Bəxtiyar SADIQOV : - Vətən, səndə nəyim qalıb

Bəxtiyar SADIQOV : Vətən, səndə nəyim qalıb

 Bayatılar da canlı varlıqlar kimidir...
Yaranır, yaşayır, bəzən unudularaq uzun müddət yada düşmür, hərdən isə sanki təzədən doğulur...
Bu da bir tale yazısı, bir qismətdir!
"Qarabağ şikəstəsi"ndə yarandığı gündən qəribə nisgil, həsrət dolu notlar var!
Bəlkə də bu müqəddəs kədər harayı orada oxunan bayatılarla bağlıdır:

Əzizinəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!

Qəribədir, bu şikəstə, bayatı yarananda Qarabağ bizə, biz Qarabağa həsrət deyildik!
Birlikdə yaşayırdıq!
Bəs bu uzaqgörən "bəstəkar" və "şair" haradan bilirdilər ki, uzun illərdən sonra ayrı düşəcək, bir-birimizə həsrətlə baxacaq, kədərimizi musiqi ilə ovundurmağa, həsrətimizi isə bayatı ilə söndürməyə çalışacağıq?!
Hardan idi bu öncəgörmə?!

Bu görünən Ağdamdı,
Ağ damdı, qara damdı.
Yollarına baxmaqdan
Gözlərimə qan damdı!

Bu bayatı isə daha sonralar, artıq həsrətimizin 21 ilini qeyd etdiyimiz Ağdamın işğalından sonra yaranıb.

Qəribə ayrılıqdır...
Uzaqdan baxanda Ağdamın dağıdılmış və yandırılmış evlərini, xaraba qalmış kəndlərini görürsən...
Amma gedə bilmirsən...
Həyət-bacalarda qurumuş ağaclar, qanqal basmış bağ-bağça aydın görünür...
Amma nə ağaclara su verə bilirsən, nə də ot-ələfi təmizləməyə əlin çatır!
Vaxtilə ürəyin atlana-atlana getdiyin yolları toz-torpaq basıb...
Amma yaxın dura bilmirsən! Çünki yağı düşmən minalayıb!
Gözlə gördüklərinə əlin çatmır...
Amma həsrət ürəyini sızıldadır, qəzəbdən dişin bağırsağını kəsir!
Bu nə tale, bu nə qismət?!
Məsləhətinə şükür, İlahi!
***
Müstəqil Azərbaycan bizim üçün çox əzizdir, qiymətlidir! Onunla daim qürur duyur, xarici ölkəyə gedəndə ondan ötrü darıxırıq! Azərbaycanın hər uğuru bizi sevindirir, onunla bağlı hansısa narahatlıq doğuran hadisə baş verəndə hər birimiz bu narahatlığı canımızdan keçiririk!
Azərbaycan bizim üçün böyük vətəndir, müqəddəs məkandır!
Amma bu vətən doğulduğumuz evdən, eldən-obadan başlayır!
Doğulduğumuz məkana bizi daha çox tellər bağlayır.
Orada doğmalarımız, əzizlərimiz yaşayıb, orada dostlarımız, ilk dəfə addımladığımız küçələr, su içdiyimiz bulaqlar, oxuduğumuz məktəb qalıb.
Orada bizim uşaqlıq illərimiz, yeniyetməlik çağlarımız, ilk arzularımız qalıb!
Orada bizim ömrümüzün bir parçası, xatirələrimiz qalıb!
Orada bizim doğmalarımızın və əzizlərimizin məzarları qalıb!
Onlarsız ömür tam olmur!
Bəzən insan doğulduğu evdə olmağa, "köhnə" küçələrdə gəzməyə, birinci sinfə getdiyi məktəbə baş çəkməyə ehtiyac duyur...
Bəzən insan uşaqlıq və keçmiş xatirələrini yenidən canlandırmaq istəyir...
Bəzən insan qəbir üstünə gedərək ürəyini boşaltmaq istəyir...
Fəqət onların hamısı tikanlı məftillərin arxasında, səngərlərin o tayında qalıb!
O cansız varlıqlar da erməni işğalında qalaraq əsirlik əzablarını yaşayır!
Yasin səsinə həsrət, baş və sinə daşları oğurlanaraq dağıdılmış, ərazisini kol-kos basmış qəbiristanlıqlar da bizdən kömək istəyirlər!
Ancaq nə əlimiz yetir, nə dadlarına çata bilirik!
Ayıran elə ayırmayıb: göz görür, ürək istəyir, məsafə yaxın!
Get görüm gedə bilirsənmi?!
***
Heç kim el-obasını, ev-eşiyini tərk edəcəyini ağlına belə gətirmirdi!
Heç kim doğma yurdundan bu qədər ayrı düşəcəyini yuxuda da görməzdi!
Amma hərdən insanın ağlına gəlməyən, yuxusuna girməyən gerçək həyatda başına gəlir!
Çaş-baş qalan insanlar kütləvi psixoz, şok vəziyyətinə düşmüşdü.
Heç nəyə inam və ümid qalmamışdı: nə dövlət vətəndaşının harayına çatırdı, nə də ordu vardı ki, onu düşməndən və işğaldan qorusun!
Silah-sursatı olsaydı, yəqin ki, torpaqlarını birtəhər saxlayardı. Belədə isə gümanı özünə, daha doğrusu, canını götürüb getmək üçün ayaqlarına qalırdı.
Həm də zənn edirdi ki, qısa zamanda geriyə dönmək mümkün olacaqdı...
Gücləri çatan, yerləri imkan verən qədər "yük" götürdülər.
Ağdamın Yevlaxa yaxın kəndlərinin ərazilərinə pənah gətirdilər.
Qaçan çox, yer az idi!
Yol kənarlarına, əkin sahələrinə tökülüb qaldılar. "Düşmən Ağdama girib-çıxacaq" adı ilə buraxılan məqsədli şayiə sayəsində insanlar özlərini inandırmağa çalışdılar ki, bəlkə müharibə bununla bitə!
Adamlar real kömək görməyəndə şayiələrə inanmağa başlayırlar!
Yerdəkilərdən yardım ala bilməyəndə üzlərini göyə tuturlar!
Beləliklə, hamı dolu ev-eşiyini, abad və rahat həyət-bacasını Allaha əmanət qoyaraq və Allahı köməyə çağıraraq hələ bələd olmadıqları və bu qədər çəkəcəyini bilmədikləri məcburi köçkün həyatına qədəm doydular!
Bu zaman itirilənlər isə təkcə Allahın verdiyi (və sonradan geri aldığı) maddi nemətlər deyildi.
***
MƏNƏVİ İTKİLƏR daha böyük ağrı-acı doğururdu.
Ağdamda hər ailənin yaxşı dolanışığı, zəhmətlə qurduğu güzəranı vardı. İnsanların bir qismi alış-verişlə, indiki dillə desək, bizneslə məşğul olurdu. Qarabağın qeyri-rəsmi mərkəzi sayılan Ağdam həm də ətraf rayonlar üçün bazarlıq yeri idi. Sovet dövrünün qıtlığı və mal çatışmazlığı Ağdamda hiss olunmurdu. Qoçaq adamlar SSRİ-nin hər tərəfindən aztapılan malları daşıyıb Ağdamın bazarına və mağazalarına tökürdülər. Adamlar bir-birini yola verərək dolandırırdı.
Müharibənin ən çətin günlərində və məqamlarında, Ağdamın "qrad" mərmiləri ilə atəşə tutulduğu vaxtlarda da Ağdam bazarı açıq olmuş, azdan-çoxdan alver getmişdi!
Əslində, bazar rayonun, hətta bölgənin barometri sayılırdı.
Onun fəaliyyətinin dayanması Ağdamın işğalının reallaşmasından xəbər verirdi.
İnsanlar, ailələr heç zaman təkbaşına, özünə qapılaraq yaşamırlar. Qohum, qonşu, dostlar və doğmalarla daim təmasda olurlar. Belə əlaqələr Ağdamda daha güclü idi! Yerli əhali qonaq getməyi və qonaq qarşılamağı çox sevirdi və buna həmişə xüsusi hazırlıq görülür, gen-bol bazarlıq edilirdi.
İşğal ərəfəsində müharibənin ağrıları insanları daha da mehribanlaşdıraraq bir-birinə yaxınlaşdırmışdı. Hərə eşidib bildiyini danışaraq dərdləşir, vəziyyətdən necə çıxacaqları, hara üz tutacaqları barədə məsləhətləşirdilər.
Qaçqınlıq həyatı isə daim bir-biri ilə təmasda olan insanları dərbədər saldı, hərə bir tərəfə səpələndi. Uzun illər boyu ünsiyyətdə olmuş, çətində-darda bir-birlərinə əl uzatmış insanların ayrılaraq pərən-pərən düşməsi müəyyən mənəvi boşluğun yaranmasına da səbəb oldu!
Bu proses kənd yerlərində xüsusilə ağrılı keçdi.
Adətən, hər kəndin öz ağsaqqalları, ziyalıları, sənətkarları, köməksizi və tənhaları olur.
Bir-birlərilə daim qaynayıb-qarışan, qohumluq əlaqələri olan insanlar xeyirdə-şərdə iştirak edir, bir-birini yola verir, lazım gələndə əl tutub, arxa dururlar.
Neçə nəsil tərəfindən yaradılaraq saxlanılan bu qaydaların müxtəlif kəndlərdən, hətta rayonlardan qaçqın şəhərciklərinə və yataqxanalara toplaşmış insanlar tərəfindən "icrası" dayandırıldı. Yeni yaranan "kənd" "köhnə kənd" olmadığından ağsaqqal, ziyalı, köməyə möhtac insanlar "təzə sakinlər" tərəfindən "tanınmadığından" bu pərsəng də pozuldu!
Təzə "qaydalarda" isə mərhəmətdən və hörmətdən çox ehtiyac və daha tez yardım almağın "elementləri" üstünlük təşkil etməyə başladı.
"Hamıdan qabaq" və "yaxşısını" ala bilmək istəyi insanları bir-birindən ayırır, hətta az qala rəqibə çevirirdi!
İtirilən və unudulan "kənd ənənələrini" qorumaq çətin olduğu kimi, geriyə qayıdanda təzədən bərpası da müşkül görünür! Bəlkə də bu gün onların "geri qaytarılaraq" (şübhəsiz, yeni və müvəqqəti yaşayış məntəqələrində) qorunub saxlanılması heç də təzə mənzil tikintisindən az əhəmiyyətli məsələ deyil!
Hamı bir yerdə yaşayanda insanlar bir-birinin xeyrinə-şərinə yarayır, qonşu qonşusunun harayına hamıdan tez çatır, qohum-əqrəba qolunu çırmalayıb məclislərdə əl-ayaq edirdi. İndi hərə bir yanda, 63 rayonun və bir paytaxtın ağlagəlməz ünvanlarında qərar tutub.
Yas xəbəri gəlib çatanacan ölənin yeddisi də çıxır!
Toy siyahıları isə çoxdan tarixin arxivinə verilib! Daha heç kim "getmişəm, gələcək" demir. Çünki zaman da, məkan da fələyin əli ilə dəyişib!
Bu qaçhaqaçda qazanılan təkcə "məcburi köçkün" adı və bir də bu ada görə göz dikdiyi, ilk vaxtlar aşağılayıcı saysa da, heç cür imtina edə bilmədiyi dövlət yardımları oldu!
***
MADDİ İTKİLƏRİN hesablanmasına başlanılıb. Bu işə beynəlxalq ekspertlər cəlb edilib.
Hər şey nəzərə alınacaq: dağılan dövlət obyektlərinin, yol infrastrukturunun, mühəndis-kommunikasiya qurğuları və elektrik xətlərinin dəyərləri, kolxoz və sovxozlara, onların əmlakına (həmin dövrdə ölkəmizdə özəlləşdirmə aparılmamışdı) vurulan ziyanın məbləği, ötən müddətdə idarə və müəssisələrin işləməməsindən, habelə torpaqların əkilməməsindən dəyən zərər və s. hesablanacaqdır!
Vətəndaşların da itkiləri unudulmayacaqdır! Ağdamda bir-birindən gözəl və yaraşıqlı çoxsaylı fərdi evlər, hər bir şəraiti və rahatlığı olan məhəllələr, mənzillərdə mebel dəstləri, elektrik-məişət avadanlıqları vardı. Saysız-hesabsız bu varidatın böyük hissəsini müxtəlif səbəblər üzündən aparmaq mümkün olmadı.
Nə qədər nişanlı və ərgən qızların hələ bir dəfə belə işlənməmiş mebel dəstləri, qab-qacaqları yer dərdindən götürülməyərək Allahın ümidinə qaldı.
Bəs fərdi həyətlərdəki meyvə ağacları? Hər il insanlar bu hesaba nə qədər gəlir götürürdülər! Onları kökündən çıxararaq aparmaq ki olmazdı! Bağçaların gül-çiçəyi necə oldu? İndi Ağdam ruhlar şəhərinə, qanqalların adam boyundan yuxarı qalxdığı məkana çevrilib!
Kənd həyətlərində saxlanılan toyuq-cücə, bəslənilən cins mal-qara? Hamısı tələm-tələsik kəsilərək tələf edildi, qapıların damazlığı yox oldu!
Bütün bunları maddi hesabatlarda əks etdirmək, hər birinə aid sənəd toplayıb təqdim etmək mümkün deyil! Digər tərəfdən, ikili standartların hökm sürdüyü dünyada hesablanmış zərərin əvəzini almaq həmin mal-mülk sahiblərinə qismət olacaqmı?
Axı ömür keçib gedir!
Üstəlik, onu kim və hansı mənbədən ödəyəcəkdir?!
Hər halda bu vacib məsələ müvafiq qaydada aparılaraq başa çatdırılmalı və beynəlxalq təşkilatlar qarşısında qaldırılmalıdır!
***
Elə yaralar var ki, nə sağalır, nə də unudulur!
İnsan doğmalarını, ən yaxın dostlarını itirəndə ömrünün sonunadək onun sızıltısını duyur. Doğrudur, zaman belə ağrıları bir qədər azalda bilər. Amma tamam yox etmir!
Vətən itkisi isə ən ağır, ən dəhşətli yaradır. Onun ağrısı heç zaman azala bilməz! Ola bilər ki, sonrakı nəsillər görmədikləri, yaşamadıqları vətənin ağrısını az duysunlar. Amma gen yaddaşı heç zaman pozulmadığından vətən sevgisi də azala bilməz!
Nənələri və babaları özlərini "müvəqqəti dəfn etdirmiş" və "torpaq geriyə qaytarılanda məni çıxarıb dədə-baba qəbiristanlığına apararsınız" vəsiyyətini etmiş insanların nəvələri vətəni heç zaman yaddan çıxarmazlar!
Hətta yaşadıqları yer cənnətə dönsə belə!
Bəli, bu gün dövlət normal yaşaması, övladlarını oxutdurması, müəyyən fəaliyyətlə məşğul olaraq başqalarından əskik dolanmaması üçün məcburi köçkünə öz köməyini mütəmadi şəkildə göstərir.
Amma bunların hamısı müvəqqətidir!
Yaxında olsa da, əlimiz çatmayan vətəndə hər şey dağılıb, yerlə yeksan edilib!
Biz hökmən ora qayıtmalı, oraları da Azərbaycanın digər yerləri kimi yenidən tikib-quraraq abadlaşdırmalıyıq!
Və bunu hökmən edəcəyik!
Allah-Taala bəzən insanlara "göz dağı" ilə cəza verir. Məsələn, bəzən xəstə və imkanlı insan nazü-nemətlə dolu süfrənin kənarında oturub yeməklərə həsrətlə baxır.
Əli çatsa da, dadına belə baxa bilmir! Çünki elə dərdə düçar olub ki, boğazı tikilib! Yesə də, həzm edə bilməyəcək!
Bax beləcə, göz dağı çəkə-çəkə dünyasını dəyişir!
Biz məcburi köçkünlər də indi belə vəziyyətdəyik.
Müstəqil, günbəgün inkişaf edərək daha da gözəlləşən, dünyada hörmət və nüfuz sahibi olan Azərbaycanda yaşayırıq. Hər bir ölkə vətəndaşı istədiyi sahədə çalışa, özünə biznes qura bilir! Kəndlərdə və şəhərlərdə tikilən yaraşıqlı şəxsi mənzillərin sayı-hesabı yoxdur! O qədər insan özünə avtomobil alıb ki, küçə və yollarda tıxac səbəbindən hərəkət çətinləşib!
Dövlətin dəstəyi sayəsində məcburi köçkünlər hər cür çətinliyi arxada qoyaraq özlərinə yenidən güzəran qurmuş, yeni qəsəbələrə və mənzillərə köçmüşlər.
Vətənin abad, gözəl və yenidən qurulmuş hissəsində oturaraq düşmən işğalında qalan xarabalığa çevrilmiş hissəsinə isə ürək ağrısı ilə baxırsan!
Əl uzatsan çatar, amma gedə bilmirsən!
Düşmən evləri sökür, dəmir və taxta materiallarını "dostlarımıza" satır, bir söz deyə bilmirsən!
Yüz illərin meşələri, çöl-çəmən yandırılaraq məhv edilir, dünyanın bir qurumu ekoloji fəlakət harayı salmır!
İyirmi ildən çoxdur ki, mülkiyyət, istədiyin yerdə yaşamaq, sevdiyin peşənlə məşğul olmaq hüququn pozulur, amma "Amnesty International", "Freedom House", "Human Rights Watch" kimi "obyektiv" hüquq müdafiə təşkilatları ağzına su alıb durur!
ATƏT həmsədrləri hər dəfə Ağdamın xarabalıqlarından keçib Azərbaycana gələndə torpaqlarımızı kimin işğal altında saxladığını gözləri ilə görür, amma bir dəfə işğalçı Ermənistanı öz adı ilə çağırmır!
Ordumuzun qüdrəti ilə torpaqları azad edə bilərik, amma hamı nəticəsiz sülh danışıqlarının davam etdirilməsinə təkid göstərir!
Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi və qətiyyəti birmənalıdır:
Azərbaycan bir qarış torpağını da heç kəsə güzəşt etməyəcəkdir!
Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz!
Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaqdır!
Azərbaycan Ermənistanın blokada vəziyyətindən çıxarılmasına yol verməyəcəkdir!
Münaqişənin tezliklə həlli erməni xalqının da xeyrinədir!
Azərbaycan torpaqları işğal olunduqdan sonra düşmənin əli ilə xarabalığa çevrilmişdir!
Ermənistan isə öz ağılsız siyasətçilərinin "fəaliyyəti" sayəsində əhalisi tərəfindən tərk edilən yoxsullar və perspektivsizlər ölkəsinə çevrilir!
Biz öz torpaqlarımıza qayıdacağıq! - Buna şübhə etmirik!
Ermənistan heç zaman Azərbaycan torpaqları hesabına Qarabağda ikinci erməni dövləti yarada bilməyəcəkdir. - Bu, reallıqdır!
Allah bizə səbir, düşmənlərimizə isə ağıl versin!

Bəxtiyar SADIQOV

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !