Bəxtiyar Sadıqov: - MÜQƏDDƏSLƏR VƏ MURDARLAR

Bəxtiyar Sadıqov: MÜQƏDDƏSLƏR VƏ MURDARLAR

Avqustun 21-i gecəsi Şəhidlər xiyabanında baş verən hadisə hamını sarsıtdı!
Şəhid məzarının təhqir edilməsini eşidən hər bir qeyrətli Azərbaycan vətəndaşı bundan şok yaşadı!

Şəhidlik həyatın sonunda dayanan müqəddəslik zirvəsidir!
Şəhidlik ömrün ölümdən sonrakı şərəfli davamıdır!
Şəhidlik hər bir insanın vətənin, xalqın, dövlətin və millətin naminə seçdiyi taleh qismətidir.
Bu gün Azərbaycan yaralı və parçalanmış vəziyyətdədir!
Bu gün Azərbaycan azad və müstəqil yaşamaq istəyinin cəzasını çəkməkdədir!
Bu gün Azərbaycan qeyrətli övlad köməyinə ehtiyac duyur!
Vətən darda olanda həqiqi övlad çağırış və dəvət gözləməz!
Özü meydana çıxar, özü onun müdafiəsinə qalxar!

Necə ki, Qarabağ uğrunda savaş başlayanda xalqın hünərvər oğulları ürəklərinin hökmü ilə çağırışsız-filansız respublikanın hər yerindən Qarabağa axışaraq könüllü özünümüdafiə batalyonlarının tərkibində döyüşməyə başladılar!
Necə ki, iyirmi min Azərbaycan vətəndaşı vətənin ərazi bütövlüyünün qorunması uğrunda şəhid oldu!
Necə ki, sonuncu dəfə cəbhədə atəşkəs pozulanda xaricdə və ölkə daxilində yaşayan yüzlərlə müharibə veteranı və gənc hərbi səfərbərlik qurumlarına, səfirliklərimizə müraciət edərək vətənin müdafiəsinə, müharibə başlayarsa döyüşməyə hazır olduqlarını bildirdilər!
İndi Azərbaycanın elə bir rayonu yoxdur ki, orada müqəddəs şəhid məzarlıqları olmasın!
İndi Azərbaycanın elə bir kəndi yoxdur ki, orada nakam şəhid məzarı olmasın!

Azərbaycanın elə bir güşəsi yoxdur ki, orada şəhidlərin xatirəsi əziz, uca və müqəddəs tutulmasın!
Şəhid qəbiristanlıqları qürur və şərəf məkanıdır!
Şəhid qəbiristanlıqları hamının hörmət və ehtiram bəslədiyi ünvandır!
Şəhid qəbiristanlıqları and yerimizdir!
Qanı və beyni təmiz, əqidəsi düz, şərəf və ləyaqəti, qeyrəti olan heç bir Azərbaycan vətəndaşı şəhid məzarına əyri baxıb, şəhid ruhuna toxuna biləcək addım atmaz!
Bu, murdarlıqdır!

Şəhid isə müqəddəslik zirvəsində qərar tutan xalqın sevimli bəndəsidir!
Müqəddəslik təkcə dini anlayış deyil!
Təbii ki, hər dinin öz müqəddəsləri var! O cümlədən islamın da! Və biz öz müqəddəslərimizi xatırlayarkən salavat çevirir, ruhlarına dualar oxuyuruq!
Həyatda müqəddəslik səviyyəsinə yüksələn insanlar da olur!
Bayaq qeyd etdiyimiz kimi, onların bir qismi vətən uğrunda şəhid gedənlərdir.
Gördüyü işlər, insanlara etdikləri təmənnasız yaxşılıqlar, ayrı-ayrı hallarda fədakarlıqlar sayəsində tarixdə belə mərtəbəyə yüksələnlər də var!
Azərbaycan xalqı ananı müqəddəs sayır! Ananı keçirdiyi yuxusuz gecələr, övladını böyütmək, yedirib-geyindirmək, tərbiyələndirmək sayəsində çəkdiyi əziyyətlər bu səviyyəyə qaldırır.
Şəhid anası, şəhidin dul qalmış ömür-gün yoldaşı övladları yolunda çəkdikləri zillətə görə hər cür tərifdən yüksəkdə dayanır!
Dünyəvi anlamda müqəddəslik təmənnasız yaxşılıqlar etmək, vətənə və vətən övladlarına onların bu günü və gələcəyi naminə xidmət göstərməkdir!
Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti hesabına onlarca insanın oxumasına yardım göstərdi, yüzlərlə oğlan və qızın təhsil alması üçün məktəblər açdırdı, xeyriyyəçilik etdi!
Ulu öndər Heydər Əliyev minlərlə azərbaycanlı gəncin ölkə daxilində və xaricdə təhsil alması, nadir ixtisaslara yiyələnməsi üçün sovetlər ittifaqının dövlət büdcəsini yönəltməklə böyük işlər gördü, imkansız ailələrdən çıxmış gənclərin "fəhlə fakültələri" vasitəsilə ali məktəblərə daxil olmalarına, vəzifə pillələri ilə yüksəlmələrinə, ev, ailə sahibi olmalarına hər cür şərait yaratdı!
Düşmənə ağır və sarsıdıcı zərbə vurmaqla qeyri-adi igidlik göstərən Milli Qəhrəman Mübariz İbrahimov da vətən sevgisi və cəsurluğu sayəsində müqəddəslər sırasına yüksələnlərdəndir!
1990-cı ilin 20 yanvarında başda cəllad M.Qorbaçov olmaqla qırmızı imperiya Bakıya cəza dəstələri göndərdi. Dinc, əliyalın əhaliyə qarşı odlu silah işlədildi, küçələrə zirehli texnika çıxarıldı. Azərbaycanın azadlığını və müstəqilliyini istəyən, mərkəzin amansız qisasçılığına etiraz edənlər arasında İlham Allahverdiyev də var idi. Bu vətənpərvər gənc yağı gülləsinə tuş gələrək həmin gecə şəhidlik zirvəsinə yüksəldi!
Toyları yenicə olmuş Fərizə bu ayrılığa dözə bimədi, cavan canına qəsd edərək İlhamdan ayrılmadı!
Əslində bu, Leyli və Məcnun dastanının XX əsrdə, yeni şəraitdə təsdiqi və təkrarı oldu!
Yüz minlərlə azərbaycanlı gənc İlham və Fərizənin sevgisini özləri üçün ideal seçərək bu ülvi məhəbbətə pərəstiş edirlər!
Hər il onların toy günü gənclərimizin böyük əksəriyyəti tərəfindən "Sevənlər günü" kimi qeyd olunur!
Bu şərəfsiz əməli törədən (lər) əslində həmin gənclərin müqəddəs sevgilərinə sataşıblar, ən təmiz və saf duyğulara murdar əllərini toxundurublar!
Murdarlıq cəmiyyət tərəfindən verilən etik qiymətdir!
Murdarlıq müqəddəsliyin əksi, insanın xain və alçaq xislətinin görünən əməllərdə ifadəsidir!
Murdarlıq şəxsi maraq, qisasçılıq, pul, karyera xatirinə insanlara xain metodlarla pislik etmək, vətənə dönük çıxmaq, dövlət və milli maraqları tapdalamaq, satmaqdır!

Kasıbın malına göz dikmək, əlində olanını zorla almaq da murdarlıqdır.
Vətən dara düşəndə düşmənə dəstək vermək, onun dəyirmanına su tökmək də!
Müstəqillik tariximizin belə bir siyahısı da var!
Vətənə xəyanət əməlləri şübhə doğurmayanlar:
Şuşa və Laçının işğalına şərait yaradan, onlarca günahsız insanın ölümünə bais olan Rəhim Qazıyev;
Separatçılığa çalışan, ermənilərlə bu gün də əməkdaşlıq edən Ələkrəm Hümbətov;
Yuxusunda ermənini humanist, azərbaycanlını isə aşağıda görən Əkrəm Naibov;
Azərbaycan dövlətinə "müharibə elan edərək" ona qarşı bütün alçaq vasitələrdən, hətta ermənilərlə iş birliyindən belə çəkinməyən Leyla və Arif Yunusovlar.
(Müəyyən zamanlardan sonra qalanlarının da adını göstərəcəyik).
Həyat ziddiyyət və əksliyin vəhdətindən ibarətdir!
Belə əksliklərdən biri müqəddəslik və murdarlıqdır!

Hərə öz daxili "mən"inə, istəyinə və gördüyü işlərə (törətdiyi əməllərə) görə hansısa tərəfdə, kimlərinsə yanında yer alır!
Müqəddəslik nurdu, işıqdı!
Murdarlıq zülmətdi, çırkabdı!
Müqəddəslik xalqın qürur və fərəh ünvanı, şərəf səhifəsidir!
Murdarlıq ikrah və nifrət obyekti, xəcalət mənbəyidir!

Xalqın tarixində və yaddaşında müqəddəslər və həmin yüksəkliyə qalxa bilənlər - ulu öndər Heydər Əliyev, Hacı Zeynalabdin Tağıyev, Mübariz İbrahimov, İlham və Fərizə kimi qeyri-adi xidmət və əməl sahibləri qalır!
Onlar əbədiyaşarlardır!
Düşmən həmişə Rəhim Qazıyev, Ələkrəm Hümbətov, Əkrəm Naibov, Leyla və Arif Yunusov kimilərindən istifadə edir. Adətən belə istifadələr bir kərə olur.
Sonra onlar gərəksiz şey kimi bir kənara atılır!
Belələrini həm istifadə edənlər, həm də mənsub olduqları xalq sevmir!
Kimlərsə, nəyəsə görə müdafiə edə bilər... Amma belələrinə qulluq göstərənlər də murdarlanırlar!
Əbədiyaşarlıq, minnətdarlıqla anılma və bunların əksi sayılan nifrətlə damğalanaraq tarixin qara küncünə atılma talehini isə hərə gördüyü işlər və tutduğu əməllərlə müəyyənləşdirir!
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !