Qlazqo Universitetinin nümayəndələri ADU-da -

Qlazqo Universitetinin nümayəndələri ADU-da

Aprelin 24-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Böyük Britaniyanın Qlazqo Universitetinin nümayəndələri professor Vivienne Baumfield və professor Donald Macleod ilə görüşdü. Qonaqları salamlayan rektor Səməd Seyidov Böyük Britaniya universitetləri ilə əlaqələrə toxundu və ADU nümayəndə heyətinin Qlazqo Universitetində keçirdiyi müntəzəm görüşlərini xatırlatdı. Rektor, professor Səməd Seyidov ADU-nun beynəlxalq əlaqələrinin sürətlə inkişaf etdiyini qeyd etdi. Esseks universiteti ilə əlaqələrin mövcudluğuna diqqət çəkərək o, Böyük Britaniya universitetləri ilə əməkdaşlığın getdikcə inkişaf etdiyini vurğuladı. Daha sonra rektor British Council-la ADU-nun əlaqələrindən söz açdı. Beynəlxalq əməkdaşlığın inkişafına universitetin xüsusi önəm verdiyini deyən rektor bu əlaqələrin tələbələr üçün böyük əhəmiyyəti olduğunu dedi. O, ADU-nun bütün fakültələrinin beynəlxalq əməkdaşlıqdan bəhrələndiyini qeyd etdi. Rektor, professor Səməd Seyidov həm Pedaqoji fakültədə, həm də Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində təhsil alan bir qrup tələbənin xaricə oxumağa göndəriləcəyini bildirdi. Rektor, həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Azərbaycan təhsil sisteminin inkişafı üçün gördüyü işləri yüksək dəyərləndirdi. Səməd Seyidov dövlətin bu sahəyə xüsusi qayğısından, Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı sərəncamının bu istiqamətdə mühüm addım olduğunu vurğuladı.
Qonaqlar Azərbaycanda və ADU- da olmaqdan məmnun olduqlarını bildirdilər. Qlazqo Universitetinin professoru Vivienne Baumfiled Qlazqo Universitetinin ADU ilə əlaqələrin inkişafından məmnunluğunu dilə gətirərək, bu əməkdaşlığın davam etməsinin hər iki tərəf üçün əhəmiyyətli olduğundan söz açdı. O, müəllim-tələbə mübadiləsinin bu istiqamətlərdə görülən işlərdə qarşılıqlı əməkdaşlığın inkişafında mühüm rolu olduğunu sözlərinə əlavə etdi. Qlazqo Universitetinin professoru Vivienne Baumfiled Qlazqo Universitetinin distant təhsil vasitəsilə ADU tələbələri üçün müxtəlif seminar və məşğələlərin təşkili imkanlarından danışdı.
Görüşdə, həmçinin əməkdaşlığın inkişaf etdirilməsi, gələcək fəaliyyət istiqamətləri, ADU-Qlazqo Universiteti arasında distant təhsilin inkişafı, birgə dəyirmi masa, seminarların təşkili istiqamətlərində müzakirələr aparıldı.
Sonra TESOl (Teachers of English to Speakers of Other Languages-Digər Dildə danışanlar üçün İngilis dili müəllimi) proqramı və digər ikitərəfli mübadilə imkanlarının müzakirəsi oldu.
Görüşdən sonra Qlazqo Universitetinin nümayəndələri professor Vivienne Baumfield və professor Donald Macleod ADU-nun magistr pilləsində təhsil alan tələbələrinə “Şotlandiyada Universitet Təhsili” mövzusunda mühazirə təqdim etdilər. Bununla yanaşı, Qlazqo Universitetinin nümayəndələri ADU-nun müəllimlərinə “Qlazqo Universitetində müəllim təhsilində cari pedaqoji inkişaf” mövzusunda seminar keçdilər.
Xatırladaq ki, 2013-cü ilin may ayının 6-da Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyaya səfəri çərçivəsində Qlazqo Universitetində olub. ADU ilə Qlazqo Universiteti arasında magistratura pilləsində tələbə mübadiləsi haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, universitetlərarası ikitərəfli əməkdaşlıq çərçivəsində ADU-nun tələbələri təhsillərini bu universitetdə davam etdirmək fürsəti qazanırlar. Bundan başqa, əməkdaşlığa həm də elmi və universitet əməkdaşlarının qarşılıqlı mübadiləsi, birgə konfransların təşkili, kitab və jurnal nəşrləri daxildir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !