Fərqliliyi anla; Birlik üçün hərəkət et adlı beynəlxalq layihənin açılış mərasimi keçirilib - FOTO

“Fərqliliyi anla; Birlik üçün hərəkət et” adlı beynəlxalq layihənin açılış mərasimi keçirilib FOTO

Avropa İttifaqının Gənclər Fəliyyətdə (Youth İn Action) proqramı çərçivəsində Brüsseldə yerləşən İcraçı Agentliyin dəstəyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə 4-11 may tarixlərində Bakıda “Understand the differences; act on commonalities” (Fərqliliyi anla; Birlik üçün hərəkət et) adlı beynəlxalq layihəyə start verilib.
6 may tarixində Mont İnn Hotelində layihənin açılış mərasimi baş tutub. “İRƏLİ” İctimai Birliyinin baş katibi Azər Abdullayevin moderatorluğu ilə keçirilən görüşdə ilk olaraq “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev iştirakçıları salamlayıb. Birliyin sədri çıxışında bildirib ki, bu gün Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Dövlət tərəfindən gənclərə hər sahədə diqqət və qayğı ayrılır, gənclərin hərtərəfli inkişafı üçün bütün imkanlar yaradılıb.
Daha sonra birliyin sədri “İRƏLİ” tərəfindən gənclərin maraq dairəsinə uyğun hər bir sahədə müxtəlif layihələrin keçirildiyini qeyd edib: “Fəaliyyətimizdə önəm verdiyimiz əsas sahələrdən biri də beynəlxalq əlaqələrin qurulmasıdır. 10-a yaxın beynəlxalq təşkilatlarla əməkdaşlıq memorandumu imzalanıb. Üzvlərimiz mütəmadi olaraq xaricdə keçirilən layihələrdə Azərbaycanı təmsil edirlər, eyni zamanda ölkəmizdə beynəlxalq layihələrin təşkilinə önəm veririk”.
“İRƏLİ”nin Beynəlxalq Əlaqələr üzrə katibi Türkan Vüsətqızı layihənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, layihədə 8 ölkəni təmsil edən (Azərbaycan, Türkiyə, Polşa, Moldova, Ukrayna, Gürcüstan, Estoniya və Xorvatiya) gənclər iştirak edirlər.
Daha sonra layihənin təlimçiləri Henning Jakobsan və Kevin Kinq təlim keçməklə yanaşı, özləri də fərqli mədəniyyətlərin öyrənilməsində maraqlı olduqlarını bildirib və iştirakçılara uğurlar arzu ediblər.
Xatırladaq ki, layihənin keçirilməsində əsas məqsəd mədəni fərqlərin öyrənilməsi, gənclərin bu sahədə daha bilikləndirilməsi, onların eyni məqsəd, birlik üçün çalışmağa həvəsləndirilməsidir. Eyni zamanda layihə Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün əhəmiyyət kəsb edir.
Qeyd edək ki, 11 may tarixinə kimi davam edəcək layihə çərçivəsində iştirakçılar Gül Bayramına qatılacaq və bir sıra gənclər təşkilatları ilə görüşləri baş tutacaq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !