun siyasi, iqtisadi mənzərəsinin müəyyən olunmasında əsas söz sahibinə çevrilib, regionun inkişafı onsuz mümkün deyil, burada gedən geosiyasi, geoiqtisadi oyunlarda Azərbaycan obyekt yox, subyekt kimi iştirak edir. Eyni zamanda Cənubi Qafqazda reallaşan və reallaşması nəzərdə tutulan transmilli layihələrin taleyi Azərbaycandan asılıdır. Bu və digər reallıqlar başqalarına öz şərtlərini diktə etməyə alışmış föqəldövlətlərə sərf etmir və onlar Azərbaycanı belə təzyiqlərlə zəif duruma düşürə biləcəklərini zənn edirlər. Elə Dağlıq Qarabağ münaqişəsinin meydana gəlməsinin əsl səbəblərindən biri də bununla bağlıdır və bu süni problemi yaratmaqla böyük dövlətlər ölkəmizə güclü təsir və təzyiq rıçaqları qazanmağı planlaşdırmışdı. İndinin özündə də münaqişə vasitəsilə Azərbaycana təzyiqlər edilməyə cəhd olunduğu sirr deyil.
Amma yaddan çıxarmaq lazım deyil ki, ölkə prezidenti İlham Əliyev mahir siyasətçi, eyni zamanda peşəkar diplomatdır. Onun kimi diplomatlar isə oyun şərtlərini özləri diktə edir. Nəticə də ondan ibarətdir ki, Azərbaycana təzyiqlərin arxasında duranlar heç nə əldə etmir, əksinə, qarşılarında getdikcə qüdrətlənən bir ölkə görürlər. Həmin ölkə ki, ərazi bütövlüyünü güc yolu ilə azad etmək iqtidarında olduğunu iyunun 26-da keçirdiyi möhtəşəm hərbi paradla bir daha bütün dünyaya, o cümlədən təcavüzkar Ermənistana nümayiş etdirdi. Bu hərbi parad həm də Azərbaycana təzyiq etməyə çalışanlara, Ermənistanın arxasında duranlara çox sərt mesaj oldu.
Burada daha bir maraqlı məqamı qeyd etmək istərdim. Ötən gün cənab İlham Əliyev Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli avtomobil yolunun tikintisi məqsədilə Ağdam Rayon İcra Hakimiyyətinə 6 milyon manat vəsait ayrılması üçün sərəncam verdi. Bir hissəsi işğal edilmiş rayonun ərazisində belə vacib infrastrukturun tikintisi əbəs deyil və hərbdən az-çox məlumatı olanlar bu infrastrukturun hansı böyük əhəmiyyətə malik olduğunu yaxşı bilirlər.
- Hakimiyyət müxalifətlə bir araya gəlib məsələni müzakirə edə bilərmi?
- Hesab etmirəm ki, indi gündəlikdə müxalifətlə müzakirə olunacaq qədər hansısa ciddi sənəd və yaxud məsələ var. Təəssüf hissi ilə deməliyəm ki, Azərbaycanın radikal müxalifətinin Qarabağ məsələsi ilə bağlı nümayiş etdirdiyi mövqe hər zaman populizmə, irreal fikir və rəylərə əsaslanıb. Yəni onlar son 15 ildə Qarabağ münaqişəsi ətrafında daim manipulyasiya edib, danışıqlarla bağlı əsassız fikirlər səsləndiriblər. Bununla da guya ölkə iqtidarının nüfuzuna xələl gətirməyə çalışıblar. Digər tərəfdən bu gün Azərbaycanın radikal müxalifətini Qarabağdan çox hakimiyyət maraqları düşündürür. Radikal mövqedə dayanan partiyalar cılız niyyətlərini gerçəkləşdirmək üçün hətta müəyyən ermənipərəst dairələrlə əməkdaşlıq etməkdən, onlardan qrant almaqdan belə çəkinməyiblər. Azərbaycan cəmiyyəti parlament seçkiləri ərəfəsində Ermənistanın müəyyən siyasi təşkilatları ilə rəsmi izdivaca imza atan həmin partiyaların milli maraqlar məsələsində daim qeyri-səmimi olduğunu çoxdan başa düşüb. Eyni zamanda, 2000 ABŞ dolları müqabilində Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığa gedən "psevdovətənpərvər gəncləri" də unutmayıb.
Aqressiv müxalifətin mart-aprel ayında keçirdiyi bir neçə icazəsiz aksiyanı xatırlatmaq istərdim. Bir qrup gənci xuliqanlıq hərəkətlərinə sövq edənlər o zaman Qarabağ mövzusunu dillərinə belə gətirmirdilər. Onlar Qarabağ məsələsi ilə bağlı heç zaman bu cür aksiyalar keçirməyiblər. Eyni zamanda, belə aksiyalarda heç zaman "Qarabağ" şüarını səsləndirməyiblər. Bütün bunlar barədə geniş danışmağa lüzum yoxdur. Hesab edirəm ki, aqressiv müxalifətlə danışıqlar o zaman məqbul ola bilər ki, onlar milli maraqlara cavab verən ədalətli, obyektiv, vicdanlı mövqe tutsunlar. Hələ ki, mən onların müsbətə doğru dəyişdiyini müşahidə etmirəm.
- Əsas məsələlərdən biri Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək referendumdur. Bəzi məlumatlara görə Azərbaycan Dağlıq Qarabağda referendum keçirilməsinə razılıq verib. Bu, mümkündürmü?
- Siz yenə də sualınızı "bəzi məlumatlara görə" ifadəsinə əsaslanaraq verirsiniz. Axı bu bəzi məlumatların dəqiqliyinə nə dərəcə təminat var? Danışıqlar barədə belə "dəqiq" informasiyaları onlara kim verib? Amma şübhəsiz ki, belə bir referendumun keçirilməsi nə vaxtsa istisna da olunmur. Buna qədər rəsmi Bakının irəli sürdüyü şərtlər həllini tapmalıdır. Yəni Azərbaycanın işğal olunmuş əraziləri qeyd-şərtsiz boşaldılmalı, işğalçı qüvvələr geri çəkilməli, qaçın və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalı, kommunikasiyalar bərpa olunmalıdır. Bundan sonra isə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa hansısa yüksək statusun verilməsi məsələsi müzakirə mövzusu ola bilər. Bu statusun müəyyənləşdirilməsi üçün nə vaxtsa referendum keçirilə bilər. Bir şərtlə ki, həmin referendumda Dağlıq Qarabağın azərbaycanlı icması da iştirak etsin. Hələlik isə münaşiqənin paket deyil, mərhələli həllindən söhbət gedir.
"Media forum"

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !