Bəxtiyar SADIQOV : - «MƏNİM EVİM VAR!»

Bəxtiyar SADIQOV : «MƏNİM EVİM VAR!»

 İnsan yarananda nə evi olub, nə də ev haqqında təsəvvürü.
Çuxur yerdə daldalanmaq, ağac koğuşunda gecələmək, yaxud yağış yağanda daş-qaya altında qorunmaq evi bir növ əvəz edib.
Zaman keçdikcə ibtidai insan anlayıb ki, onun dincəlməsi, istidən-soyuqdan daldalanması üçün daimi və münasib yeri olmalıdır! Xüsusən də Yer planetində buzlaşma başlayandan, insanlar dəstələr və qəbilələr halında yaşamağın faydasını dərk edəndən sonra "xüsusi daldalanacağın" vacibliyi həyati zərurətə çevrilib.
Dağlardakı mağaralarda sığınacaq tapılması, yəqin ki, insanın ən böyük "kəşf"lərindən biri sayılır. Çünki belə mağaralar təkcə isti-soyuqdan yox, həm də insanların vəhşi heyvanlardan və düşmənlərindən qorunmasında da mühüm rol oynayırdı.
Artıq bu gün evsiz insanı təsəvvürə gətirmək mümkün deyil! Söhbət şəxsi mənzilin olmasından getmir. (Bu barədə bir qədər sonra danışacağıq). Müasir insanın mövcudluğu üçün bütövlükdə mənzilin zəruriliyindən bəhs edirik. Təbii ki, şəxsi evi olmayan insan kirayənişinlik, yataqxanada yerləşmə, müvəqqəti olaraq qohum, dost, tanış yanında qalmaqla bu ehtiyacını ödəyir.
Müasir mənzil təkcə daldalanacaq yeri deyil!
*İnsan mənzildə gün ərzində itirdiyi enerjisini bərpa edir;
*Dincəlir, elm, yaradıcılıq və s. ilə məşğul olur;
*Məişəti ilə bağlı (yemək, geyinmək, təmizlik və s.) məsələləri yoluna qoyur;
*Ailə quraraq onu inkişaf etdirir;
*Xəstələnəndə müalicə alır;
*Asudə vaxtını səmərəli keçirə bilir;
Bir sözlə, öz həyatını və yaşayışını qurur!
Öz evi olmayanlar daim müəyyən çətinliklərlə də rastlaşırlar!
*Hər ay ailə büdcəsindən kəsib kirayə pulu verməli olur;
*Yaşayış yerini vaxtaşırı dəyişdiyindən fərli-başlı mebel ala bilmir, olanlar isə köçhaköçdə qırılıb korlanır;
*Oğul evləndirib, qız köçürməyi müəyyən müddətə təxirə salmaq məcburiyyətində qalır;
*Mənzili istədiyi kimi təmir edib dəyişiklik apara bilmir;
*Ən əsası, daim müəyyən sıxıntı və gərginlik duyur.
Sovet dönəmində mənzil sahibi olmaq həm asan idi, həm də çətin!
Asan idi ona görə ki, dövlət mənzili pulsuz, növbəlilik əsasında verirdi. Növbəyə durmaq isə bir sıra bürokratik qaydalarla əngəllənirdi. Belə ki, bir idarədə azı beş il işləmək, hansı evdəsə pasport qeydiyyatına düşmək, bir neçə mərhələdən sənədləri keçirdikdən sonra illərlə gözləmək lazım gəlirdi. Başqa şəhərə köçdükdə isə mənzilini dövlətə qaytarmalı idin.
Ömrünün ən gözəl çağlarını mənzil növbəsində keçirən o qədər insan olub ki! Hətta bəzən gənc ailənin övladları evlənmək yaşına çatanda onlara yeni mənzil verilirdi. Bu da təzədən - yeni gənc ailənin mənzil şəraitinin yaxşılaşdırılması üçün təkrar mənzil növbəsinə durmasını zərurətə çevirirdi.
Amma bütün hallarda insanların pulsuz ev ala bilmələrinə ümid və inamları olurdu.
Müstəqillik dövrünə qədəm qoyduqdan sonra bazar iqtisadiyyatı münasibətləri və demokratiya yolunu tutan Azərbaycan sosializm ideyalarından imtina etdi. Beləliklə, dövlət pulsuz ev tikərək vətəndaşına havayı mənzil vermək vəzifəsini öz üzərindən götürdü. Bu, yeni dövrün tələblərinə və dünya praktikasına uyğun addım idi. Üstəlik, dövlət müəssisələri və onlara məxsus "fəhlə yataqxanaları" da tarixin arxivinə verildi.
Hər kəs özünə gün ağlamalı, hansısa formada (əgər pulu yoxdursa, ipoteka yolu ilə) şəxsi mənzilə yiyələnmək məsələsini özü həll etməli oldu!
Elə bir faciə baş vermədi. Xalqın arzu və tələbi ilə ulu öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdıqdan, "Əsrin müqaviləsi" neft kontraktı imzalandıqdan, iqtisadiyyatımız tənəzzüldən tərəqqi mərhələsinə qədəm qoyduqdan, xüsusən 2003-cü ildən etibarən Azərbaycanda düşünülmüş, sürətli və davamlı inkişaf dövrü başlayandan sonra vəziyyət kökündən dəyişdi. İşsizliyin aradan qaldırılması (49 faizdən 5 faizə endirilməsi), sahibkarlığın inkişafının təmin edilməsi, əhalinin gəlirlərinin və orta aylıq əməkhaqqının yüksəldilməsi insanların güzəranının yaxşılaşmasına güclü təkan verdi. Ölkəboyu yüksəliş, istəyənlərə torpaq sahələrinin verilməsi, tikinti materialları bolluğu və yeni texnologiyaların tətbiqi insanların "gen-bol və yaraşıqlı mənzil" arzularının qısa vaxtda gerçəkləşməsinə imkan yaratdı.
Ölkə paytaxtında və regionlarda bir-birindən yaraşıqlı, çoxmərtəbəli fərdi evlərin və yaşayış binalarının sürətli inşası adi hala çevrilmişdir. Artıq insanlar bir neçə yerdə, bir neçə mənzilə sahib ola bilirlər. Halbuki sovet dövründə bütün bunları yuxuda belə görmək mümkün deyildi!
Bəs imkansızlar, işləyə bilməyənlər, az əməkhaqqı alanlar necə olsun?
İlk növbədə, ev-eşiyindən zorla qovulmuş qaçqın və məcburi köçkünlər yada düşür!
Tale onları yaman yerdə yaxaladı!
Nə dövlət onları müdafiə etdi, nə də könüllü özünümüdafiə batalyonlarının buna gücləri çatdı!
Ölüm qorxusundan və girov götürülmək rüsvayçılığından qaçmaqla canlarını qurtardılar!
Özlərinin və özlərindən əvvəl bir neçə nəslin tikib-qurduğu, alıb-yığdığı düşmənə qaldı!
Kim nə bacardısa, özü ilə götürdü, götürə bilmədiyini isə Allaha tapşıraraq evini və həyət-bacasını tərk etdi!
Hərə baş götürüb ailəsi ilə bir tərəfə qaçdı!
Beləliklə, həsrət və məşəqqət dolu, bəzən ümid və çörəyin də qurtardığı qaçqın həyatı başladı!
Əvvəlcə üçkünc çadırlardan ibarət şəhərciklərdə daldalandılar, sonra özlərinə yeraltı qazmalar, qamış və palçıqdan suvanmış komalar, çiy kərpicdən evlər tikdilər! Əslində, bunların heç biri yaşayışa tam yararlı deyildi, sadəcə, "müvəqqəti yaşamaq yeri" idi!
İnsanlar bilmirdi bir parça çörək dərdi çəksin, yoxsa işıq, istilik, ocaq, ya da kommunal şəraiti axtarsın!
Xaos və anarxiya burulğanında boğulan dövlət başını da itirdiyindən öz hayında idi.
Beynəlxalq humanitar təşkilatlar da bu faciələrdən uzaqlarda qalmışdı!
"Başlı başını saxlasın" prinsipi hökm sürürdü!
Yalnız ulu öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən dövlət rəhbərliyinə qayıtdıqdan sonra bu sahədə də dönüş yaranmağa başladı.
Qaçqın və məcburi köçkünlərə dövlət sahib çıxdı, onların bir qismi yataqxanalarda, sanatoriya və istirahət evlərində, ictimai binalarda yerləşdirildi, humanitar təşkilatlar respublikaya dəvət olundu, qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə müvafiq qanunvericilik bazası yaradıldı, dövlət qurumları sistemli şəkildə bu işlə məşğul olmağa, onlara yardım və kömək göstərməyə başladı.
İlk dəfə olaraq məhz ulu öndər Heydər Əliyevin sərəncamı ilə qaçqın və məcburi köçkünlər üçün yeni tipli qəsəbələr salınmasından ötrü Dövlət Neft Fondundan vəsait ayrıldı!
Sonradan bu işin planlı və sistemli şəkildə həyata keçirilməsi qaydaya salındı!
Nəhayət, məcburi köçkünlər də qeyri-insani şəraitdə yaşamaqdan qurtularaq müasir tipli qəsəbələrdə tikilmiş hər cür şəraiti olan, təmirli mənzillərdə və evlərdə yaşamağa başladılar.
Prezident cənab İlham Əliyev qaçqın şəhərciklərinin salınmasına və burada zəruri infrastruktur yaradılmasına xüsusi diqqət yetirir. Dövlət 2016-cı ilədək məcburi köçkünlərin mənzil probleminin həllinə nail olacağını bəyan edib!
İndiyədək qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbə və məhəllə salınmışdır. Onlardan 77-si son 10 ildə inşa olunmuşdur. Bundan əlavə, 68 min məcburi köçkünün müvəqqəti məskunlaşdığı 220 yataqxana təmir edilmişdir.
Bütövlükdə bu günədək 40 min ailənin (180 min nəfər qaçqın və məcburi köçkünün) mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Bunun 92 faizi (37 min ailə və ya 166 min nəfər) son on ilin payına düşür!
Yeni mənzillərə köçmək xoşbəxtliyini (doğrudan da bu, əsl xoşbəxtlikdir) təkcə minlərlə məcburi köçkün yaşamayıb. Digər qrup insanlar da dövlətimizin bu səxavətindən bəhrələnmişlər.
Təəssüf ki, onların dəqiq siyahısını (sayını) müəyyən edə bilmədik. Çünki Dövlət Statistika Komitəsinə müvafiq informasiya verilmədiyindən orada dəqiq və yekun rəqəmlər yoxdur! Halbuki dövlətin imkanları və dövlət başçısı cənab İlham Əliyevin alicənablığı sayəsində insanlara göstərilən bu xeyirxahlığın da uçotu aparılmalı və vaxtaşırı cəmiyyət bu barədə məlumatlandırılmalıdır.
Belədə toplaya bildiyimiz rəqəmlər əsasında oxucularımızda müəyyən təsəvvür yaratmağa çalışacağıq.
Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, onlar üçün yeni mənzillərin inşa olunaraq istifadəyə verilməsinə ümummilli liderimiz Heydər Əliyevin göstərdiyi xüsusi diqqət və qayğı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməkdədir.
İndiyədək 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunmuşdur.
Cari ilin 25 aprel tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə Ağdam rayonunda inşa olunmuş 6 mərtəbəli 54 mənzilli yaşayış evi Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların istifadəsinə verilib.
Eyni zamanda, cari ildə Bərdə, Goranboy, Tərtər, Beyləqan, İmişli, Şamaxı rayonlarında da yeni çoxmənzilli yaşayış evlərinin bu təbəqələrdən olan insanlara təqdim olunması nəzərdə tutulur. Bununla yanaşı, ƏƏSMN tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda gözdən əlil vətəndaşlar üçün 12 mərtəbəli 132 mənzilli yaşayış evi inşa etdirilir ki, həmin yaşayış binasının da cari il ərzində istifadəyə verilməsi planlaşdırılır.
Dövlət başçısı cənab İlham Əliyev müharibə nəticəsində zərər çəkmiş insanların bir qisminin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün bu yaxınlarda daha bir sənədə imza atmışdır. Belə ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" imzaladığı sərəncamda 2014-cü il yanvarın 1-dək rayon (şəhər) icra hakimiyyətlərində yaşayış sahəsinə ehtiyac olan qismində növbəyə dayanmış, ümumilikdə 5731 nəfər Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxsin və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələli şəkildə mənzil və ya fərdi evlə təmin olunması nəzərdə tutulur.
Orduda müəyyən müddətdə xidmət etmiş zabitlər, daxili qoşunlarda xidmət çəkən hərbçilər də vaxtaşırı dövlət tərəfindən pulsuz mənzillə təmin olunurlar.
Bir vaxtlar jurnalistlər cəmiyyətin ən hörmətli və nüfuzlu insanlarından sayılırdılar. Mətbuat və söz azadlığının bərqərar edilməsi, KİV-in dövlət nəzarətindən çıxarılması və qəzet təsisçiliyinin son dərəcə sadələşdirilməsi bu sahədə ziddiyyətli dəyişikliklərə səbəb oldu. Mətbuat və söz azadlığı nə qədər müsbət hal olsa da, ondan sui-istifadə, tamah məqsədilə yararlanma imkanı da vardı. Bu niyyətlə təsadüfi insanların bu sahəyə axışaraq "reket qəzet"lərin yaranması oxucuları qəzetlərdən uzaq saldı, tirajlar xeyli aşağı düşdü. Reklam bazarının formalaşmaması, bəzi çap materiallarının qiymətinin qalxması redaksiyaların gəlirinin azalmasına, bu isə jurnalistlərin rifahının yaxşılaşmasına mənfi təsir göstərdi. Əslində, mövcud durum jurnalistlərin özlərinə fərdi mənzil almaq imkanlarını heçə endirirdi. Odur ki, onlar Mətbuat Şurası vasitəsilə özlərinin böyük dostlarına - Prezident İlham Əliyevə müraciət etdilər. Dövlət başçısı bu müraciətə həssaslıqla yanaşdı. Elə həmin gün Azərbaycan Prezidenti jurnalistlər üçün mənzil tikilməsilə bağlı sərəncam imzalayaraq özünün Ehtiyat Fondundan ilkin vəsait ayırdı. Sonra daha bir sevindirici qərar qəbul edildi. Həmin mənzillərin də dövlət hesabına təmir olunaraq sahiblərinə veriləcəyi bildirildi.
2013-cü ilin Milli mətbuat və jurnalistika günündə Prezident İlham Əliyev yeni binanın qırmızı lentini kəsərək 156 jurnalisti və onların ailə üzvlərini sevindirdi.
Cənab İlham Əliyevin humanizmi və alicənablığı sayəsində 156 jurnalist qürur və iftixarla "Mənim evim var!" sözünü deyə bildi!
Bu həm də mətbuat və söz azadlığına Azərbaycan iqtidarının verdiyi ən böyük dəyər və hədiyyə oldu!
Üstəlik elə həmin gün Prezident İlham Əliyev yenə də jurnalistlər üçün tikiləcək 256 mənzilli binanın təməlini qoydu.
Deməli, növbəti - 2015-ci ildə də daha 256 jurnalist sevinc və fərəhlə "Mənim evim var!" deyəcəkdir!
Dünyanın heç bir yerində azad sözə və onun daşıyıcıları sayılan jurnalistlərə belə qayğı və diqqət göstərilmir!
İndiyədək dünyanın heç bir yerində eyni vaxtda 156 jurnalistə təzə və təmirli ev almaq səadəti nəsib olmayıb!
Əhsən belə dövlətə və onun Prezidentinə!
Bu gün dövlətin və Prezidentin qayğısı sayəsində yüz minlərlə qaçqın və məcburi köçkün "Mənim evim var!" - deyir.
Bu gün dövlətin və Prezidentin qayğısı sayəsində yüzlərlə şəhid ailəsi "Mənim evim var!" - deyir.
Bu gün dövlətin və Prezidentin qayğısı sayəsində yüzlərlə müharibə əlili və veteranı "Mənim evim var!" - deyir.
Bu gün dövlətin və Prezidentin qayğısı sayəsində yüzlərlə hərbçi zabit "Mənim evim var!"- deyir.
Bu gün dövlətin və Prezidentin qayğısı sayəsində yüzlərlə şair və yazıçı, incəsənət xadimi, sənət adamı və ziyalı "Mənim evim var!" - deyir.
Bu gün dövlətin və Prezidentin qayğısı sayəsində Olimpiya idman oyunlarında, dünya və Avropa birinciliklərində Azərbaycanın bayrağını yüksəltmiş yüzlərlə gənc idmançı "Mənim evim var!" - deyir.
Bu gün dövlətin və Prezidentin qayğısı sayəsində 157 jurnalist "Mənim evim var!"-deyir.
Eşq olsun səxavətli dövlətə və onun alicənab Prezidentinə!

Bəxtiyar SADIQOV

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !