ADU-da Əli bəy Hüseynzadənin jurnalistik fəaliyyəti mövzusunda seminar keçirildi - FOTO

ADU-da “Əli bəy Hüseynzadənin jurnalistik fəaliyyəti” mövzusunda seminar keçirildi FOTO

Azərbaycan Dillər Universitetində Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əlibəy Hüseynzadənin jurnalistika sahəsindəki fəaliyyətinə həsr olunmuş “Əli bəy Hüseynzadənin jurnalistik fəaliyyəti” mövzusunda seminar keçirildi. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı 21 yanvar 2014-cü il tarixində imzaladığı Sərəncama uyğun olaraq Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində keçirildi.
ADU-nun İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri və Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Zeynab Kazımovanın təşkilatçılığı ilə keçirilən tədbirdə “Şərq qəzeti”nin baş redaktoru, mətbuat tarixi üzrə araşdırmaçı Akif Aşırlı, ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Filologiya və jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, ADU kitabxanasının Qiraət zalının müdiri Gülzar Əfəndiyeva və fakültənin Jurnalistika ixtisasının I və II kurs tələbələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev Azərbaycan Respublikası Prezidentinin Əlibəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsi haqda sərəncamının Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əlibəy Hüseynzadənin irsinin araşdırılması yolunda mühüm addım olduğunu bildirdi. Prorektor Ə.Əliyev dedi ki, onun jurnalist fəaliyyətinin öyrənilməsi bugünkü gündə çox vacib və aktual məsələdir.
ADU-nun İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri və Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Zeynab Kazımova çıxışında Əlibəy Hüseynzadənin həm böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olduğunu dedi. Uzun müddət onun alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi və müəllim kimi fəaliyyəti olduğunu xatırlatdı. Zeynab Kazımova onun jurnalist kimi fəaliyyətinin həm ictimai və publisistik, həm də jurnalistik irsinin jurnalistika ixtisasında təhsil alan tələbələr tərəfindən öyrənməsinin vacibliyini vurğuladı. O, Prezident İlham Əliyevin bu ilin yanvar ayında imzaladığı müvafiq sərəncamının bu mənada çox böyük əhəmiyyətə malik olduğunu, Əlibəy Hüseynzadənin ideyalarının təbliğində böyük rol oynayacağına əmin olduğunu dedi.
“Şərq qəzeti”nin baş redaktoru, mətbuat tarixi üzrə araşdırmacı Akif Aşırlı Əli bəy Hüseynzadənin keçdiyi həyat yolu, onun ictimai-siyasi, o cümlədən jurnalistik fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etdi. “Şərq qəzeti”nin baş redaktoru Akif Aşırlı Azərbaycan mətbuatında Əli bəy Hüseynzadənin xidmətlərindən söz açdı. O, öz mühazirəsində onun İstanbulda, Bakıda, Tiflisdə, Gəncədəki fəaliyyətinə toxundu. Azərbaycanda yeni jurnalist nəslinin formalaşmasında Əli bəy Hüseynzadənin böyük rolu olduğunu tələbələrin diqqətinə çatdıran A. Aşırlı məhz M.Ə.Sabir və Ö.F.Nemanzadə kimi şair və publisistlərin jurnalistikaya gəlməsində Ə.Hüseynzadənin xidmətlərini önə çəkərək türkçü, turançı və maarifçi Ə.Hüseynzadənin XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda güclü jurnalistlər yetişdirdiyini vurğuladı. Milli ideologiyanın formalaşmasında Əli bəy Hüseynzadənin rolunun böyük olduğunu deyən A.Aşırlı üçrəngli bayrağımızda bu ideologiyanın rəmzlərinin-türkləşmək, islamçılıq və müasirlik əks olunduğunu dedi. O, Əli bəy Hüseynzadənin eyni zamanda rəssam kimi də fəaliyyət göstərdiyini, bir sıra portret və mənzərələrin müəllifi olduğunu sözlərinə əlavə etdi. “Şərq qəzeti”nin baş redaktoru Akif Aşırlı Əli bəy Hüseynzadənin Hacı Zeynalabdin Tağıyevin dəstəyi və maliyyəsi ilə “Həyat” qəzetini nəşr etdirdiyi və həmin dövrdə bu qəzet vasitəsilə ermənilərə layiqli cavablar verildiyi haqqında danışdı. O, bu qəzetin 235 sayında Əli bəy Hüseynzadənin 225 məqaləsinin çap olunduğunu və burada milli ideologiyanı təbliğ etdiyini, ermənilərin yalanlarına qarşı tutarlı yazıların yer aldığını dedi. Bunun isə, erməniləri narahat etdiyini və onların qəzetin fəasliyyətini dayandırılması ilə bağlı müxtəlif dairələrə müraciət etdiklərini də vurğuladı. Əli bəy Hüseynzadənin məqalələrindən danışan A.Aşırlı onun “Türklər kimdir və kimlərdən ibarətdir?” məqaləsinin böyük siyasi məna daşıdığını qeyd etdi. Akif Aşırlı Əli bəy Hüseynzadənin daim Qafqazda normal sülhün bərpası üçün çalışdığını tələbələrin diqqətinə çatdırdı. Daha sonra “Füyuzat” jurnalından danışaraq o, cəmi 32 sayı çıxan jurnalın romantik türk ədəbiyyatının, Qərb ədəbiyyatnın inkişafına təkan verdiyini, milli idealogiyanın təbliğində, Azərbaycan jurnalistikasında öz dəst-xətti olduğunu dedi. Əli bəy Hüseynzadənin jurnalistlərin milli idealogiyasının formalaşması, Azərbaycan Xalq Cümhuriyyətinin ideologiyası olan və bu gün üçrəngli bayrağımızda təcəssüm olunan türkləşmək, islamçılıq, müasirlik simvollarının da ideya müəllifinin bu görkəmli şəxsiyyət olduğunu vurğuladı. Ə.Hüseynzadənin dilimizlə bağlı fikirlərindən söz açan natiq onun “Ümumi türk dili konsepsiyası”nın yaradıcısı olduğunu da sözlərinə əlavə etdi.
Çıxış edən Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva, Əli bəy Hüseynzadənin fəlsəfəsinin dərk edilməsinin vacibliyini vurğuladı. Bu işin Əli bəy Hüseynzadənin tədqiqatçılarının üzərinə düşdüyünü dedi. Onun sözlərinə görə, Ə.Hüseynzadənin əsərləri bu gün bir qədər asan dildə gənclərə çatdırılmalıdır.
Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva dilin inkişafında dövrlə bağlı müxtəlif dəyişikliklərin olduğunu deyərək, Əli bəy Hüseynzadənin əsərlərinin dilini anlamaq üçün onun yazı və məqalələrinin tələbələrə tədris olunmasının, Əli bəy Hüseynzadənin təbliğ olunmasının vacibliyini dedi.
Bildirildi ki, türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən, eləcə də çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-elmi, publisistik əsərləri ilə Azərbaycan jurnalistikasında məktəb yaradan böyük şəxsiyyətin irsi davamlı şəkildə gənc nəslə təbliğ olunmalıdır.
Daha sonra seminar müzakirə və sual-cavabla yekunlaşdı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !