BMT təmsilçisi Ağdama səfər edib - FOTO

BMT təmsilçisi Ağdama səfər edib FOTO

BMT-nin İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçi Çaloka Beyani Ağdam rayonunda səfərdə olub. Qonaq əvvəlcə Tərtər rayonunun Mamırlı kəndində məcburi köçkünlərin məskunlaşdığı düşərgədə olaraq onların həyat şəraiti ilə maraqlandı. Daha sonra qonaq Ağdamın Quzanlı qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən orta məktəbə və bir köçkün ailəsinə baş çəkib.

Jurnalistlərlə söhbət edən BMT təmsilçisi gördüklərindən təəccübləndiyini bildirib: "Mənim burada gördüyüm insanlar iyirmi ildən çoxdur çox çətin şəraitdə yaşayır. Hətta uşaqlar bu qəsəbələrdə böyüyür. Yeni qəsəbələrin salınması isə sevindiricidir. Bütün bunlara baxmayaraq, onların yenə də ən böyük arzusu doğma torpaqlarına qayıtmaqdır. Çox ümid edirik ki, bu məsələ öz həllini tapacaq və onlar öz doğma torpaqlarına qayıdacaqlar”.

BMT-nin işğalçı Ermənistana təzyiq göstərməməsinə dair sualın cavabında isə məruzəçi indi tək BMT-nin yox, bütün dünyanın hərəkətə keçməsinə ehtiyac var: “Prosesin ilkin mərhələlərində işğalçı dövlətə qarşı müəyyən qədər təzyiqlər göstərilmişdi. Sonradan ölkələr arasında münasibətlər bir qədər stabilləşdikdən sonra və müəyyən sülh vəziyyəti yarandığına görə, beynəlxalq ictimaiyyət bir az kənara çəkildi. Mənə elə gəlir ki, beynəlxalq ictimaiyyətin yenidən canlanmasına çox böyük ehtiyac var. Çünki, bu, təkcə Dağlıq Qarabağ problemi ilə bağlı deyil. Mən ötən il Gürcüstanda oldum və orada da Cənubi Osetiya problemi ilə maraqlandım. Həm Dağlıq Qarabağ, həm Cənubi Osetiya, həm də Krımda baş verənlər beynəlxalq aləmin bütün bu məsələlərə ciddi müdaxiləsini tələb edir” deyə cavablandırdı.

Elgün Rəhimov - AzPRESS 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !