Köçkün uşaqları yay məktəbində -

Köçkün uşaqları yay məktəbində

İyul ayından “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə növbəti layihəsini icra edir. Layihə çərçivəsində avqust ayının əvvəlindən Ağdam və Bərdə rayonlarından olan məcburi köçkün uşaqları üçün yay məktəbinə başlanıb. Layihənin rəhbəri Fərman Nəbiyevin dediyinə görə, avqustun 10-dək davam edəcək məktəbin proqramına kompüter və liderlik bacarıqlarının artırılmasıyla bağlı təlimlər daxildir: “Hər iki təlimi aparmaq üçün səriştəli mütəxəssisləri layihəyə cəlb etmişik. Zəngin QHT və təlimçi keyfiyyətlərinə malik Yeganə Nəbiyeva və “İlin müəllimi” Natəvan Mustafayeva ilk gündən auditoriyanı ələ ala biliblər. Eyni zamanda uşaqlar üçün maraqlı gəzintilər təşkil olunur. Valideynləri övladlarının darıxacağını zənn etsələr də, gümanlarında yanılıblar. Uşaqlar ata-analarının zənginə: “Heç narahat olmayın, burda bizim üçün çox yaxşıdır” –deyirlər”.
Yay məktəbində iştirak etmək üçün 12nəfər müraciət etsə də, yalnız 6 nəfər seçilib. Onların kiçiyinin 12, böyüyünün 15 yaşı var. Bu uşaqlar Dağlıq Qarabağ münaqişəsi zəminində daimi yaşayış yerlərini itirən və başqa bölgələrdə məskunlaşan ailələrin övladlarıdır.
Layihə çərçivəsində Bərdədə və Ağdamda məcburi köçkün həyatını yaşayan insanların İKT bacarıqlarının artırılması məqsədilə təlimləri də təşkil olunub. Elə təlimçilər də köçkün rayonların vətəndaşlarıdır. Eyni zamanda hər iki rayonda və Mingəçevirdə “Elektron hökumət” portalına inteqrasiya edilən xidmətlər barədə informasiya sessiyalarının keçirilməsi nəzərdə tutulub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !