ADU-da "Azərbaycan və Çin təsviri incəsənəti: mədəni modellərin sintezi" adlı tədbir keçirildi - FOTO

ADU-da "Azərbaycan və Çin təsviri incəsənəti: mədəni modellərin sintezi" adlı tədbir keçirildi FOTO

Martın 28-də Azərbaycan Dillər Universitetinin (ADU) Çin dili və mədəniyyəti mərkəzində "Azərbaycan və Çin təsviri incəsənəti: mədəni modellərin sintezi" adlı bədii tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov Azərbaycan və Çin arasındaki mədəni əlaqələrin tarixindən danışdı, hər iki ölkənin tanınmış rəssamlarının qarşılıqlı sərgilərinin təşkil olunduğunu bildirdi. O, nümayiş olunan şəkillərdə Shanshui ("Dağlar və Su") janrında çəkilmiş Çin mənzərə rəsmləri və Azərbaycanın müasir milli təsviri incəsənətinin banisi Hüseyn Əliyevin yaradıcılığında əsas yer tutan dağlar, ağaclar, çayların təsviri tematikasını müqayisə edərək hər iki əsərlərdə dərin fəlsəfi düşüncələrin əks olunduğunu söylədi.
Azərbaycanın bədii yaradıcılığı, incəsənəti və mifologiyasında xüsusi yer tutmuş “əjdaha” naxışları ilə işlənmiş XVI-XVIII əsrlərin özünəməxsus Azərbaycan xalçalarının yaranma tarixindən danışan Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan Azərbaycan xalçalarının kompozisiya və koloritli xüsusiyyətlərindən danışdı.
Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi Cəmilə Həsənzadə məruzəsində öz tədqiqatlarının nəticəsi olaraq Çin rəsm əsərlərinin üsullarından geniş istifadə edən Təbriz miniatür məktəbinin görkəmli rəssamlarının yaradıcılığından bəhs etdi.
Tədbirdə çıxış edən “Azərmarka” şirkətinin rəssam-dizayneri Xasay Mirzəyev şirkət tərəfindən istehsal olunan Çin tematikasına həsr olunmuş poçt markalarından danışdı. ADU-nun Regionşünalsıq və Beynalxalq Münasibətlər fakültəsinin Çinsünaslıq ixtisasının müəllimləri və həmin ixtisasda təhsil alan tələbələr Çin rəsm tarixindən və onun əsas janrları və üslubları "Gohua" və "U-sin", o cümlədən məhşur Çin heykəltəraşlıq işləri, Pekində Nizami Gəncəvinin abidəsinin müəllifi - Yuan Sikun haqqında məruzə etdilər. Tədbir çərçivəsində ADU-nun Regionşünaslıq və Beynalxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının tələbəsi Ayan Kərimovanın rəsm işlərindən ibarət sərgi kecirildi.
Sonda Çin dili və mədəniyyət mərkəzinin direktoru, dosent Rafiq Abbasov ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanmış “İlham Əliyev - qədim xalqlar dostluğunun müasir davamçısı” adlı kitabı qonaqlara hədiyyə etdi. Tədbirdə Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfirliyinin müşaviri Li Yunxuey və Azərbaycanın ali məktəblərində təhsil alan Çin tələbələri iştirak edirdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !