Səs Media Qrupunun rəhbəri ADU tələbələrinə mühazirə oxudu - FOTO

“Səs” Media Qrupunun rəhbəri ADU tələbələrinə mühazirə oxudu FOTO

Aprelin 24-də Azərbaycan Dillər Universitetininn Filologiya və Jurnalistika fakültəsinin Jurnalistika ixtisasında keçirilən açıq dərsdə “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev və şöbə müdiri Ofelya Abbasova qonaq oldular. ADU-nun İctimaiyyətlə əlaqələr Departamentinin dəvəti ilə “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi və ADU-nun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Zeynab Kazımovanın Jurnalistika ixtisasının II kursunda təhsil alan tələbələrinə tədris etdiyi “Azərbaycanda informasiya agentlikləri ” fənni üzrə dərsdə qonaq olan Bəhruz Quliyev “Azərbaycanda özəl informasiya agentliklərinin yaranması, inkişafı, qeydiyyatı və hüquqi statusu” mövzusunda məruzə etdi.
“Səs” Media Qrupunun tərkibinə “Səs” İnformasiya Agentliyinin, (SİA) “Səs” TV və “Səs” qəzetinin daxil olduğunu bildirən media qrupun rəhbəri Bəhruz Quliyev özəl informasiya agentliklərinin inkişafı prosesindən danışdı. O, informasiyanın dövlətin daxili və xarici siyasətində rolu, yeri və əhəmiyyətindən, bu agentliklərin hüquqi statusundan söz açdı. Bəhruz Quliyev “Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu”nun ölkəmizdə informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ayrı-ayrı ünvanlara göndərilməsi, istehsalı və yayımının ümumi qaydalarını, habelə çap mediasının, elektron medianın, informasiya agentliklərinin, televiziya və radio yayımı təşkilatlarının vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönəldilmiş fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən etdiyini vurğuladı. “Səs” Media Qrupunun rəhbəri medianın qarşısında duran əsas vəzifələrdən və informasiya siyasətinin tənzimlənməsindən bəhs etdi. SİA-nın fəaliyyəti ilə bağlı tələbələrə məlumat verən Bəhruz Quliyev agentliyin xəbər tədarükçüsü olduğunu diqqətə çatdırdı. O, “Səs” İnformasiya Agentliyi ilə yanaşı, “Səs” TV-nin fəaliyyətindən də söz açdı.. Bəhruz Quliyev qeyd etdi ki, SİA 2008-ci il iyulun 23-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Agentlik Azərbaycan, ingilis və rus dillərində xəbər xidməti göstərir. Agentliyin Azərbaycanın bütün bölgələrində, o cümlədən Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Moldova və Avropada büroları var. Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklər, beynəlxalq təşkilatların təmsilçilikləri, dövlət strukturları, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, diaspor qurumlarımızla geniş əlaqələri vardır. Agentlikdən başqa onun törəmə qurumu kimi SəsTV internet televiziyası, siasport.az idman portalı, siatravel.az turizm agentliyinin fəaliyyət göstərdiyini bildirdi.
SİA-nın şöbə müdiri Ofelya Abbasova jurnalistlərin etik davranış normaları haqda tələbələrə məlumat verərək, jurnalist ixtisası üzrə pedaqoji təcrübəsindən söhbət açdı.
Sonda qonaqlar tələbələrin çoxsaylı suallarını cavablandırdılar.
Dərsdən sonra “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi və ADU-nun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Zeynab Kazımova qonaqlara tələbələr adından öz təşəkkürünü bildirdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !