Bəxtiyar SADIQOV : - Naşılıq, qeyri-peşəkarlıq, yoxsa düşmənə xidmət

Bəxtiyar SADIQOV : Naşılıq, qeyri-peşəkarlıq, yoxsa düşmənə xidmət

 "Bu gün Azərbaycanın uğurlu inkişafını heç də hər kəs qəbul etmir. Ölkə daxilində də milli satqınlar var ki, onlar xarici antiazərbaycan dairələrinə öz vicdanını satıblar. Xarici dairələr var ki, çalışırlar Azərbaycanda sabitlik pozulsun, inkişaf dayansın, Azərbaycan asılı vəziyyətə düşsün. Biz bunu bilirik. Mən Prezident kimi gündəlik fəaliyyətimdə bu qüvvələrə qarşı açıq mübarizə aparıram. Ona görə də Azərbaycana qarşı mediada qarayaxma, böhtan kampaniyaları aparılır. Bunun səbəbi odur ki, biz müstəqilliyimizi qoruyuruq. Azərbaycan xalqının haqlı tələbini, müstəqil olmaq arzusunu qoruyuruq, qoruyacağıq".

İlham ƏLİYEV



"Unutmaq lazım deyil ki, vəzifəsindən, mövqeyindən, sosial statusundan asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı vahid amal uğrunda-Azərbaycanın inkişafı, ümummilli problemlərin həlli, dövlət və milli maraqların təmin olunması üçün bütün qüvvəsini səfərbər etməyə və var gücü ilə çalışmağa borcludur."

Akademik Ramiz MEHDİYEV



Cari ilin avqust ayının əvvəllərində cəbhənin Ağdam-Tərtər istiqamətində erməni kəşfiyyat-təxribat qrupları Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqın etdilər. Gərginlik bir neçə gün davam etdi, hər iki tərəfdən itkilər və yaralananlar oldu.
Azərbaycan ordusu və Azərbaycan əsgəri bu sınaqdan mərdliklə, bütün parametrlər üzrə düşməndən üstün olduğunu sübut edən nəticələrlə çıxdı!
Bu təxribatın səbəbi, məqsədi barədə danışmaq fikrində deyilik. Əsas nəticə o oldu ki, artıq Ermənistandan köçüb-qaçanların sayı əhəmiyyətli dərəcədə artıb, Ermənistan əhalisi və cəmiyyəti qorxu və təşvişə düşüb, daha ona rəhbərlik edən "Qarabağ klanı"na və onun siyasətinə inanmır, bunu açıq-aşkar etiraf edənlərin sayı da sürətlə artır!
Məqsədimiz cəbhədə gərginlik davam edən müddətdə Azərbaycan mediasının davranışı, hərbi əməliyyat barədə cəmiyyətə çatdırdığı informasiyalar və onun "keyfiyyəti", elektron və çap KİV-lərinin hərbi sirlərə, dövlət və milli maraqların qorunmasına yanaşması, jurnalist məsuliyyəti və vətənpərvərliyi, habelə peşəkarlıqla bağlı bir sıra məsələlər barədə fikir və mülahizələrimizi hörmətli oxucularla bölüşməkdir.
Əvvəlcədən qeyd edək ki, avqust ayının 29-da Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbərliyi və dövlət orqanlarının informasiya verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri kapitanlarının iştirakı ilə geniş müşavirə keçirildi. Müşavirədə akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələlər barədə dərin təhlilə və ətraflı araşdırmaya söykənən, dəyərli təkliflər və tövsiyələr irəli sürülən məruzə ilə çıxış etdi. Məruzədə gərginlik davam edən dövrdə bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyəti, media, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazimi qaydada yerinə yetirə bilmədiyi tənqid edilərək ciddi iradlar bildirildi.

Köhnə səhvlərin təkrarı

"Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda hərbi əməliyyatlar alovlanan zaman hakimiyyət nümayəndələrinin, ayrı-ayrı "ekspertlərin", kütləvi informasiya vasitələrinin qeyri-peşəkar, qanunlara və milli maraqlara zidd, bəzi hallarda isə bilərəkdən təxribatçı fəaliyyətlərinin hansı ağır fəsadlara səbəb olduğunu unutmayıb. O vaxt məhz cəmiyyətdə hökm sürən xaosun, özbaşınalığın nəticəsi idi ki, bəzən Azərbaycan silahlı birləşmələrinin əməliyyat planı əvvəlcədən qəzet səhifələrində müzakirə olunur, hərbi arsenalın həcmi, texniki göstəriciləri, hərbi hissələrin zəif və ya güclü olduğu mövqelər, düşmənlə üzbəüz dayanmış yaşayış məntəqələrində əhalinin sayı və əhval-ruhiyyəsi dəqiqliklə təsvir edilirdi".

Akademik Ramiz MEHDİYEV


1991-1993-cü illər Dağlıq Qarabağ uğrunda müharibənin aktiv fazası idi. Müharibə dövlət səviyyəsində aparılmadığından, nizami ordu olmadığından və bu istiqamətdə real addımlar atılmadığından torpaqlarımızı qarış-qarış, kəndbəkənd itirirdik. Hakimiyyət uğrunda durmadan davam edən mübarizə də düşmənlərimizə əlverişli şərait yaratmışdı. Şübhəsiz, müdafiə naziri, sonralar vətənə xəyanətə görə ömürlük həbsə məhkum edilən Rəhim Qazıyev, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri isə hazırda vətənə xəyanətə və digər əməllərə görə şübhəli şəxs qismində həbs edilən Leyla Yunus olan bir ölkədə hərbi əməliyyatlar zamanı uğur qazanmaq mümkün deyildi! Digər bir səbəb isə o dövrdə KİV-lərin düşmən üçün ən yaxşı "informasiya mənbəyi"nə çevrilməsi idi. Müharibə və hərbi əməliyyatlar, özünümüdafiə dəstələrinin uğur və məğlubiyyətlərinin səbəblərindən tutmuş insanların düşmən əhatəsindən çıxarılmasına xidmət edən "gizli cığırlar"adək hər şey barədə qəzetlər yazır, televiziya kanalları "əyani reportaj" verirdi. Hələ guya o dövrdə mətbuata senzura nəzarəti vardı, üstəlik, Əbülfəz Elçibəyin fərmanı ilə əlavə hərbi senzura da yaradılmışdı. Amma bütün hərbi sirr hesab olunan informasiyalar mətbuat vasitəsilə hamının ovucunda idi.
Cari ilin avqustun əvvəllərində cəbhədə yaranan gərginlik zamanı KİV-lərdə gedən proseslər yenidən həmin dövrü xatırlatdı. Doğrudur, ötən müddətdə dövlətin iqtisadi və hərbi qüdrətinin artmasında, müasir modern ordu quruculuğunda, Müdafiə Nazirliyinin peşəkar, qətiyyətli və mobil fəaliyyətində müsbətə doğru qeyri-adi dərəcədə yeniləşmə baş vermişdi. Həm də yeniliklər təkcə bundan ibarət deyildi. Mətbuata senzura nəzarəti ləğv edilmişdi, İTK-nın sürətli inkişafı sayəsində internet media resursları yaranmış, jurnalistlərin informasiyanı operativ şəkildə redaksiyalara çatdırmalarında inqilabi dəyişiklik səviyyəsində texniki avadanlıqlar meydana gəlmişdi.
Bircə məsələ dəyişməz qalmışdı: jurnalistlərin, onların çalışdıqları elektron və çap mediası rəhbərlərinin milli maraqları və sözün məsuliyyətini unutmaları, dövlət və hərbi sirrin qorunması ilə bağlı qanunvericiliyə əhəmiyyət verilməməsi!
İnternet media resurslarında "daha tez" "sensasiyalı", "böyük ajiotaj doğuracaq" informasiya vermək uğrunda "yarış-rəqabət" gedirdi. Hərə cəbhəyə "öz müxbiri"ni göndərərək "şahid jurnalist"in dediklərini birbaşa oxucuya çatdırmağa tələsirdi. Mənbəyi bəlli olmayan informasiyalar ağına-bozuna baxmadan saytlara qoyulurdu. Nə dövlətin maraqlarının qorunmasına, nə hərbi sirrin gizli saxlanılmasına, nə də cəbhə bölgəsindəki kəndlərdə yaşayan əhalinin psixoloji gərginliyinə mənfi təsir göstərəcək məqamların ictimailəşdirilməsinə heç bir əhəmiyyət verilmirdi! İnanmaq olmurdu ki, müharibə gedən dövlətin mediası bu qədər məsuliyyətsizlik və milli maraqlara laqeyidlik göstərsin! Amma fakt faktlığında qalır.

Söz və mətbuat azadlığı, yoxsa qanunlara hörmətsizlik

"Söhbət konkret olaraq bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet informasiya resurslarının Azərbaycan qanunlarının tələblərinə məhəl qoymadan, qeyri-peşəkar, bəzi hallarda isə ermənilərin maraqlarına uyğun fəaliyyətindən, habelə aidiyyətı dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin yaranmış situasiyada milli maraqlara zidd, qeyri-adekvat davranışından gedir".

Akademik Ramiz MEHDİYEV


Azərbaycanda mətbuat və söz azadlığı var, kütləvi informasiya vasitələrinə senzura nəzarəti birdəfəlik ləğv edilib!
Ancaq, eyni zamanda, Azərbaycanda dövlət sirrini qoruyan qanun və onun pozulmasına görə həmin qanunun hüquqi məsuliyyət doğuran müvafiq maddə və bəndləri də var!
Azərbaycanda jurnalistlərin azad şəkildə, heç bir məhdudiyyət qoyulmadan məlumat toplamaq hüququ var!
Ancaq toplanan hansı məlumatlardır, necə mənbədən əldə edilib, həmin məlumatların hansıları açıqlana, cəmiyyətə çatdırıla bilər, bunun da qayda, prinsip və məhdudiyyətləri də var!
Azərbaycan demokratik, vətəndaş cəmiyyəti təsisatları yaradılmış, sabit və daim inkişafda olan gənc, müstəqil dövlətdir!
Ancaq eyni zamanda Azərbaycan müharibə vəziyyətində olan, ərazisinin iyirmi faizi düşmən işğalında qalan, atəşkəs rejimi hökm sürən və hər zaman müharibənin alovlana biləcəyi bir ölkədir!
Azərbaycanda bütün sahələrlə bağlı mətbuat və söz azadlığı qüvvədədir.
Ancaq müharibə vəziyyətində olduğumuza görə orduda, cəbhə bölgəsində, eyni zamanda, atəşkəs pozularaq hücum-təxribat əməlləri baş verəndə hadisələrlə bağlı verilən bütün informasiyalarda müharibə dövrünün tələbləri qüvvəyə minir, hər bir informasiyada Müdafiə Nazirliyinin açıqlamalarına istinad edilməsi zərurətə çevrilir!
Burada heç bir özfəaliyyətə yol verilməməlidir!
Burada təsadüfi, kiminsə ağzından eşidilən xəbərlərin ictimailəşdirilməsi qəbuledilməzdir!
Burada hərə öz müxbiri (yaxud yerlərdəki informatorları) şəxsində "informasiya mənbəyi" yaradaraq görüb-eşitdiyini dərhal cəmiyyətə çatdırmalı deyil!
Hətta bizim "demokratiya etalonu" hesab etdiyimiz dövlətlərdə də dövləti və hərbi sirlərdən söhbət gedən zaman mətbuat və söz azadlığı qatlanaraq bir kənara qoyulur (ABŞ-ın Küveyt, İraq və Əfqanıstan müharibələri zamanı yeritdiyi informasiya siyasətini yada salın), bunu pozanlar isə ciddi şəkildə cəzalandırılır, təqib edilir!
Jurnalistikanı özünə peşə seçən hər bir jurnalist bu sahədəki mövcud qanunvericiliyi diqqətlə öyrənməyə, ona hörmətlə yanaşaraq dəqiq əməl etməyə borcludur!
Hər bir Azərbaycan vətəndaşının, o cümlədən hər bir jurnalistin təkcə hüquqları yox, həm də qanunla yerinə yetirməyə borclu olduğu vəzifələri də var!

Redaktor həm də "senzor"dur!

"Müasir dövrdə vahid informasiya məkanının mövcud olduğu şəraitdə medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. KİV-lər Azərbaycanın konstitusiya quruluşu, ərazi bütövlüyü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, milli təhlükəsizlik və digər bu kimi məsələlərdə kifayət qədər həssas davranmalı, cəmiyyətə milli təəssübkeşliyin nümunəsini təqdim etməli, onun obyektiv və operativ informasiya ehtiyacını ödəmək missiyasını milli maraqlarla uzlaşdırmalıdırlar. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca elementlərini təşkil etməlidir".

Akademik Ramiz MEHDİYEV


Adətən yay aylarında, xüsusən iyul və avqustda ictimai-siyasi həyatda bir sönüklük müşahidə olunur. Bu da təbii sayılır. Çünki həmin dövrdə ölkə parlamentində yay tətili başlayır, ictimai-siyasi xadimlər istirahətə yollanır, yerli və beynəlxalq tədbirlərin keçirilməsində fasilə yaranır. Müsahib və tədbir qıtlığı kütləvi informasiya vasitələrini gərgin duruma salır. Qəzetlər səhifələrinin sayını azaldır, elektron media "maraqlı xəbərlər", "ulduzların yay istirahəti" xəbərləri ilə vəziyyətdən çıxmağa çalışırlar. Bu dövrdə ictimai əhəmiyyət kəsb etməyən xəbərlərin KİV-lərə yol tapması, bir-birindən "köçürmə", istifadə, eyni mövzuda dönə-dönə təkrar xarakterli informasiyalar verilməsi ən çox müşahidə olunan haldır. Redaksiyalarda (çap və elektron) qeyri-peşəkarların üstünlük təşkil etdiyi bir vaxtda "qıtlıq dövrü"nün "gərgin" keçəcəyi şübhə doğurmur. Cəbhə bölgəsində atəşkəsin pozulmasının avqust ayına təsadüf etməsi də mətbuatın hərbi mövzuya daha çox diqqət yetirməsinin səbəblərindən biridir. Amma birinci səbəb deyildir.
Əvvəla, müstəqil mətbuatda (buraya adını "tənqidçi media" qoyan müxalifət elektron və çap mediası da daxildir) "sensasiyalı" xəbər vermək hərisliyi, xəstəliyi baş alıb gedir. Peşəkarlıqları olmayan jurnalistlər və təcrübəsiz "baş redaktor"lar oxucu diqqəti cəlb etmək üçün adi hadisələrə də "sensasiya donu" geyindirməklə cəmiyyətə təqdim etməyə çalışırlar. Bu halda ilk növbədə ziyan çəkən jurnalistikanın obyektivlik və dəqiqlik prinsipi olur.
İkincisi, peşəkarlığı bir yana, işlədiyi sahəyə dair elementar nəzəri bilgisi olmayan insanlar nəyin "olar", nəyin "olmaz"lığını dərk etmədiklərindən qulaqlarına və ağızlarına gələni dəqiqləşdirmədən informasiya adı ilə ictimailəşdirirlər.
Üçüncüsü, "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya əldə etmək azadlığı haqqında", "Dövlət sirri haqqında" qanunların, habelə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasının müvafiq maddələrindən xəbərsizlikləri hüquqi məsuliyyət xəbərsizlikləri ilə nəticələnir. Bu isə onları heç də qanunun mıəsuliyyətindən azad etmir! Akademik Ramiz Mehdiyev bununla bağlı çox ciddi şəkildə xəbərdarlıq da etdi: "2007-ci ildə təsdiq olunmuş Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Beynəlxalq hüquqda təsbit olunmuş bütün vasitələrdən istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin ən ümdə vəzifəsidir. Buna görə də formasından və məzmunundan asılı olmayaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini təhdid edən hallara qarşı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır və xəbərdarlıq edirəm ki, atılacaqdır".
Təbii ki, istənilən şəxs özünə görə doğru bildiyi (yaxud qəsdən yalandan) məlumatı hər hansı bir media təmsilçisinə ötürə bilər. O, buna görə heç bir məsuliyyət daşımır. Bərkə düşəndə "mən elə bilirəm", yaxud "mən belə eşitmişəm" deməklə yaxasını qırağa çəkə biləcəkdir! Müxbir əsasən qurum rəhbəri qarşısında məsuliyyət daşıyır. İnformasiyanı dəyərləndirən, onun ictimailəşdirilməsinə həlledici qərar verən isə baş redaktordur. Odur ki, sonda da o özü məsuliyyət daşıyır! Mətbuatda heç nə abstrakt deyil! Sözü deyən də, yazan da bəlli olur. Onun cəmiyyətə çatdırılması, tirajlanması hüququ isə yalnız bircə nəfərdədir: baş redaktorda!
Deməli, bir nömrəli cavabdeh də baş redaktordur! Nəyisə bilib-bilməyib, materialı oxuyub-oxumayib - dəxli yoxdur!
Sorğu-suala o çəkilir!
Heç birimizin "senzor" və "senzura" sözündən xoşu gəlmir. Amma bu qurum düz 123 il əlində qayçı Azərbaycan mətbuatının başı üzərində dayanıb! Senzura nəzarəti həm də qəzeti və onun rəhbərini sonrakı çək-çevirdən qoruyurdu. İndi isə hərə özünü qorumalıdır! Senzura getsə də, onun funksiyası redaktorun boynunda qalıb! Onun bilgisindən, peşəkarlığından, hətta bəzən fəhmindən asılıdır!
Baş redaktor rəhbərlik etdiyi media vahidində ilk növbədə "vicdan senzurası"nı həyata keçirməlidir! Vətənpərvər insan kimi dövlətin və xalqın maraqlarını qorumalıdır! Hansı "həvəskar"ınsa hərbi qüvvələrin dislokasiyası ilə bağlı çəkib göndərdiyi süjeti saytına qoymazdan əvvəl düşünməlidir ki, bu təkcə informasiya deyil, həm də hərbi manevrlər barədə düşmənə ötürülən hərbi sirdir və əsl adı xəyanətdir! Baş redaktor mövcud qanunların qadağanedici maddələrinin tələblərinin yerinə yetirilməsini təmin etməlidir! Əks halda məhkəmə məsuliyyətinə cəlb ediləcəkləri təqdirdə həmin qanunların bəlli maddələrinin tətbiqindən dəyən zərbəni qurum rəhbəri kimi o daha dərindən və ağrılı hiss edəcəkdir!

Müşavirədə göstərilən ciddi nöqsanlar və qarşıya qoyulan vəzifələr

"Açıq deməliyəm, bir sıra informasiya resursları bir tərəfdən Ermənistan kəşfiyyatı üçün məlumat ötürücüsünə çevrilir, digər tərəfdən də düşmənin Azərbaycan əleyhinə apardığı mənəvi-psixoloji müharibəyə "töhfə" verərək həm əsgərlər, həm də əhali arasında çaşqınlıq, ruh düşkünlüyü yaranmasına səbəb olurlar".

Akademik Ramiz MEHDİYEV


Avqustun əvvəllərində Ermənistan-Azərbaycan cəbhə xəttində baş verən gərginlik ölkə kütləvi informasiya vasitələrinin müharibə şəraitində işləməyə hazır olmadığını göstərdi! Bu amil özünü bütün parametrlərdə büruzə verdi. Mətbuatımızın peşəkarlıq səviyyəsi çox aşağıdır! Çap və elektron media rəhbərləri tərəfindən dövlət və hərbi sirlərin qorunmasına laqeyd münasibət var! Jurnalistikaya qeyri-sahələrdən gələnlərin əksəriyyəti milli mətbuatın nəzəriyyə və prinsiplərindən xəbərsizdirlər!
Məlumat toplamaq və söz azadlığı ilə bağlı qanunların bir sıra vacib maddələrini bilməyənlər qanun qarşısında məsuliyyət daşıdıqlarının fərqində deyillər! Vətənpərvərlik duyğuları zəif olan jurnalistlər milli maraqların qorunmasına çalışmırlar! Elektron media vasitəsilə düşmənə xəbər ötürən xəyanətkarların mövcudluğu isə şübhə doğurmur!
Vəziyyət həm də təsirli və təxirəsalınmaz tədbirlər görülməsini tələb edir.
Müşavirədəki çıxışında akademik Ramiz Mehdiyev bununla bağlı kəskin fikirlərini bildirdi:
"Bütün bunlar təkcə Azərbaycan hakimiyyətinə qarşı deyil, Azərbaycan xalqına qarşı düşmənçilik və milli xəyanətdir. Onların bu fəaliyyəti Ermənistanın və erməni lobbisinin Azərbaycana qarşı apardığı informasiya müharibəsinə əlavə nəfəs verir, düşmənin mövqeyinin güclənməsinə xidmət edir. Ən əsası, ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində apardığı ardıcıl, fəal diplomatiyanı gözdən salmaq məqsədi güdür".
"Azərbaycan dövlətini gözdən salmaq, əldə olunmuş böyük nailiyyətlərə qara yaxmaq, əsassız, uydurma məsələləri qabardaraq Azərbaycan ictimaiyyətini çaşdırmaq "Azadlıq" qəzeti, "Azadlıq" radiosu və digər bir çox müxalifət mediasının fəaliyyətinin başlıca qayəsini təşkil edir".
"Ermənistanın Azərbaycana qarşı bütün resurslarının tükəndiyi, heç bir mübarizə potensialının, arqumentinin qalmadığı bir vaxtda daxili antimilli ünsürlər, Vətəni satanlar, müxalifətə yaxın QHT-lər və media öz xalqına, dövlətinə qarşı xəyanət yolu tutaraq düşmənlə işbirliyinə gedir və onun mövqeyini gücləndirməyə çalışır".
"Qəzəbləndirici hal ondan ibarətdir ki, bir sıra KİV-lər düşmən kəşfiyyatı üçün açıq informasiya mənbəyi rolu oynayırlar".
Mətbuatın avqust sınağı göstərdi ki, bu sahədə kifayət qədər boşluqlar və nöqsanlar mövcuddur. Müharibə vəziyyətində olan bir ölkə üçün isə belə vəziyyət bağışlanmazdır! Odur ki, müşavirədə göstərilən nöqsanların ən qısa müddətdə aradan qaldırılmasına nail olunmalı, hərbi və dövləti sirlə bağlı yazılara tələbkarlıq artırılmalı, qanun pozuntusu halında isə ən qəti və kəskin ölçü götürülməlidir!
Akademik Ramiz Mehdiyev bununla bağlı konkret vəzifələr də irəli sürdü:
"Ümidvaram ki, vəziyyətin təhlili, nöqsanların müəyyənləşdirilməsi, onların aradan qaldırılması üçün verilən tövsiyələr qarşıdan gələn dövrdə həm informasiya sahiblərinin, həm də KİV-lərin qanunauyğun və səmərəli fəaliyyətinin tənzimlənməsinə öz müsbət təsirini göstərəcəkdir".
"Hesab edirəm ki, Azərbaycanın kütləvi informasiya vasitələri ölkədə görülən işləri, cənab Prezidentin həyata keçirdiyi uğurlu siyasəti daha geniş və obyektiv şəkildə işıqlandırmalıdırlar".
"Mətbuat işıqlı simaların timsalında insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına öz dəyərli töhfəsini verməlidir. Hesab edirəm ki, bu amal onların fəaliyyətinin əsasını təşkil etməlidir. Eyni zamanda Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır".
Bu məsələdə mətbuatla əlaqədə işləyən qurumların da üzərinə böyük məsuliyyət düşür. Jurnalist təşkilatları, qəzet və jurnal redaksiyaları, QHT-lər (hər il onların bir qismi jurnalistikanın problemlərinin "həlli" ilə bağlı müxtəlif qrantlar da alırlar) maarifləndirmə işini gücləndirməli, jurnalist sənətkarlığının və peşəkarlığının daim yüksəldilməsinə çalışmalıdırlar. Avqust gərginliyinin aşkara çıxardığı durum bu sahədə naşılıq, qeyri-peşəkarlıqla yanaşı, düşmənə xidmət göstərənlərin də mövcudluğunu sübuta yetirdi!
Artıq vəziyyətin qanunun aliliyi əsasında və qanunun gücü ilə nizamlanması qaçılmaz zərurətə çevrilib!

Bəxtiyar SADIQOV

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !