Mingəçevirdə Yeni media və ailə dəyərləri mövzusunda maarifləndirici tədbir keçirilmişdir -

Mingəçevirdə “Yeni media və ailə dəyərləri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yeni media və ailə dəyərləri “mövzusunda tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, Mingəçevir Media Mərkəzində keçirilən tədbirdə yerli KİV nümayəndələri, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak etmişlər.
Tədbirdə JuHİ-nin sədri Müşfiq Ələsgərli çıxış edərək bildirmişdir ki, Azərbaycanda internetin inkişafı üçün çox ciddi addımlar atılmışdır. Hazırda ölkədə əhalinin 70 faizi internetdən istifadə edir. Son statistikaya görə, artıq ölkədə təkcə 1 milyon 200 mindən çox “Facebook” sosial şəbəkə istifadəçisi, 300-dən artıq internet media resursu vardır. Bütün bu göstəricilər onu sübut edir ki, Azərbaycanda internet texnoloji baxımdan inkişaf edir və internet istifadəçilərinin sayı sürətlə artır. Azərbaycan hökuməti internetin inkişafı üçün kifayət qədər şərait yaradır.
Amma internet inkişaf etdikcə bu sahədə həm də müəyyən problemlər yaranır. İnternetdə uşaq hüquqları, ailə sirləri və şəxsi həyat məsələləri ilə bağlı müəyyən problemlər yaradan informasiyaların yayılması ümumi halda qanunla qadağan olunur. İnternetdə çox vaxt qanunun bu tələbləri gözlənilmir və bəzən bu tip informasiyaların tirajlanmasına yol verilir.
Diqqətə çatdırılmışdır ki, hazırda bu cür qanun pozuntularının qarşısını məhkəmələr vasitəsilə qanuni yolla tənzimləmək mümkündür. Hazırda ölkədə internet vasitəsilə bu cür informasiyaların yayılmasına qarşı mübarizə aparılır və lazımi tədbirlər görülür. Bu cür məsələlərin qarşısının alınması üçün Azərbaycanda çox gözəl bir yol seçilmiş, bu sahədə geniş maarifləndirmə işinin aparılması qarşıya məqsəd qoyulmuşdur.
Müşfiq Ələsgərli qeyd etmişdir ki, Mingəçevirdə internetin yaratdığı problemlərlə bağlı aparılan maarifləndirmə məsələlərinə çox böyük maraq və diqqət göstərilir. Artıq burada, belə demək mümkündürsə, professional media işçiləri, internet istifadəçiləri vardır. Hesab edirik ki, onların vasitəsilə bölgə əhalisini həm internet sahəsindəki bütün hüquqi etik məsuliyyət barədə, həm də yeni texnologiyalar haqqında maarifləndirmək mümkündür. Bu, bizim ilk görüşümüzdür və digər bölgələrdə də bu cür maarifləndirici tədbirlər həyata keçirməyi planlaşdırırıq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !