ADU-da «İnsan alveri və zorakılığa qarşı mübarizə » movzusunda tədbir keçirildi - FOTO

ADU-da «İnsan alveri və zorakılığa qarşı mübarizə » movzusunda tədbir keçirildi FOTO

Aprelin 8-də Azərbaycan Dillər Universitetində (ADU) Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Baş Mübarizə İdarəsinin təşkilatçılığı ilə «İnsan alveri və zorakılığa qarşı mübarizə » movzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, İnsan Alverinə Qarşı Baş Mübarizə İdarəsinin əməkdaşı Fuad Əliyev, "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova və tələbələr iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev insan alverinin dünyada geniş yayılan problemlərdən biri olduğunu və bu bəladan heç kimin sığortalanmadığını bildirdi. Prorektor Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirildiyini dedi.
İnsan Alverinə Qarşı Baş Mübarizə İdarəsinin əməkdaşı Fuad Əliyev isə çıxışında tədbirin keçirilməsində məqsədin bu sahədə ictimaiyyətin məlumatlılığını artırmaqdan və insan alveri, eyni zamanda zorakılıqla mübarizədə ictimai fəal gənclərin gücündən istifadə edilməsindən ibarət olduğundan söz açdı. F. Əliyev insan alveri və onun törətdiyi fəsadlar haqqında geniş məlumat verdi. O, bu sahədə Azərbaycanda bir sıra qanunların qəbul edildiyini və ölkəmizin beynəlxalq konvensiyalara qoşulduğunu tələbələrin diqqətinə çatdırdı. O, bildirdi ki, Azərbaycanda 2004-cü İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilib və bununla bağlı İşçi Qrupu da fəaliyyət göstərir. F. Əliyev İnsan Alverinə Qarşı Baş Mübarizə İdarəsinin “152” saylı “Qaynar xətt”inin də fəaliyyət göstərdiyini qeyd etdi.
F. Əliyev dünyada hər il 21 milyon insanın insan alverindən əziyyət çəkdiyini və bunlardan da 4 milyonunun məcburi əməyin qurbanı olduğunu tələbələrin diqqətinə çatdırdı.
O, İdarənin nəzdində insan alveri qurbanları üçün sığınacaq yaradıldığını və qurbanlara dövlət tərəfindən müavinət verildiyini də sözlərinə əlavə etdi.
Ötən il insan alveri ilə bağlı 238 cinayət faktının qeydə alındığını deyən DİN-in əməkdaşı 56 nəfərin insan alveri qurbanı olduğunu vurğuladı. F. Əliyev qeyd etdi ki, bu qurbanların 41 nəfərini qadınlar, 15 nəfərini isə kişilər təşkil edir.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə çıxışında rəhbərlik etdiyi təşkilatın bu sahədə gördüyü işlərdən danışdı. M. Zeynalova insan alveri qurbanları içərisində qadınların üstünlük təşkil etdiyinə diqqətə çəkdi və tələbələri bu problemlə mübarizədə aktiv olmağa çağırdı.
Tədbir çərçivəsində maarifləndirici bukletlər paylanıldı.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !