Gənclər Azərbaycan dili gününü qeyd edir -

Gənclər Azərbaycan dili gününü qeyd edir

Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisi gənclərin iştirakı ilə elmi konfrans keçirmişdir.
Konfransı giriş sözü ilə açan ofisin rəhbəri Tural Kərimov bildirmişdir ki, 13 il öncə ümummilli lider Heydər Əliyevin müvafiq fərmanı ilə, 2001-ci il avqustun 1-də ölkəmizdə kiril əlifbasından latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi ilə bağlı hər il bu tarixi gün əlamətdar hadisə kimi qeyd edilir. Hamıya bəlli olan məşhur deyim var: "Bir milləti məhv edib tarix səhnəsindən silmək üçün onun dilini və əlifbasını əlindən almaq kifayət edər". Azərbaycan xalqının milli varlığının əsası olan ana dilimiz zaman-zaman əlifbamızın yaşadığı taleyi yaşayıb. Yadelli işğalçılar dilimizi məhv edib sıradan çıxarmaq, onu gah ərəbləşdirmək, gah farslaşdırmaq, gah da ruslaşdırmaq üçün dəridən-qabıqdan çıxıblar. Azərbaycan əlifbası kimi, dilinin də hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol tapması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Konfransda çıxış edən gənclər totalitar sovet rejiminin sərt qadağalarına baxmayaraq ümummilli liderimizin ana dilimizin keşiyində alınmaz qala kimi durmasını tarixi faktlarla göstərmişdirlər. Qeyd olunmuşdur ki, 1978-ci ildə o vaxtkı SSRİ rəhbərliyinin ciddi narazılıq və etirazına baxmayaraq, ulu öndər Heydər Əliyevin böyük qətiyyəti sayəsində Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edilmişdir.
Tədbirdə ana dilimizin və əlifbamızın qorunması istiqamətində müzakirələr aparılmış, gənclərin təklifləri səsləndirilmişdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !