ADU-da bədii yaradıcılıq festivalı keçirildi -

ADU-da bədii yaradıcılıq festivalı keçirildi

Aprelin 16-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tələbələrin bədii yaradıcılıq festivalı keçirildi.
Festival Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin ulu öndərin anadan olmasının 91-cı ildönümü münasibətilə və onun xatirəsinə ehtiram əlaməti olaraq ali məktəb tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə 277 nömrəli qərarına əsasən keçirildi.
Festivalda ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Hüseyn Əliyev, universitetin Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, Anar Nağıyev, Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov və rektorun müşaviri Vazeh Əsgərov iştirak edirdilər. Festivalın münsiflər heyətinin üzvləri Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova, İncəsənət gimnaziyasının xoreoqrafiya şöbəsinin müdiri, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, xalq artisti Təranə Muradova, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, xalq şairi Baba Vəziroğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli, Akademik Opera və Balet Teatrının baş rejissoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Hafiz Quliyev və Təhsil alan gənclərin Respublika bədii-yaradıcılıq evinin direktor müavini Kəmalə Həsənova idi.
Festivalda ADU-nun “Dalğa” rəqs qrupu “Şalı-şalı”, “Bahar süitası”, “Yallı” rəqsi ifa etdilər. Pedaqoji fakültənin tələbələri Nərgiz Məmmədova Zəlimxan Yaqubun “Mənim marşalım” şeirini səsləndirdi, Nuray Abbasova “Teardrops”, Fikrət Cavadov və Adnan Süleymanov isə “Hallelujah” mahnılarını söylədilər.
Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri Humay Mahmudova “Gülabatın” xalq mahnısı və Nizami Novruzov isə “Ya Qarabağ, ya ölüm” adlı rep janrında musiqini ifa etdilər.
Filologiya və Jurnalistika fakültəsinin tələbələri Rüfət Həsənzadə Bəxtiyar Vahabzadənin “Vətən marşı”, Əminə Talıbova Baba Vəziroğlunun “Bahar oğlu” şeirlərini söylədi, Məzmurə Zeynallı “Yaşa mənim xalqım”, Azan Aydın və Ömür Kərim İşıq türk mahnısını ifa etdilər.
Festivalda, həmçinin Ümummilli lider Heydər Əliyevin ömür səhifələri əks olunmuş qısametrajlı film təqdim olundu.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !