Bu il Lənkəran Dövlət Universitetini 400 məzun bitirmişdir -

Bu il Lənkəran Dövlət Universitetini 400 məzun bitirmişdir

Lənkəran Dövlət Universitetində (LDU) məzun günü keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar Elm Xadimi, professor Asəf İsgəndərov ali məktəbi bitirən məzunları əlamətdar hadisə münasibətilə təbrik etmişdir.
Qeyd olunmuşdur ki, fəaliyyətinin ilk illərində universitetdə 12 ixtisas üzrə 218 tələbə təhsil aldığı halda, hazırda bu ali təhsil müəssisəsində 4 fakültə, 11 kafedra və 22 ixtisas üzrə 2000-ə yaxın tələbə təhsilini davam etdirir. LDU-nu bitirən 5 mindən çox məzunun bir qismi elmi dərəcələr alaraq ali məktəblərdə, digərləri isə ixtisaslarına uyğun müxtəlif sahələrdə işləyirlər.
Bildirilmişdir ki, bu il universitetin bakalavr pilləsini 350, magistratura şöbəsini isə 50 nəfər bitirmişdir.
Mərasimdə çıxış edənlər ali təhsil ocağının məzunlarını təbrik etmiş, ölkəmizdə elmin və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışmış, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirmişlər.
LDU-nun məzunları fəaliyyət göstərəcəkləri yerlərdə universitetin, müəllimlərinin adını həmişə uca tutacaqlarını bildirmişlər.
Tədbirdə ali təhsil müəssisəsinin magistr və bakalavr pilləsini bitirən məzunlara diplomlar, universitetin ictimai həyatında və müxtəlif müsabiqələrdə fəallıq göstərmiş məzunların bir qrupuna isə fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunmuşdur.
Universitetin bədii özfəaliyyət kollektivi mərasimdə konsert proqramı ilə çıxış etmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !