Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının yeni binasının açılış mərasimi keçirilmişdir -

Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının yeni binasının açılış mərasimi keçirilmişdir

Aprelin 16-da Lənkəran şəhə­rində Dövlət Gömrük Komitəsi­nin təşəbbüsü ilə tikilmiş Lən­kəran Rayonlararası Narkoloji Xəstəxanasının yeni binası isti­fa­dəyə verilmişdir.

Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, göm­rük xidməti general-leytenantı Əsgər Abdul­layev xatırlatmışdır ki, 2011-ci il oktyabrın 17-18 ta­rix­lərində Bakıda DGK-nın təşkilatçılığı və BMT-nin Narkotik Vasitələr və Cinayətkarlıq İdarəsinin dəstəyilə, həmçinin Ümumdünya Gömrük Təşkilatı ilə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalq konfrans keçirilmişdir. Konfrans çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə “Narkotiklərə yox deyək!” adlı xeyriyyə konserti təşkil edilmiş və konsert zamanı telemarafondan əldə olunan vəsait DGK-nın “Azərterminal­kom­pleks” Birliyinin depozit hesabında toplanmışdır. Toplanılmış vəsait DGK-nın təşəbbüsü ilə, Sə­hiyyə Nazirliyinin müvafiq razılıq məktubu əsa­sında Lənkəran Rayonlararası Narkoloji Xəstə­xa­nasının yenidən qurulmasına yönəldilmişdir.
Qeyd edilmişdir ki, Lənkəran Rayonlararası Nar­koloji Xəstəxanasının tikintisi Dövlət Gömrük Komitəsinin struktur bölməsi olan “Azərterminal­kom­pleks” Birliyinə həvalə olunmuşdur. Qarşıya qoyulan tapşırığın icrası istiqamətində “Azərtermi­nal­kompleks” Birliyi Lənkəran Şəhər Mərkəzi Xəstəxanasının ərazisində ayrılmış 0,14 ha torpaq sahəsində müasir standartlara cavab verən 2 mər­tə­bəli 18 çarpayılıq Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının tikintisini, o cümlədən, avadanlıqla təchiz olunmasını həyata keçirmişdir. Tikinti işləri 2012-ci ilin avqustunda başlamış və 2013-cü ilin iyun ayında başa çatdırılmışdır. Xəs­təxana Lənkəran Şəhər İcra Hakimiyyətinin mü­va­fiq sərəncamına əsasən Dövlət komissiyası tərəfindən istismara qəbul edilmişdir.
Diqqətə çatdırılmışdır ki, Lənkəran Rayonlar­arası Narkoloji Xəstəxanası və yardımçı tikililəri Nazirlər Kabinetinin 15 yanvar 2014-cü il tarixli 6s nömrəli sərəncamına əsasən Dövlət Gömrük Ko­mitəsi “Azərterminalkompleks” Birliyinin ba­lansından Səhiyyə Nazirliyinin balansına əvəzsiz olaraq verilmişdir.
Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bəşəriyyətin ən ağrılı problemlə­rindən sayılan narkomaniya ilə hamılıqla müba­rizəyə qoşulmağın vacibliyini vurğulayaraq, bu işdə hüquq-mühafizə orqanları əməkdaşlarının, səhiyyə və təhsil işçilərinin üzərinə mühüm vəzifələrin düşdüyünü bildirmişdir. E.Ağayev Lənkərandakı Rayonlararası Narkoloji Xəstəxana üçün tikilmiş yeni binada yaradılan şəraitdən razı qaldığını, yeni səhiyyə müəssisəsinin ölkə vətən­daşlarının sağlamlıqlarının daha yüksək səviyyədə qorunması baxımından əvəzsiz olduğunu bildirmiş və müəssisənin tibbi personalına fəaliyyətində uğurlar arzulamışdır.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov son illər ölkəmizdə həyata keçirilən quruculuq işlərindən, eləcə də səhiyyə sistemində qa­zanılan uğurlardan, bu sahənin inkişafı və vətən­daşların sağlamlıqlarının yüksək səviyyədə qorun­ması üçün atılan addımlardan danışmışdır. Yeni­dən qurulan narkoloji xəstəxananın Cənub böl­gəsində sağlam vətəndaş cəmiyyəti quruculuğu pro­sesində mühüm rol oynayacağını bildirən icra başçısı, eləcə də bu səhiyyə müəssisəsinin re­gion­da məlum xəstəliklərin yayılmasının qarşısının alınmasında, narkotik, alkoqolik və toksik maddə aludəçilərinin düzgün müalicə olunmaqla, yenidən sağlam bir fərd kimi cəmiyyətə qaytarılmasında əhəmiyyətli olacağını vurğulamışdır. T.Qaraşov yeni tibb müəssisəsinin tikintisində əməyi olan bütün dövlət qurumlarına və əmək kollektivlərinə rayon sakinləri adından minnətdarlığını bildir­miş­dir.
Mərasim başa çatdıqdan sonra tədbir işti­rak­çıları binada yaradılmış şəraitlə yaxından tanış ol­muşlar.
Qeyd edək ki, Lənkəran Rayonlararası Nar­ko­loji Xəstəxanasında ölkəmizin cənub bölgəsindəki 7 rayon - Lənkəran, Masallı, Astara, Cəlilabad, Le­rik, Yardımlı və Biləsuvar rayonlarından olan nar­ko­tik, alkoqolik və toksik maddə aludəçilərinin müa­licəsi və reablitasiyası aparılacaq. Xəstəxa­na­nın birinci mərtəbəsində həkim və feldşer otaqları ilə yanaşı müayinə və dərman, təsərrüfat otaqları, mətbəx və yeməkxana yerləşir. İkinci mərtəbədə isə stasionar müalicə üçün nəzərdə tutulmuş, ümumilikdə 18 çarpayılıq 5 palata mövcuddur.
Bundan başqa, xəstəxananın həyətində isti­xa­na, mühafizə otağı, yanacaq çəni və transformator məntəqəsi kimi yardımçı tikililər inşa edilib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !