ADU-da Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyi ilə bağlı tədbir keçirildi -

ADU-da Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyi ilə bağlı tədbir keçirildi

Aprelin 18-də Azərbaycan Dillər Universitetinin (ADU) Heydər Əliyev adına muzey-lektoriyada Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyi ilə bağlı tədbir keçirildi. Pedaqogika və Psixologiya kafedralarının təşkilatçılığı ilə keçirilən tədbirdə Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Psixologiya kafedrasının müdiri, dosent Ceyhun Alıyev, müəllimlər və tələbələr iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev Prezident İlham Əliyevin bu ilin fevral ayında Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladığını diqqətə çatdırdı. Ə. Əliyev bildirdi ki, Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 220 illiyi tamam olur. Prorektor Abbasqulu Ağa Bakıxanovun ensiklopedik biliyə və əhatəli dünyagörüşünə malik şəxsiyyət kimi elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irs yaratdığını qeyd etdi.
Ə. Əliyev böyük maarifçinin Azərbaycanda elmi tarixin yaradıcısı olduğunu da sözlərinə əlavə etdi.
Pedaqogika kafedrasının dosenti Oqtay Abbasov çıxışında A. Bakıxanovun pedaqoji görüşləri haqqında danışdı. O. Abbasov mütəfəkkirin Azərbaycanda elmi-pedaqoji fikrin formalaşmasında mühüm xidmətlərinin olduğunu vurğuladı. Onun əsərləri haqqında tələbələrə məlumat verən O. Abbasov A. Bakıxanovun əxlaq barəsində söylədiyi hikmətləri də diqqətə çatdırdı.
Müəllim Azad Həmkarlar İttifaqı Komitəsinin sədri, Psixologiya kafedrasının dosenti Misgər Məmmədov xalqın həyatında əsaslı dəyişikliklərə yol açmış maarifçilik ideyalarının bərqərar olmasında A. Bakıxanovun mühüm xidmətləri olduğundan bəhs etdi. M. Məmmədov böyük maarifçinin əxlaqi dəyərlərə verdiyi qiymətdən və onun psixoloji mahiyyətindən danışdı
Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov isə çıxışında A. Bakıxanovun məktəb və pedaqoji fikir tarixinin formalaşmasında əməyindən danışdı və etik baxışlarından söz açdı. O, qeyd etdi ki, Azərbaycanın tarixi keçmişinin müasir dünya elmi səviyyəsində yeni, sistemli tədqiqi mərhələsi A. Bakıxanovun adı ilə sıx bağlıdır.
Psixologiya kafedrasının müdiri, dosent Ceyhun Alıyev böyük maarifçinin elmi-əxlaqi düşüncələri haqqında məlumat verdi.
Psixologiya kafedrasının müəllimi Könül Haqverdiyeva da A. Bakıxanovun maarifçilik ideyalarından, elmi fikir tarixinin formalaşmasında göstərdiyi xidmətlər barəsində fikirlər söylədi.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 220 illik yubileyinin keçirilməsi ilə bağlı 12 fevral 2014-cü il tarixində imzaladığı Sərəncama uyğun olaraq Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 220 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində keçirildi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !