Braziliyanın Azərbaycandakı səfiri ADU-da -

Braziliyanın Azərbaycandakı səfiri ADU-da

Martın 19-da Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Santiaqo Alcazarı qəbul etdi. Qonağı salamlayan rektor Səməd Seyidov onu Azərbaycan Dillər Universitetində görməkdən məmnun olduğunu bildirdi. Universitetin tarixindən danışan professor rektor Səməd Seyidov ADU-da 6000 tələbənin təhsil aldığını, 20-dən çox dilin tədris olunduğunu və müxtəlif dil mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Ali təhsil ocağının rəhbəri Azərbaycanda hələ 20-ci əsrin əvvəllərindən ispan dilinə böyük maraq olduğunu dedi. Rektor Səməd Seyidov ADU-nun Latın Amerikası ölkələrinin universitetləri ilə əlaqələrinin genişləndiyini vurğuladı və ispandilli ölkələlərlə ADU-nun əlaqələrinə diqqət çəkdi.
Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Santiaqo Alcazar səmimi qəbula görə təşəkkür etdi. O, gələcək əməkdaşlıq üçün ilk addımın atılmasının əhəmiyyətini vurğuladı. Səfir Santiaqo Alcazar ADU-da Portuqal dilinin tədrisi, həmçinin Braziliya mərkəzinin açılmasında, eyni zamanda birgə qarşılıqlı layihələrin həyata keçirilməsi üçün ADU ilə əməkdaşlıqda maraqlı olduğunu dedi. Səfir universitetlərarası əlaqələrin qurulması və genişləndirilməsinin ölkələrarası əlaqələrə təkan verəcəyinə ümidvar olduğunu bildirdi.
Görüşdə, o cümlədən gələcək əməkdaşlıq perspektivləri, universitetlərarası əlaqələrin genişləndirilməsi, müəllim-tələbə mübadiləsi və gələcəkdə Braziliya universitetlərində Azərbaycan dilinin tədrisi ilə bağlı fikir mübadiləsi aparıldı.
Görüşdən sonra səfir ADU-nun İnformasiya Resurs Kompleksi, müxtəlif ölkələrin dil mərkəzləri ilə tanış oldu.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !