Mədəniyyət və turizm naziri Şəmkirdə vətəndaşları qəbul edib - FOTO

Mədəniyyət və turizm naziri Şəmkirdə vətəndaşları qəbul edib FOTO

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə qəbul günləri keçirilir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü mayın 30-da Şəmkir şəhərində keçirildi. Şəhərdəki "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində nazir Gəncə şəhəri, Şəmkir, Ağstafa, Gədəbəy, Qazax, Tovuz və Kəlbəcər rayonlarından vətəndaşları qəbul etdi.
Nazirliyin " [email protected]" elektron poçt ünvanı, "e-services." , " mct.gov.az" elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) vasitəsi ilə, eləcə də müvafiq mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmış 30-dək vətəndaş müxtəlif məsələlərlə bağlı xahiş və təkliflərini nazirə ünvanladılar. Müraciətlər əsas etibarilə yerlərdə müasir kitabxanaların yaradılması, tarixi abidələrin bərpası, sərhədyanı kəndlərində yeni mədəniyyət ocaqlarının açılması, mədəniyyət müəssisələrində ştatların artırılması, turizmin inkişaf etdirilməsi, habelə mədəniyyət işçilərinə fəxri adların verilməsi, işlə təminat və digər sosial məsələlərlə bağlı idi. Nazir jurnalistlərə müsahibəsində vətəndaşların bölgələrdə mədəniyyət və turizmlə bağlı əhəmiyyətli mövzulara diqqət ayırmasını təqdirəlayiq hal kimi qiymətləndirdi. Qeyd etdi ki, bütün xahiş, təklif və təşəbbüslərlə bağlı müvafiq tədbirlər görüləcək: "Sevindirici haldır ki, bu gün vətəndaşlarımızın qaldırdığı məsələlər günün tələblərindən irəli gəlir. Bu isə onu göstərir ki, bölgələrimiz öz inkişaf dövrünü yaşayır, sakinlər mədəniyyət ocaqlarımızın müasir səviyyədə xidmət göstərməsini, yerlərdə turizmin daha da inkişaf etdirilməsini istəyirlər. Biz də nazirlik olaraq əsas diqqətimizi bu sahəyə yönəldirik ki, mövcud tələbləri qarşılayaq, əhaliyə yüksək səviyyəli mədəni xidmət göstərə bilək". Əbülfəs Qarayev səslənən konkret təşəbbüslərin diqqətdə saxlanılacağını bildirdi. Şəmkir şəhərində tolerantlıq mövzusunda, bölgədəki alman abidələri və tarixi-mədəni irsi ilə bağlı beynəlxalq tədbirlərin təşkili barədə təşəbbüsü müsbət qarşılayan nazir bu məsələlərin nəzərdən keçiriləcəyini bildirdi.
Nazir sosial məsələlərlə bağlı xahiş və müraciətlərə də baxılacağını, imkan daxilində onların həllinə köməklik göstəriləcəyini qeyd etdi. Qəbuldan sonra Əbülfəs Qarayevin və nazirliyin məsul işçilərinin iştirakı ilə zona müşavirəsi keçirildi.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !