Bəxtiyar Sadıqov: - AŞKAR AD ALTINDA GİZLİ FƏALİYYƏT

Bəxtiyar Sadıqov: AŞKAR AD ALTINDA GİZLİ FƏALİYYƏT

Hər dövrün öz dəbi olur.
Bu dəb paltardan tutmuş siyasi aləmədək hər şeyi, hətta leksikonumuzu da əhatə edir.
Sovet dövründə aparılan araşdırmalar göstərirdi ki, kütləvi informasiya vasitələrində ən çox "sovet", "partiya", "müvəffəqiyyət", "plan" və digər sözlər işlədilir.
İndi təhqiqat aparmasaq da, "demokratiya", "insan haqları", "mətbuat və söz azadlığı", "vətəndaş cəmiyyəti", "hüquq müdafiəçisi" kimi söz və ifadələrin daha çox səsləndirilməsinin şahidiyik.
SSRİ dövründə hamı "revizor" (müfəttiş) olmağı arzulayırdı. Rusiyada isə hətta çar dövründən, məşhur Qoqolun yazıçılıq etdiyi vaxtlardan müfəttişliyin gəlirli iş olduğunu başa düşmüşdülər.
Əslində, müfəttiş nə edir ki?
Aşkarda nöqsanlardan danışır, tənqid edir, daldada isə nöqsan sahibi ilə "dil tapmaqla" dediklərini ötr-basdır edib "cibini doldurmağa" çalışır.
Bu gün sıravi Azərbaycan vətəndaşında belə bir qənaət hasil olub ki, elə "hüquq müdafiəçisi" də "revizor" kimi bir şeydir!
Görəsən, insanların ağlına belə fikir haradan gəlib?
Kim nə deyir-desin - insan hüquqları nisbi və abstrakt anlayışıdır. İnsanın hansı dövlətin vətəndaşı olması, hansı dinə sitayiş etməsi, onun məxsus olduğu ölkənin təbii sərvətlərinin mövcudluğu və iqtisadi imkanları, habelə digər məqamlar insan hüquqları pozuntularının qiymətləndirilməsində "nəzərə" alınır. Lazım gələndə həmin faktlardan həmin dövlətə təzyiq vasitəsi kimi istifadəyə də cəhd göstərilir. Məsələn, ABŞ-da "əkiz bina"ların partladılması və xeyli insan tələfatı dünyanın faciəsinə çevrildi, terrorizmə qarşı mübarizəyə yeni təkan verdi. Hər il hadisə xatırlanaraq onu törədənlərə lənətlər oxunur. Amma İraqda hər gün insanları milçək kimi qıran terror-təxribat əməlləri, ərəb dövlətlərində yaşayış məntəqələrini, şəhərləri darmadağın edən "rəngli inqilablar və baharlar", öldürülən insanlar, məcburi köçkün vəziyyətinə düşərək taleyin ümidinə qalanlar, Qəzzədə qırılan dinc əhali və xüsusən körpələr - sanki bunların nə insan hüquqlarına, nə də terror əməllərinə dəxli var!
Bir də görürsən ki, haradasa 5-6 balina özünü dənizdən sahilə atdı, yaxud hansısa vəhşi heyvanın həyatı "təhlükə"yə düşdü. Dünya dəyir bir-birinə! Kimi gedib balinaların üzərinə fasiləsiz su tökür ki, dərisi quruyub tələf olmasın, kimi cürbəcür texnika götürərək heyvanı ölümün caynağından qoparmağa yollanır... Dünyanın bütün məşhur televiziya kanalları isə bu "humanist aksiyaları" geninə-boluna işıqlandırmağa başlayır. Beləliklə, suda-quruda yaşayan heyvanların həyatının hər gün müxtəlif siyasi oyunların hədəfinə çevrilərək kütləvi şəkildə öldürülən insanlardan qiymətli olduğunun şahidinə çevrilirik!
Heyvanların yaşamaq hüququ qorunduğu halda insanların təkcə bu hüququ yox, üstəlik mülkiyyət hüququ, istədiyi yerdə yaşamaq hüququ, əmək hüququ və s. pozulur, heç bir qurumun isə vecinə belə gəlmir!
Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkünün iyirmi ildən çoxdur ki, bir çox hüquqları pozulmaqda davam edir. Məsələ ilə bağlı dörd qətnamə qəbul etmiş BMT-dən tutmuş üzü aşağıya qədər bütün beynəlxalq qurum və təşkilatlar isə özlərini görməzliyə və bilməzliyə vurublar!
Amma hərdən qəribə paradokslar da baş verir!
Beynəlxalq qurum və təşkilatlar birləşərək birağızdan hansısa Azərbaycan vətəndaşının "hüquqlarını müdafiə etməyə" başlayırlar. Ən maraqlısı odur ki, aqressiv müxaifətin bəzi "liderləri" də bu xora qoşulurlar. Hətta eləsi olur ki, solist kimi çıxışlar edir.
Müxalifət qəzetləri (artıq onlar partiya mənsubiyyətlərini gizlətmək üçün müxtəlif prosedur addımlar atmış və izi azdırmaq üçün özlərinə "tənqidçi qəzet" adını qoymuşlar. Adınız mübarək!) xorun üzvlərinə öz səhifələrində səxavətlə yer ayıraraq "gözəl səhnə tərtibatı" da verir.
Adam qalır mat-məəttəl! Görəsən, gün haradan doğub, Azərbaycan vətəndaşı haradan belə matah olub ki, onlara hətta Avropanın "siyasi liderləri" də vaxt və diqqət ayırırlar?!
İnanmırsınız?
Mən də inanmazdım! Amma Avropanın və dünyanın hörmətli qurumlarının dəstək verdikləri insanların "beşinci kolon"un üzvü olduqlarını görəndən sonra dərindən nəfəs aldım!
Sən demə, onlar "bizimkiləri" yox, "özlərinkiləri" müdafiə edirmişlər!
Bunu məntiqi qaydada da sübut etmək çətin deyil!
Dünən vətənə xəyanət etdikləri kimsədə şübhə doğurmayan Rəhim Qazıyevi və Ələkrəm Hümbətovu "siyasi dustaq" deyib müdafiə edənlər "beşinci kolon"un üzvləri olan "hüquq müdafiəçiləri"nə də eyni canfəşanlıqla qahmar çıxmaqla, əslində, "nüfuzlu siyasətçilər"in özləri onların arasında bərabərlik işarəsi qoymuş olur!
Bu gün Azərbaycanda siyasətlə bircə qırıq məşğul olanlara Leyla və Arif Yunusovları, jurnalistika ilə bir balaca tanış olanlara Rauf Mirqədirovu və Emin Hüseynbəylini, habelə QHT barədə təsəvvürü olanlara İntiqam Əliyevi və digərlərini təqdim etməyə ehtiyac yoxdur (qalanlarının adını isə vaxtı çatdıqda açıqlayacağıq).
Onların hamısını çox mühüm bir məqam birləşdirir:
* Azərbaycanın milli maraqlarını aldıqları qrantlara satmaq;
* Beynəlxalq qurum və təşkilatlara, antiazərbaycançı şəbəkəyə gizli formada saxta məlumatlar və arayışlar (verilən sifarişə uyğun olaraq) göndərmək;
* Azərbaycanda "siyasi məhbus" məsələsinin gündəmdə saxlanılması üçün hətta cinayətkarların və terrorçuların da adları salınan "siyahılar" tərtib edib Avropa Şurasına çatdırmaq;
* "Xalq diplomatiyası" adı ilə erməni xüsusi xidmət orqanları ilə əlaqə quraraq müəyyən muzd müqabilində onlara istədikləri gizli informasiyanı əldə edib ötürmək;
* Azərbaycan dövlətinin qanunlarına məhəl qoymadan havadarlarına arxayın olmaqla xalqa və dövlətə xəyanət yolunu tutmaq!
* Görün Yunusovları kimlər müdafiə edir:
* "Demokratik qüvvələrin Milli Şurası"nın sədri Cəmil Həsənli;
* "Ziyalılar forumu"nun sədri Rüstəm İbrahimbəyov;
* AXC-nin sədri Əli Kərimli;
* Müsavat Partiyasının divanı;
* Yunusovlar kimi "işləyərək" aldıqları pulları (onların içində qrantlar da olub) xalqdan və dövlətdən gizlədən digər "hüquq müdafiəçiləri", "ekspert"lər, "hüquqşünaslar".
Dünən isə qarışıq müxalifət xəyanətkarları birlikdə müdafiə etmək barədə bəyanat qəbul edib.
Bu isə o deməkdir ki, Azərbaycanın sosial bazadan məhrum müxalifəti birmənalı şəkildə xəyanətkarların yanında yer alır!
Deyir, dostunu mənə göstər, kim olduğunu sənə deyim!
Göstərdik!
Əslində onlar eyni əməl sahibləri olduqlarından irəlicədən özlərini müdafiə etmiş olurlar!
Azərbaycanın hüquq və xüsusi xidmət orqanlarının son araşdırmaları və aşkara çıxardıqları faktlar canlarına yaman üşütmə salıb!
Üşütmənin bir səbəbi də dövlətin xəyanətkarlara qarşı tutduğu qətiyyətli və prinsipial mövqedir!
Eyni "şineldən" çıxaraq, eyni əməli törədənlər, eyni qorxu və vicvicə hissi keçirirlər!
Məsələ ilə bağlı bir sıra suallar da yaranır. Onlara cavab tapa "bilmədiyimizdən" bilgili insanlara ünvanlayırıq ki, bəlkə köməkləri dəydi:
1. Belə "hüquq müdafiəçisi" olmaq üçün adama nə lazımdır: ixtisas biliyi, "demokratik təcrübə", yoxsa antiazərbaycançı şəbəkə ilə ümumi dil tapmaq?
2. "Hüquq müdafiəçiləri" nə ilə məşğul olur, onların uzun illər boyu gerçəkləşdirdikləri "layihələr" ölkəmizdə demokratiyanın inkişafına hansı "töhfələri" verib?
3. "Hüquq müdafiəçiləri" (biz ucdantutma hamısını nəzərdə tutmuruq) beynəlxalq qurum və təşkilatlara göndərdikləri arayış və məlumatları niyə gizli saxlayırlar, tərtib etdikləri "sənədləri" ölkə mətbuatından nə səbəbə gizlədirlər?
4. Nəyin sayəsində qısa müddətdə çoxlu pul qazanaraq varlanırlar?
5. Azərbaycanın haqq işini illər boyu müdafiə etməyən Avropa rəsmiləri niyə onları dərhal, belə qızğınlıqla və "məhəbbətlə" müdafiə edirlər?
6. "Hüquq müdafiəçisi" olmaq qanunlara məhəl qoymamağa əsas verərək "müdafiəçi"nin özünü cinayət məsuliyyətindən azad edirmi?
7. "Hüquq müdafiəçisi"nin vətəni, dövləti və milli maraqları olmalıdırmı?
8. "Hüquq müdafiəçisi" istədiyi vaxt hüquq-mühafizə orqanı nümayəndələrini təhqir edərək cəzasız qala bilərmi?
9. Niyə cinayət törətmiş "hüquq müdafiəçisi" Cinayət Məcəlləsinin konkret maddəsi əsasında şübhəli şəxs qismində həbs edildikdə dərhal "siyasi məhbus" adlanır?
10. Görəsən, dünyanın inkişaf etmiş dövlətlərində "hüquq müdafiəçiləri" və jurnalistlər vətənə xəyanət edəndə onların başını hansı tərəfə sığallayırlar?
11. Vətənə xəyanət edənlərin əsassız müdafiəsinə qalxanların adı nə olur?
12. Əgər bir təşkilatdan daim dönüklər və vətən xainləri çıxırsa, həmin qurumun xalqın rifahı və azadlığı uğrunda mübarizə apardığına inanmaq olarmı?
13. Hesabları araşdırılmaq üçün dondurulan "hüquq müdafiəçiləri" və QHT rəhbərləri niyə əl-ayağa düşüblər, nədən qorxurlar?
14. Onlar haradan nə aldıqlarını və nəyə görə aldıqlarını niyə təşvişlə xalqdan, dövlətdən və qanundan gizlədirlər?
Cavab verə bilənlər buyursunlar.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !